Fransada etirazlar siyasi böhranı dərinləşdirir: Makron naziri istefaya qoymadı, fövqəladə vəziyyət gündəmdədir

Fransada həyat bahalılığına qarşı etirazlar zorakılıq və qarət hadisələri ilə müşayiət olunur, ölkədə siyasi gərginlik isə getdikcə artır.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Prezident Emmanuel Makron daxili işlər naziri Loran Nünesin istefasını qəbul etməyib, Baş nazir Sebastyan Lekornü isə zərurət yaranacağı təqdirdə fövqəladə vəziyyət elan edilə biləcəyini bildirib.
Prezident seçkilərinə altı ay qalmış Fransada tələbələrin başladığı etirazlar həyat bahalılığına qarşı narazılıqların da artması ilə genişlənib. Oktyabrın 17-də keçirilən aksiyalar zamanı baş verən qarət və zorakılıq hadisələri ölkədə siyasi böhranın dərinləşməsinə səbəb olub.
500 mindən çox insanın iştirak etdiyi nümayişlərin nəzarətdən çıxmasından sonra daxili işlər naziri Loran Nünes Prezident Emmanuel Makrona istefa ərizəsini təqdim edib. O, qərarını baş verən hadisələrə görə məsuliyyət hiss etməsi ilə əsaslandırıb. Lakin Makron istefanı qəbul etməyib və nazirə etirazçılara qarşı yeni tədbirlər görməyi tapşırıb.
Baş nazir Sebastyan Lekornü yaranmış vəziyyəti müzakirə etmək üçün Parisdə hökumət üzvləri ilə böhran toplantısı keçirib. O, zərurət yaranacağı təqdirdə ölkədə fövqəladə vəziyyət elan edilə biləcəyini bildirib.
Baş nazirin ofisindən verilən məlumata görə, Parisin bəzi ərazilərində, eləcə də Nitsa, Lion və Lill şəhərlərində bir günlük komendant saatı tətbiq olunub. Fransanın şimalındakı dörd qəsəbədə də analoji qərar qəbul edilib.
Hökumət ifrat solu ittiham edir
Lekornü ölkədəki gərginliyin arxasında ifrat solçu qüvvələrin dayandığını iddia edib. Onun sözlərinə görə, həmin qüvvələr prezident seçkilərinədək Fransada ciddi qarışıqlıq yaratmağa çalışırlar.
“Boyun Əyməyən Fransa” partiyasının lideri Jan-Lük Melanşon isə belə bir plandan xəbərdar olmadığını bildirib. O, baş nazirdən iddialarını sübut etməyi, əks halda üzr istəməyi tələb edib.
Baş nazirin siyasi partiyaların liderləri ilə görüş keçirməyi planlaşdırdığı da bildirilir. Bununla belə, ifrat sağçı Milli Birlik Partiyasının lideri Jordan Bardella özünün və partiyanın prezidentliyə namizədi Marin Le Penin həmin görüşdə iştirak etməyəcəyini açıqlayıb.
Bardella Prezident Emmanuel Makronu istefaya çağırıb, Jan-Lük Melanşonu isə ölkədə vətəndaş müharibəsi yaratmağa çalışmaqda ittiham edib. O, həmçinin ifrat solçu qrupların Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilməsini tələb edib.
Avropa İttifaqından verilən açıqlamada isə dinc nümayişçilərlə zorakılıq aktlarında iştirak edən şəxslərin bir-birindən fərqləndirilməsinin vacibliyi vurğulanıb.
“Sarı jiletlilər” yenidən küçələrə çıxmağa çağırır
Fransada etirazların yaxın günlərdə də davam edəcəyi gözlənilir. “Sarı jiletlilər” hərəkatı ötən şənbə günü keçirilən aksiyalardan sonra bu həftəsonu da ölkə üzrə nümayişlərə çağırış edib.
Hərəkatın internet saytının redaktoru Bencamin Ball yeni etiraz dalğasına böyük maraq olduğunu bildirib. Marsel şəhərində isə həftəsonu baş verən zorakılıq hadisələri nəticəsində 1 500 mağazanın zərər gördüyü qeyd olunur.
Məlumata görə, hadisələr zamanı indiyədək 1 000-dən çox insan yaralanıb, 6 800-dən artıq şəxs saxlanılıb.
İtaliyada da həyat bahalılığına qarşı etirazlar başlayıb
Fransadakı hadisələr fonunda İtaliyada da həyat bahalılığına qarşı etirazlar başlayıb. Həftəsonu Milan şəhərində baş verən zorakılıq hadisələri ilə əlaqədar 200-dən çox şəxs saxlanılıb.
İtaliya mətbuatının məlumatına görə, saxlanılanların 80 faizi 18 yaşdan kiçik şəxslərdir. Etirazların Turin və Bolonya kimi şimal şəhərlərinə də yayılmasından sonra Baş nazir Corcia Meloni təhlükəsizlik rəsmilərini təcili toplantıya çağırıb.
Meloni açıqlamasında etiraz etmək hüququnun olduğunu, lakin şəhərlərin dağıdılmasının yolverilməzliyini vurğulayıb.
Etiraz dalğası Avropanın digər ölkələrində də müşahidə olunur. Aylardır korrupsiya və təhsil sistemi ilə bağlı narazılıqlara görə aksiyaların keçirildiyi Albaniya ilə yanaşı, Portuqaliya və Belçikada da nümayişlər baş tutub.











