“4 mindən çox itkinin taleyi: Ermənistanın susqunluğu sülhə kölgə salır” - DEPUTAT | 1news.az | Xəbərlər
Siyasət

“4 mindən çox itkinin taleyi: Ermənistanın susqunluğu sülhə kölgə salır” - DEPUTAT

Ayşən Salehli15:48 - Bu gün
“4 mindən çox itkinin taleyi: Ermənistanın susqunluğu sülhə kölgə salır” - DEPUTAT

Müharibələr bitir, atəş səsləri kəsilir, cəbhələrdə həyat tədricən öz axarına qayıdır.

Lakin müharibənin bütün izləri silinmir. Bəzən bir ailənin illərlə davam edən gözləntisi, cavabsız qalan sualları və itkin yaxınından xəbər almaq ümidi müharibənin bitmədiyini xatırladır. Azərbaycan üçün bu ağrılı reallığın adı 4 010 nəfərin taleyidir. Üstündən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, minlərlə ailə hələ də yaxınlarının harada olduğunu, necə və hansı şəraitdə həyatını itirdiyini bilmir. Ermənistanın itkinlərlə bağlı beynəlxalq əməkdaşlıq çağırışları fonunda isə əsas sual dəyişmir: bu qədər il sonra həqiqətə çatmağa nə mane olur? Ermənistanın bu məsələdə susması sülh prosesinə və qarşılıqlı etimada necə təsir edir?

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hərtərəfli etimad mühitinin formalaşması vacibdir.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsi indi həmişəkindən daha aktuallıq kəsb edir. Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan belə bir mövqe ifadə edib ki, əgər onun hazırladığı, müəllifi olduğu konstitusiya referendumda qəbul edilməsə - hansı ki, orada Azərbaycana qarşı ərazi iddialarından imtina məsələsi də yer alır - bu halda qəbul olunmasa, hətta istefa verə bilər. Yəni onun üçün sülh məsələsi bu qədər aktualdır.

Əgər bu qədər aktualdırsa, deməli, sülh müqaviləsinin imzalanması üçün etimad mühiti də dövlətlər, iki dövlət və xalqlar arasında bir o qədər yüksək səviyyədə olmalıdır. Düzdür, keçən il 8 avqust tarixində Vaşinqton razılaşmalarından sonra etimad mühitinin formalaşması istiqamətində xeyli işlər görülüb; bunları da gərək etiraf etmək lazımdır”.

Deputat diqqətə çatdırıb ki, Ermənistanın 4 mindən artıq azərbaycanlı itkinin taleyi, onların dəfn olunduğu yerlər və məzarlıqların koordinatları barədə məlumatları gizlətməsi iki ölkə arasında etimadın formalaşmasına ciddi maneə yaradır.

“Ancaq necə etimad mühiti tam formalaşa bilər ki, Ermənistan hələ də 4 mindən artıq soydaşımızın - itkin düşmüş və ya öldürülmüş, əsir götürülmüş soydaşlarımızın sonrakı taleyi ilə bağlı, onların dəfn olunduğu məkanlarla bağlı heç bir dəqiq koordinat göstərmir. Necə ki, minalanmış ərazilərlə bağlı verdiyi xəritənin 75-80 faizi yalan idi.

Amma bu məzarlıqlarla bağlı isə ümumiyyətlə məlumat vermir və onları məxfi saxlayır. Bir yandan da beynəlxalq qurumlarda, beynəlxalq toplantılarda beynəlxalq humanitar hüquqdan bəhs edir, humanitar addımlardan danışır və əksinə, bəyanatları ilə davranışı tamamilə bir-birinə zidd olan bir mövqe ortaya qoyur.

Ona görə də hesab edirəm ki, sülh müqaviləsinin imzalanmasına gedən yol hərtərəfli etimad mühitinin formalaşmasından keçir. Burada adda-budda, etimad istiqamətində addım atılmamalıdır; hərtərəfli etimad mühiti formalaşmalıdır. Bu etimad mühitinin yaranmasında isə bu amil - yəni bizim o itkin düşmüş, əsir götürülmüş, sonrakı taleyi məlum olmayan, əslində isə məlum olan, onlara qarşı hər cür kütləvi zorakılıqlar edilmiş, qətlə yetirilmiş şəxslərin dəfn olunduğu məzarlıqların bizdən gizlədilməsi, məlumat verilməməsi - beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”.

O vurğulayıb ki, humanitar hüquqdan danışan Ermənistan hökuməti bu məsələdə də əməli addımlar atmalıdır.

“Ona görə də hesab edirəm ki, sülhdən danışan, hətta onun naminə lazım gəlsə, sülh baş tutmasa, konstitusiya referendumda qəbul edilməsə, istefaya gedəcəyi kimi kəskin bəyanatlar verən Paşinyan hökuməti haqqında bəhs etdiyimiz məsələdə də konkret əməli addımlar atmalıdır. Bunlar olmayacağı halda, şübhəsiz ki, etimad mühiti tam formalaşmır və etimad mühitinin olmadığı yerdə isə hansı sülhdən söhbət gedə bilər?”

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər