Təhsil müəssisələrinin istilik təminatı ilə bağlı görülən işlər açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil müəssisələrinin istilik təminatı ilə bağlı görülən işlər açıqlanıb

1news Redaksiyası12:16 - Bu gün
Təhsil müəssisələrinin istilik təminatı ilə bağlı görülən işlər açıqlanıb

Noyabrın 15-dən etibarən ölkə üzrə istilik mövsümünə başlanılması ilə əlaqədar təhsil müəssisələrinin hazırlığı istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

MÜTDA-dan 1news.az-a bildirilib ki, hazırlıq işləri çərçivəsində təhsil müəssisələrinin istilik sistemlərinin mövcud vəziyyəti araşdırılıb, müvafiq qurumlarla birgə qazanxana və istilik sistemlərinin texniki sazlığı yoxlanılıb.

Aşkar edilən və yarana biləcək nasazlıqların aradan qaldırılması üçün zəruri addımlar atılıb. Hazırda 214 məktəb və 151 məktəbəqədər təhsil müəssisəsinin istilik təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Odun yanacağından istifadə edən bütün təhsil müəssisələri pellet yanacağına keçirilib. Ümumilikdə 1438 müəssisə üçün 9209 pellet sobası təchiz olunub.

Bununla yanaşı, 176 təhsil müəssisəsində qazlaşdırma işlərinə başlanılıb. Onlardan 144-də işlər tamamlanıb, 32-də isə davam etdirilir. Qazlaşdırma prosesi yekunlaşmayan həmin 32 müəssisədə alternativ istilik avadanlıqları vasitəsilə istilik təmin edilir.

Bildirilib ki, cari ildə 743 təhsil müəssisəsində istilik sisteminin təmiri həyata keçirilib.

İstilik mövsümü ərzində yarana biləcək texniki problemlərin operativ həlli və mövcud istilik sistemlərindəki nasazlıqların aradan qaldırılması məqsədilə regionlarda aidiyyəti qurumlarla birgə xüsusi qruplar yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlil edilir və onların qısa müddətdə həlli üçün müvafiq tədbirlər görülür.

Təhsil müəssisələrində istilik təminatının dayanıqlı təşkili, mövcud çatışmazlıqların aradan qaldırılması və mövsüm ərzində yarana biləcək problemlərə vaxtında müdaxilə edilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

Paylaş:
39

Son xəbərlər

Bütün xəbərlər