“Azərbaycan Almaniya ilə birbaşa uçuşların artırılmasında maraqlıdır” | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan Almaniya ilə birbaşa uçuşların artırılmasında maraqlıdır”

Qafar Ağayev11:38 - Bu gün
“Azərbaycan Almaniya ilə birbaşa uçuşların artırılmasında maraqlıdır”

“Azərbaycan Almaniya ilə müntəzəm uçuşların sayının artırılmasında maraqlıdır”. 

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadefulla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

“Bununla yanaşı, iki ölkə arasında enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub”.

Nazir bildirib ki, görüşdə Orta Dəhlizin inkişafında Azərbaycanın rolu, Ələt iqtisadi zonasının təqdim etdiyi imkanlar ətrafında da fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov qeyd edib ki, 2026-cı ildən etibarən Azərbaycandan Almaniyaya qaz tədarükünə başlanılıb. Bununla da Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb.

O, həmçinin "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi, o cümlədən Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik kabeli ilə bağlı müzakirələrin aparıldığını vurğulayıb:

"Almaniya bu məsələni əlverişli və faydalı hesab edir. Almaniya Orta Dəhlizin inkişaf etdirilməsi məsələsində də maraqlıdır".

Xarici işlər naziri iki ölkə arasında turizm əlaqələrinin genişlənməsinə də toxunub. Onun sözlərinə görə, ötən il Almaniyadan Azərbaycana 24 mindən çox turist gəlib, bu ilin ilk 10 ayında isə onların sayı 25 mini ötüb.

"Müntəzəm uçuşların intensivliyinin artırılmasında Azərbaycanın marağı ifadə edilib. Həmkarıma bu uçuşların sayının artırılmasında maraqlı olduğumuzu bildirdik", - deyə Ceyhun Bayramov əlavə edib.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər