Ağdamın işğaldan azad olunmasından 6 il ötür | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamın işğaldan azad olunmasından 6 il ötür

1news Redaksiyası10:21 - Bu gün
Ağdamın işğaldan azad olunmasından 6 il ötür

Bu gün, noyabrın 20-də Azərbaycanda Ağdam Şəhəri Günü qeyd olunur. Ağdamın erməni işğalından azad edilərək yenidən Azərbaycanın nəzarətinə qaytarılmasından altı il ötür.

1news.az xəbər verir ki, 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər nəticəsində Ağdam şəhəri heç bir hərbi toqquşma baş vermədən işğaldan azad olunub.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirib. Döyüşlər nəticəsində uzun illər işğal altında saxlanılan ərazilərimiz mərhələli şəkildə azad edilib. Ordumuzun əldə etdiyi hər bir uğur növbəti yaşayış məntəqələrinin düşmən işğalından qurtarılması üçün mühüm strateji əhəmiyyət daşıyıb.

Ağdam istiqamətində isə vəziyyət fərqli olub. Rayon ərazisinin geniş şəkildə minalanması, Ermənistan silahlı qüvvələrinin burada böyük hərbi qüvvə toplaması və güclü müdafiə istehkamları yaratması Azərbaycan Ordusunun bu istiqamətdə genişmiqyaslı döyüş əməliyyatları aparmasını zəruri etməyib. Hərbi strategiyaya uyğun olaraq digər istiqamətlərdə uğurlu əməliyyatlar davam etdirilib.

Azərbaycan Ordusunun müxtəlif cəbhələrdə qazandığı qələbələr nəticəsində Ağdamda yerləşən düşmən qüvvələri faktiki olaraq yarımmühasirə vəziyyətinə salınıb. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın artan hərbi üstünlüyü qarşısında müqavimətin mümkünsüzlüyünü anlayaraq kapitulyasiya sənədini imzalamağa məcbur olub.

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib. Beləliklə, 27 il davam edən işğala son qoyulub. Həmin gün Azərbaycan Ordusunun bölmələri Ağdama daxil olaraq dövlət bayrağımızı ucaldıblar.

Ağdamın azad edilməsinin tarixi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev 2023-cü il iyulun 31-də müvafiq sərəncam imzalayıb. Sənədə əsasən, hər il noyabrın 20-si ölkəmizdə Ağdam Şəhəri Günü kimi qeyd olunur.

Qeyd edək ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. Qarabağın mühüm coğrafi və strateji mövqeyində yerləşən rayonun 846,8 kvadratkilometrlik ərazisi, yəni ümumi sahəsinin 77,4 faizi, o cümlədən Ağdam şəhəri və 80 kəndi işğal altında qalıb.

İşğal nəticəsində rayonun 38 kolxoz və sovxozundan 26-sı, 129 səhiyyə müəssisəsindən 105-i, 108 məktəbdən 74-ü, 271 mədəniyyət ocağından 199-u, eləcə də 24 tikinti təşkilatı və 67 idarə-müəssisə düşmən nəzarətinə keçib. Ağdamda mövcud olan 17 məsciddən 14-ü də işğal olunmuş ərazilərdə qalıb.

İşğal dövründə rayonun yaşayış məntəqələri, tarixi-memarlıq nümunələri, dini abidələri və mədəni irsi ciddi dağıntılara məruz qalıb. Ağdamın maddi-mədəni sərvətlərinin böyük hissəsi məhv edilib, şəhər xarabalığa çevrilib.

Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə 6 min nəfər şəhid olub. Onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bu gün Ağdamın azad edilməsi Azərbaycan xalqının tarixi Zəfərinin, dövlətimizin gücünün və ərazi bütövlüyümüz uğrunda mübarizənin rəmzlərindən biri kimi böyük qürurla qeyd olunur.

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər