Bakı hava limanının tarixində bu ilin avqustunda ən yüksək sərnişin axını qeydə alıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı hava limanının tarixində bu ilin avqustunda ən yüksək sərnişin axını qeydə alıb

Qafar Ağayev12:10 - 03 / 09 / 2024
Bakı hava limanının tarixində bu ilin avqustunda ən yüksək sərnişin axını qeydə alıb

Heydər Əliyev Beynəlxalq Aeroportunda 2024-cü ilin ilk 8 ayında sərnişin axınında əhəmiyyətli artım müşahidə olunub.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Yanvar-avqust aylarında 5,038 milyondan çox sərnişinə xidmət göstərilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,2% çoxdur. Ötən ilin 8 ayında xidmət göstərilən sərnişinlərin sayı 3,781 milyon nəfər təşkil edib.

2024-cü ilin avqustu hava limanının tarixində ən intensiv ay olub. Bu ay ərzində sərnişin axını 827 min nəfəri keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23% artım deməkdir. Orta hesabla, avqust ayında gündəlik təxminən 26 700 sərnişinə xidmət göstərilib.

Qeyd edək ki, bu artım Bakı aeroportunun infrastrukturunun genişləndirilməsi və sərnişinlərə daha çox reys və istiqamətlərin təklif olunmasının nəticəsidir. Heydər Əliyev Beynəlxalq Aeroportu regionun əsas hava qovşağı olaraq yüksək səviyyəli xidmətin və sərnişinlər üçün rahatlığın təmin edilməsi istiqamətində işlərini davam etdirir.

Paylaş:
209

Son xəbərlər

Bütün xəbərlər