Almaniyalı nazir: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanaraq qüvvəyə minməsini çox istəyərdim

Almaniya Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar görür və regionda sülh prosesini dəstəkləyir.
1news.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Avropa İttifaqı ölkələri də Cənubi Qafqaz regionu ilə intensiv əməkdaşlıqda maraqlıdır. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləməsi fonunda yeni nəqliyyat dəhlizlərinin yaranması əlavə imkanlar açır.
"Azərbaycan və Ermənistan Vaşinqtonda yaranmış bu tarixi fürsətdən istifadə ediblər. Mən, nəhayət, sülh müqaviləsinin imzalanaraq qüvvəyə minməsini çox istəyərdim", - deyə Yohann Vadeful vurğulayıb.
O qeyd edib ki, Cənubi Qafqaz regionu ilə əməkdaşlığın inkişafı Avropa İttifaqı üçün də mühüm əhəmiyyət daşıyır.











