İtaliyada 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişi qadağan edilə bilər

İtaliyada 13 yaşdan kiçik uşaqların sosial media platformalarında hesab açmasını qadağan edən qanun layihəsinin noyabrın sonunadək qəbul edilməsi gözlənilir.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Baş nazir Corcia Meloninin rəhbərlik etdiyi hakim "İtaliya Qardaşları" (FdI) Partiyası bununla bağlı qanun layihəsi hazırlayıb.
Təklifə əsasən, 13 yaşdan kiçik uşaqların sosial media platformalarında qeydiyyatdan keçməsi tamamilə qadağan ediləcək. 13-16 yaş aralığında olan yeniyetmələr isə yalnız valideynlərinin profilinə bağlı hesab vasitəsilə sosial şəbəkələrdən istifadə edə biləcəklər. 16 yaşdan yuxarı şəxslər müstəqil sosial media hesabı yarada biləcəklər.
Hazırda parlamentdə müzakirə olunan təhlükəsizlik fərmanına uşaqların müdafiəsi ilə bağlı müddəa kimi əlavə edilməsi nəzərdə tutulan təklifin ayın sonunadək səsverməyə çıxarılaraq qanuniləşdirilməsi gözlənilir.
Hakim koalisiyanın kiçik tərəfdaşlarından olan Liqa Partiyasının nümayəndəsi, təhsil naziri Cüzeppe Valditara da təşəbbüsü dəstəkləyib.
"13 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edən tənzimləmə qəbul edilərsə, buna sevinərəm. Bu, hər zaman mübarizə apardığım məsələ olub", - deyə nazir bildirib.
Qeyd edək ki, sosial media şirkətləri uşaqlarda psixi sağlamlıq problemlərinin yaranmasında bu platformaların roluna dair dünyada artan narahatlıqlar fonunda alqoritmlərini dəyişdirmək istiqamətində təzyiqlərlə üzləşirlər.











