Azərbaycan BMT-nin rəqəmsal hökumət reytinqində 36 pillə irəliləyərək 38-ci yerə yüksəldi

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Elektron Hökumətin İnkişafı İndeksində (EGDI) son iki ildə 36 pillə irəliləyərək dünyada 38-ci yeri tutub.
1news.az xəbər verir ki, bu barədə BMT-nin 19 noyabr 2026-cı il tarixində açıqladığı "E-Government Survey 2026" hesabatında bildirilib.
Hesabata əsasən, Azərbaycan 2024-cü ildəki 74-cü mövqeyindən 38-ci pilləyə yüksəlib. Ölkənin ümumi Elektron Hökumətin İnkişafı İndeksi üzrə göstəricisi 0,8847 təşkil edib. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 16,3 faiz artım deməkdir.
Beləliklə, Azərbaycan "Çox yüksək EGDI" (Very High EGDI) kateqoriyasında mövqeyini daha da möhkəmləndirərək V3 altqrupuna daxil olub. Bu qrupda Avstriya, Yaponiya, Kanada və İsrail kimi ölkələr də yer alır.
Hesabatda Azərbaycanın ən böyük irəliləyişinin onlayn xidmətlər istiqamətində olduğu qeyd edilib. Belə ki, ölkə Onlayn Xidmətlər İndeksində (OSI) 56 pillə yüksələrək 2024-cü ildəki 67-ci yerdən 11-ci pilləyə qalxıb.
Bu göstəriciyə görə Azərbaycan Böyük Britaniya (12-ci yer), İslandiya (16-cı yer), ABŞ (18-ci yer), Kanada (20-ci yer), Norveç (22-ci yer) və Avstraliya kimi ölkələri geridə qoyub.
Bundan başqa, Azərbaycan onlayn xidmətlərin təqdim edilməsi altindeksi üzrə dünyada 10-cu yeri tutub. İnstitusional çərçivə altindeksi üzrə isə birinci olub. Xidmətlərin təqdim edilməsi göstəricisində Azərbaycan Estoniya ilə eyni – 10-cu pilləni bölüşüb. Qeyd edək ki, Estoniya ümumi Elektron Hökumətin İnkişafı İndeksində 8-ci yerdə qərarlaşıb.
BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi iki ildən bir BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti (UN DESA) tərəfindən hazırlanır. 2026-cı il hesabatında 194 ölkənin rəqəmsal hökumət sahəsində inkişafı qiymətləndirilib.
Qiymətləndirmə üç əsas istiqamət – onlayn xidmətlər, telekommunikasiya infrastrukturu və insan kapitalı üzrə aparılır. Budəfəki hesabatda rəqəmsal dövlət xidmətlərinin inteqrasiyası, vətəndaşların həyat hadisələrinə uyğun xidmətlər və süni intellekt əsaslı həllər də əlavə qiymətləndirmə istiqamətləri kimi nəzərə alınıb.
Hesabatda Azərbaycanın əldə etdiyi nəticələr ölkədə rəqəmsal transformasiyanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi, müvafiq institusional və strateji çərçivənin formalaşdırılması, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi ilə əlaqələndirilib.
Bu prosesdə dövlət xidmətlərini vahid rəqəmsal mühitdə birləşdirən "mygov" platforması, qurumlararası məlumat mübadiləsini təmin edən "digital.bridge" sistemi, eləcə də elektron sənəd dövriyyəsi və kağızsız hökumət prinsiplərinin tətbiqi mühüm rol oynayır.
Beləliklə, Azərbaycan BMT-nin 2026-cı il hesabatında həm ümumi rəqəmsal hökumət inkişafı, həm də onlayn dövlət xidmətlərinin əlçatanlığı baxımından əhəmiyyətli nəticə əldə edib.











