Ceyhun Bayramov: Azərbaycan-Almaniya münasibətləri qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanır | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: Azərbaycan-Almaniya münasibətləri qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanır

Qafar Ağayev11:20 - Bu gün
Ceyhun Bayramov: Azərbaycan-Almaniya münasibətləri qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanır

“Azərbaycan-Almaniya münasibətləri qarşılıqlı hörmət, beynəlxalq hüquq normaları və dövlətlərin maraqlarının nəzərə alınması prinsipləri əsasında inkişaf edir”.

1news.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyində Almaniya Xarici işlər naziri ilə keçirilən keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, iki ölkə arasında ali və yüksək səviyyəli təmasların davam etdirilməsi münasibətlərin inkişafı baxımından müsbət haldır.

“Biz Azərbaycan-Almaniya münasibətlərinin bütün aspektləri üzrə geniş fikir mübadiləsi aparmışıq. Buraya iqtisadiyyat, ticarət və dostluq münasibətləri daxildir. Hesab edirik ki, münasibətlərimiz hər zaman qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və dövlətlərin maraqlarının nəzərə alınmasına əsaslanmalıdır. Bu kontekstdə mövcud dövrdə iki ölkə arasında ali və yüksək səviyyəli təmasların davam etdirilməsi, şübhəsiz ki, müsbət haldır”.

Ceyhun Bayramov son dövrlərdə iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayıb.

“Bildiyiniz kimi, 2025-ci ildə Almaniya Prezidenti ölkəmizə səfər etmişdi. 2026-cı ilin fevral ayında isə cənab Prezidentin Almaniyaya rəsmi səfəri baş tutub. Səfər çərçivəsində Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin strateji gündəliyinə dair Birgə Bəyannamə qəbul edilib. Mən almaniyalı həmkarımla müntəzəm olaraq təmaslar qururam, beynəlxalq platformalar çərçivəsində görüşlərimiz və telefon danışıqlarımız olub. Bu gün də həm təkbətək, həm də geniş tərkibdə keçirilən görüşlərdə ikitərəfli münasibətləri, Azərbaycan-Avropa İttifaqı əlaqələrini, Cənubi Qafqazdakı vəziyyəti və beynəlxalq münasibətlər sistemində baş verən prosesləri müzakirə etmək imkanımız olub”.

Nazir xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin də müntəzəm keçirildiyini diqqətə çatdırıb.

“İki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mütəmadi olaraq həyata keçirilir. Bu ilin sonuna doğru Bakıda nazir müavinləri səviyyəsində həmin məsləhətləşmələrin növbəti raundu keçirilib. Parlamentlərarası əlaqələr də xüsusi əhəmiyyət kəsb edir. Məmnunluqla qeyd etmək istərdim ki, Almaniya parlamentinin üzvləri, o cümlədən dostluq qrupunun nümayəndələri ölkəmizdə səfərdə olan nümayəndə heyətinin tərkibində yer alıblar. Onlar azərbaycanlı həmkarları ilə faydalı fikir mübadiləsi aparmaq imkanı əldə ediblər”.

Ceyhun Bayramov Azərbaycanla Almaniya arasında müqavilə-hüquq bazasının geniş olduğunu da bildirib.

“Bu günədək ölkələrimiz arasında 80 müxtəlif sənəd, saziş və razılaşma imzalanıb və hazırda qüvvədədir. Yeni sənədlər üzrə də işlər davam etdirilir”.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər