Almaniya XİN başçısı: Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında mühüm tərəfdaşdır

“Cənubi Qafqaz regionu böyük imkanlar və perspektivlər vəd edir, Azərbaycanın isə bu regionda aparıcı rolu var”.
1news.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
Almaniyalı nazir bildirib ki, ölkəsi Azərbaycanla sıx münasibətlərin qurulmasında maraqlıdır.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi fonunda Avropada yaranmış iqtisadi vəziyyət yeni imkanların axtarışını və etibarlı tərəfdaşlarla əməkdaşlığın şaxələndirilməsini zəruri edir.
"Rusiyanın Ukraynaya təcavüzü dövründə Avropadakı iqtisadi vəziyyətlə əlaqədar yeni imkanlar axtarırıq ki, diversifikasiya üçün etibarlı tərəfdaşlar tapaq. Bu etibarlı tərəfdaşlardan biri də Azərbaycandır", - deyə Yohann Vadeful vurğulayıb.
O qeyd edib ki, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin təmin edilməsində Almaniya və Avropa üçün mühüm tərəfdaşdır.











