Ceyhun Bayramov: Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri indi də hər zamankı kimi möhkəmdir | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri indi də hər zamankı kimi möhkəmdir

Qafar Ağayev12:11 - Bu gün
Ceyhun Bayramov: Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri indi də hər zamankı kimi möhkəmdir

“Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri sarsılmazdır və gələcəkdə daha da möhkəmlənəcək”.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki dost və qardaş xalqın tarixi yaxınlığına, qarşılıqlı etimada və müttəfiqliyə əsaslanır.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər dövlətlərarası əlaqələrin ən yüksək səviyyəsinin və bənzərsiz yaxınlığın nümunəsidir.
“ Bu müttəfiqlik münasibətləri rəsmi olaraq Şuşa Bəyannaməsi ilə təsbit olunub”.

Ceyhun Bayramov qeyd edib ki, hər bir cəmiyyətin öz inkişaf trayektoriyası və daxili prosesləri var.
“ Bu baxımdan, hətta dost və qardaş ölkələrdə belə, digər dövlətdə baş verən hadisələrlə bağlı fərqli fikirlərin səsləndirilməsi mümkündür. Azərbaycanın bununla bağlı yanaşması və mövqeyi çox aydındır, açıqdır. Hesab edirik ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri indi də hər zamankı kimi möhkəmdir. Bundan sonra daha da möhkəm olacaq”, – deyə nazir vurğulayıb.

XİN rəhbəri Azərbaycan-Türkiyə birliyinin əyani göstəricisi kimi iki ölkə liderlərinin birgə iştirak etdiyi tədbirləri də xatırladıb. 
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 8-də Azərbaycana səfər edərək Zəfər Günü ilə bağlı tədbirlərdə Prezident İlham Əliyevlə birlikdə iştirakının mühüm əhəmiyyət daşıdığını bildirib.

Ceyhun Bayramovun sözlərinə görə, bu səfər və iki liderin birgə iştirakı Azərbaycan və Türkiyənin həm xalqlarına, həm də beynəlxalq ictimaiyyətə ünvanladığı birlik və həmrəylik mesajı olub.

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər