Asiya Futbol Konfederasiyası İnfantinonun FİFA prezidenti vəzifəsinə yeni müddətə namizədliyini dəstəkləyib

Asiya Futbol Konfederasiyası (AFK) FİFA prezidenti seçkilərində dördüncü müddətə namizədliyini irəli sürməyə hazırlaşan Canni İnfantinonu dəstəkləyib.
1news.az xəbər verir ki, bu barədə AFK prezidenti Şeyx Salman bin İbrahim Əl Xəlifə təşkilatın Tokioda keçirilən növbədənkənar konqresində bəyan edib.
Dəstəyini açıqlayan Şeyx Salman konqres iştirakçılarının qarşısında İnfantino ilə qucaqlaşıb.
“Biz FİFA prezidenti vəzifəsində yeni mandat almaq istəyinizdə sizə və rəhbərliyinizə dəstəyimizi, eləcə də tam bağlılığımızı təsdiqləyirik”, -deyə Şeyx Salman bildirib.
O əlavə edib ki:
“Siz Asiyanın bir çox ölkəsinə səfər etmisiniz. Mən bu qitədə konfederasiyanın bir çox üzvü ilə danışmışam. Sizin hisslərinizi bilirəm və hesab edirəm ki, sizin də bağlılığınız açıq şəkildə görünür”.
AFK 47 üzvü birləşdirir. Konfederasiya rəhbərinin mövqeyi ilə onların hamısı razılaşmasa belə, bu səslər İnfantinonun dünya futbolunun ali idarəedici orqanına rəhbərlik etmək üçün yeni mandat qazanmasında həlledici rol oynaya bilər.
Şeyx Salman İnfantinoya müraciətində AFK üzvlərinin hamısının deyil, əksəriyyətinin ona dəstək verəcəyini bildirib.
“Əminəm ki, mənim fikrim üzvlərimin əksəriyyətinin mövqeyi ilə üst-üstə düşür. Mən bunu sizə demişəm”, -deyə o vurğulayıb.
FİFA prezidentinin seçkiləri mart ayında keçiriləcək. İnfantinoya rəqib olmaq istəyən şəxslər üçün müraciətlərin son təqdimetmə tarixi noyabrın 18-dir. Hələlik heç bir namizədlik müraciəti daxil olmayıb.
Dəstək bəyanatı Şeyx Salmanın əvvəlki mövqeyindən kəskin dönüş kimi qiymətləndirilir. Daha əvvəl AFK Avropa, Şimali və Mərkəzi Amerika futbolunun rəhbər qurumları ilə birlikdə İnfantinonun “etimada fundamental zərbə” vurduğunu bəyan etmişdi.
İnfantino ləğv edilmiş və dəyəri 4,2 milyard dollar olan dünya çempionatının keçirilməsi planının hazırlanması zamanı yol verilmiş “səhvlərə” görə Sürixdə rəhbərlik etdiyi və 37 üzvdən ibarət olan FİFA Şurası qarşısında üzr istəyib.
Çıxışı zamanı Şeyx Salman İnfantino ilə aralarında fikir ayrılıqlarının olduğunu etiraf etsə də, təfərrüatlara varmayıb.
“Canni, bir məsələni aydınlaşdırmaq istəyirəm: bəli, keçmişdə müzakirə etdiyimiz məsələlər olub. Amma gəlin bu iki məsələni bir-biri ilə əlaqələndirməyək. Düşünürəm ki, son günlər Sürixdə görüşəndə siz aramızda həqiqi anlaşmanın olduğunu göstərdiniz”, - deyə o bildirib.
“Əminəm ki, keçmiş tariximizin bir hissəsidir. İnanıram ki, hamımız bundan mühüm dərslər çıxarmışıq. İndi əsas məsələ birlikdə necə irəliləyəcəyimizdir. Düşünürəm ki, hər kəsin sualları var və əminəm ki, cavablar həm Asiyada bizə, həm də dünyanın qalan hissəsinə təqdim olunacaq”, - deyə AFK prezidenti əlavə edib.











