“Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnam arasında möhkəm dostluq körpüsüdür”

“Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnam xalqlarını, dövlətlərini birləşdirən möhkəm körpü rolunu oynayır”.
1news.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib:
"Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir.
Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Səfər zamanı ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib. Hanoy Ticarət və Turizm Kollecinə də maliyyə dəstəyi göstərilib".
Prezident İlham Əliyev vurğulayıb ki, xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir:
"Hər iki ölkənin aparıcı universitetləri bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzalayıb. Vyetnam nümayəndələri Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün mənim sərəncamıma uyğun olaraq yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanına malikdirlər".











