Azərbaycan Xəzərin sahilboyu ərazilərinin kompleks inkişafı üçün beynəlxalq təcrübədən yararlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Xəzərin sahilboyu ərazilərinin kompleks inkişafı üçün beynəlxalq təcrübədən yararlanacaq

Azərbaycan Xəzərin sahilboyu ərazilərinin kompleks inkişafı üçün beynəlxalq təcrübədən yararlanacaq

“Sahilboyu ərazilərin idarə olunması və nəzarət sahəsində dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi ən mühüm məsələlərdən biridir”.

1news.az-ın müxbirinin verdiyi məlumata görə, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbibov Azərbaycan Respublikasının Prezidentinin Xəzər dənizinin Azərbaycan sektorunda sahilboyu ərazilərdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi tədbirləri haqqında Fərmanında əksini tapan məsələlərə dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, idarəetmə sistemi əvvəl də mövcud olub. Lakin dövlət idarəçiliyinin səmərəliliyi və keyfiyyəti daim nəzarətdə saxlanılmalı, fasiləsiz şəkildə təkmilləşdirilməlidir.

Bu baxımdan qəbul edilmiş fərmanın əhəmiyyəti olduqca böyükdür. Eyni zamanda, onun icrasının lazımi qaydada təşkil edilməsi də mühüm əhəmiyyət daşıyır.

“Artıq qeyd edildiyi kimi, torpaqlardan istifadə və onların mühafizəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi, eləcə də əlaqələndirici orqanın funksiyalarının icrası Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunub”.

Onun sözlərinə görə, bu funksiya əvvəllər də qanunvericilikdə nəzərdə tutulub. Lakin sahilboyu ərazilərin xüsusi əhəmiyyətini nəzərə alaraq, onların idarə olunmasında kompleks yanaşmanın tətbiqinə ehtiyac yaranıb.

Beynəlxalq təcrübə göstərir ki, sahilboyu ərazilərin idarə olunması ayrıca qanunvericilik aktları və xüsusi strategiyalar əsasında tənzimlənir, eyni zamanda dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

“Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman da məhz bu məqsədlərə xidmət edir. Sahilboyu ərazilərin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirilir. Burada bir neçə aspekt – ekoloji, sosial və iqtisadi amillər nəzərə alınmalıdır. Söhbət, xüsusilə mövcud resursların iqtisadi dövriyyəyə səmərəli cəlb edilməsindən və davamlı inkişafın təmin olunmasından gedir.

Bununla yanaşı, sahilboyu ərazilərin planlı şəkildə inkişaf etdirilməsi müstəsna əhəmiyyət daşıyır”.

İ.Həbibov qeyd edib ki, beynəlxalq təcrübəyə nəzər saldıqda okeanlar, dənizlər və digər su hövzələri boyunca yerləşən ərazilərin idarə olunmasının kompleks yanaşma əsasında həyata keçirildiyini görmək mümkündür.

Bu yanaşma yalnız su səthinin və su obyektlərinin mühafizəsini deyil, həm də onlara bitişik sahilboyu ərazilərin səmərəli idarə olunmasını nəzərdə tutur.

Onun sözlərinə görə, bütün bu istiqamətlər bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirilməlidir.

Paylaş:
39

Son xəbərlər

Bütün xəbərlər