Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdır
“COP29-un fəaliyyət gündəliyində yer alan əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılmasıdır”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Karbon qiymətqoyma üzrə Beynəlxalq Forumda deyib.
O, bildirib ki, iqlim maliyyəsində mövcud olan boşluqların aradan qaldırılmasında bu Fond mühüm rol oynaya bilər.
“Fondun kapitalının əsasən qalıq yanacaq istehsal edən ölkələr, eləcə də neft, qaz və kömür hasilatı ilə məşğul olan şirkətlər tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Fondun əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə, eləcə də kiçik ada ölkələrində iqlim fəaliyyətinə investisiya yatırmaqla yanaşı, qalıq yanacaq ehtiyatlarına malik ölkələrin və bu sektorda fəaliyyət göstərən müəssisələrin yaşıl keçidə olan töhfələrini artırmaqdır” .
“Fondun fəaliyyətə başlaması üçün ilkin olaraq 1 milyard ABŞ dolları məbləğində kapital toplanması və ən azı 10 donor ölkənin fonda qoşulması planlaşdırılır ki, fikrimizcə, COP29 çərçivəsində bu məsələ əsas müzakirə mövzularından biri olacaq” - deyə M. Cabbarov əlavə edib.