Xəzərin sahilboyu ərazilərində vahid siyasət Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib | 1news.az | Xəbərlər
Rəsmi

Xəzərin sahilboyu ərazilərində vahid siyasət Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib

1news Lab14:43 - Bu gün
Xəzərin sahilboyu ərazilərində vahid siyasət Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2026-cı il tarixli Fərmanı ilə Xəzər dənizinin sahilboyu ərazilərində idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, habelə torpaqlardan istifadə və onların mühafizəsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi funksiyaları Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.

Sənədlə həmçinin "Rəqəmsal sahil idarəetməsi" informasiya sisteminin yaradılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 1news.az-a verilən məlumata görə, Fərmana əsasən Xəzər dənizinin Azərbaycan Respublikasına aid sahilboyu ərazisinin xüsusi hüquqi statusunun, zonalaşdırılmasının və hüquqi rejiminin müəyyən edilməsinə dair təkliflərin hazırlanması tapşırılıb. Eyni zamanda, torpaqlardan istifadə və onların mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi barədə tapşırıqlar verilib, qanunsuz istifadə və zəbt hallarının qarşısının alınması üçün hüquqi mexanizmlərin işlənilməsi nəzərdə tutulub.

Yeni yaradılacaq "Rəqəmsal sahil idarəetməsi" informasiya sistemində sahilboyu ərazilərdəki torpaq, tikili, infrastruktur və digər obyektlərin əks olunduğu coğrafi informasiya sistemləri (CİS) əsaslı aktual xəritələr və məlumatlar saxlanılacaq. Digər dövlət informasiya sistemləri ilə inteqrasiya olunacaq bu sistem koordinasiyalı fəaliyyətin təşkili ilə bağlı zəruri inzibati icraat prosedurlarını və əhaliyə göstəriləcək xidmətləri rəqəmsal platforma üzərindən həyata keçirməyə imkan yaradacaq. Əhaliyə, o cümlədən sahibkarlara xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkili planlaşdırılır ki, bu da torpaq istifadəçiliyi məsələlərinin daha çevik və distant şəkildə həll edilməsini, inzibati prosedurların sadələşdirilməsini təmin edəcək.

Sənədin əhatə dairəsinə adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan ərazilər, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan ərazilər, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər daxil deyil. Sahilboyu ərazilərin hüquqi statusunun müəyyənləşdirilməsi, zonalaşdırmanın aparılması, ətraf mühitin mühafizəsi, iqtisadi fəaliyyət sahələrinin inkişafı, turizm və rekreasiya imkanlarının genişləndirilməsi istiqamətində vahid yanaşma beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiq ediləcək.

Dövlət başçısının Fərmanı Xəzər dənizinin sahilboyu ərazilərində urbanizasiya proseslərinin artması, antropogen təsirlər nəticəsində ekoloji vəziyyətin pisləşməsi və Xəzər dənizinin geri çəkilməsi fonunda dövlət idarəetməsinin və ərazi planlaşdırılması məsələlərinin müasir çağırışlara uyğun təşkili zərurətindən irəli gəlib. Yeni yanaşma sahilboyu ərazilərdə davamlı inkişafın, ekoloji sabitliyin və tarazlığın təmin olunmasına, rəqəmsal idarəetmə modellərinin tətbiqinə, torpaqların effektiv idarə edilməsinə, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti mexanizmlərinin gücləndirilməsinə, eləcə də bu sahədə monitorinq, hesabatlılıq və şəffaflığın təkmilləşdirilməsinə yönəlib.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər