PAŞA Holding COP-da niyə iştirak edir? - FOTO

İqlim dəyişikliyi artıq yalnız ekoloji məsələ deyil. O, qlobal iqtisadiyyatın, maliyyə sisteminin, investisiya qərarlarının və biznes modellərinin gələcəyini müəyyən edən əsas amillərdən birinə çevrilib.
Enerji istehlakından maliyyə risklərinin idarə edilməsinə, tikinti standartlarından kapitalın istiqamətləndirilməsinə qədər bir çox sahədə yeni yanaşmalar formalaşır. Bu dəyişikliklər biznesdən yalnız mövcud çağırışlara uyğunlaşmağı deyil, həm də gələcək iqtisadi transformasiyanın fəal iştirakçısına çevrilməyi tələb edir.
Məhz bu baxımdan COP platforması PAŞA Holding üçün yalnız beynəlxalq tədbirdə iştirak deyil, qlobal iqtisadi və biznes gündəliyinin formalaşdığı müzakirələrin bir hissəsi olmaq, beynəlxalq təcrübəni öyrənmək və onu fəaliyyət göstərdiyi sektorlara uyğunlaşdırmaq imkanıdır.
PAŞA Holding artıq dördüncü ildir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP) təmsil olunur. Holding Azərbaycanda keçirilən COP29-un əsas sponsorlarından biri olub, Braziliyada keçirilən COP30-da iştirak edib və bu il Türkiyənin Antalya şəhərində təşkil olunan COP31-də PAŞA Bank Azərbaycan və "PAŞA Real Estate Qrup" şirkətləri ilə təmsil olunur.
Bəs COP müzakirələri PAŞA Holding-in fəaliyyət göstərdiyi biznes sahələri üçün konkret olaraq nə dərəcədə əhəmiyyətlidir?
Yaşıl transformasiyanın maliyyələşdirilməsində bankların rolu
İqlim dəyişikliyi maliyyə sektoru üçün həm yeni imkanlar, həm də yeni risklər yaradır. Banklar bu prosesdə ikili rol oynayır: bir tərəfdən, öz fəaliyyətlərindən irəli gələn ekoloji və iqlim risklərini idarə etməli, digər tərəfdən isə iqtisadiyyatın aşağı karbonlu modelə keçidini maliyyələşdirməlidirlər.
Bu məsələ Azərbaycan bank sektoru üçün də strateji əhəmiyyət daşıyır. COP29 çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ölkənin bank sektoru adından dayanıqlı inkişafa dəstək bəyanatı ilə çıxış edib. Bəyanata əsasən, Azərbaycan bankları 2030-cu ilədək ölkənin aşağı karbonlu və iqlim dəyişikliklərinə davamlı iqtisadiyyata keçidinə töhfə verəcək yaşıl və dayanıqlı layihələrin maliyyələşdirilməsi üçün kollektiv şəkildə 2 milyard manat vəsait ayırmağı öhdələrinə götürüblər.
Bu öhdəlik bankların rolunu ənənəvi kreditləşmədən daha geniş müstəviyə daşıyır. Bu yanaşma maliyyələşdirmə qərarlarında layihələrin iqtisadi səmərəliliyi ilə yanaşı, onların ekoloji təsirinin, enerji effektivliyinin və iqlim risklərinə davamlılığının da nəzərə alınmasının əhəmiyyətini artırır.
Azərbaycan Mərkəzi Bankının 2023–2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi və banklarda ekoloji risklərin idarə edilməsinə dair təlimatı da bu istiqamətdə institusional çərçivənin formalaşmasına xidmət edir.
PAŞA Bankın COP31-də iştirakı məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev Azərbaycan pavilyonunda “İqlim öhdəliklərindən rəqabətqabiliyyətli və investisiya üçün cəlbedici layihələrə doğru” mövzusunda təşkil olunan panel müzakirəsində iştirak edib. O, iqlim hədəflərinin real investisiya layihələrinə çevrilməsində maliyyə institutlarının rolundan, yaşıl layihələrin maliyyələşdirilməsi imkanlarından və bankların layihələrin ilkin mərhələlərindən prosesə cəlb edilməsinin əhəmiyyətindən danışıb.
İqlim hədəflərinin konkret investisiya layihələrinə çevrilməsi üçün maliyyə institutlarının prosesə erkən mərhələdən cəlb olunması mühüm əhəmiyyət daşıyır. Bu yanaşma layihələrin maliyyə baxımından düzgün strukturlaşdırılmasına, potensial risklərin əvvəlcədən qiymətləndirilməsinə və investisiya imkanlarının genişləndirilməsinə şərait yaradır.
PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş Risk İnzibatçısı Pərvin Əhədzadə isə COP31 çərçivəsində Deloitte Azərbaycanın nümayəndəsi Aslan İbrahimova verdiyi müsahibədə iqlim risklərinin bank sektoruna təsiri, bu risklərin qiymətləndirilməsi və effektiv idarə olunmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Bu müzakirələr bir daha göstərir ki, iqlim gündəliyi banklar üçün yalnız yeni maliyyə məhsullarının yaradılması ilə məhdudlaşmır. İqlim risklərinin kredit portfellərinə, aktivlərin dəyərinə və maliyyə dayanıqlılığına mümkün təsirlərinin qiymətləndirilməsi də müasir bankçılığın mühüm istiqamətlərindən biridir.
Tikinti, daşınmaz əmlak və qonaqpərvərlik sektorunda yaşıl standartlar
İqlim gündəliyinin mühüm istiqamətlərindən biri də tikinti, daşınmaz əmlak və hotelçilik və turizm sektorudur. Binaların tikintisi və istismarı, enerji istehlakı, karbon emissiyaları, su resurslarından istifadə və tullantıların idarə edilməsi baxımından əhəmiyyətli ekoloji təsirə malikdir.
Buna görə də müasir daşınmaz əmlak inkişafı artıq yalnız memarlıq, lokasiya və kommersiya gəlirliliyi ilə ölçülmür. Enerji səmərəliliyi, ekoloji cəhətdən uyğun materiallardan istifadə, su resurslarının effektiv idarə olunması, yaşıl infrastruktur və binaların uzunmüddətli istismar xərcləri də investisiya qərarlarının mühüm komponentlərinə çevrilir.
Beynəlxalq səviyyədə LEED, BREEAM və EDGE kimi sertifikatlaşdırma sistemləri daşınmaz əmlak layihələrinin ekoloji və enerji səmərəliliyi göstəricilərinin qiymətləndirilməsində mühüm rol oynayır. Bu standartlara uyğunlaşma həm layihələrin beynəlxalq rəqabət qabiliyyətini, həm də investorlar və istifadəçilər üçün uzunmüddətli dəyərini artırır.
PAŞA Holding-in daşınmaz əmlak sahəsində fəaliyyət göstərən "PAŞA Real Estate" şirkəti üçün də bu yanaşma xüsusi əhəmiyyət daşıyır. Şirkətin layihələrində enerji səmərəliliyi, ağıllı texnologiyalar, ekoloji infrastruktur və uzunmüddətli dayanıqlılıq prinsipləri nəzərə alınır.
Bu istiqamətdə konkret nəticələrdən biri də "PAŞA Real Estate" şirkətinin mülkiyyətində və idarəetməsində olan hotellərin 2024-2026cı illər ərzində Green Key ekoloji sertifikatlaşdırmasından keçməsidir. JW Marriott Absheron Baku, The Ritz-Carlton Baku, Baku Marriott Hotel Boulevard, Courtyard by Marriott Baku, The Merchant Baku, Sheraton Baku Intourist, Four Seasons Hotel Baku, Boutique 19, Art Gallery Hotel Baku, Pik Palace Autograph Collection, Allium Bodrum Hotel və Shusha Hotel bu sertifikatı əldə edən hotellər sırasında yer alıb. Sertifikatlaşdırma SGS tərəfindən aparılıb.
Green Key beynəlxalq ekoloji nişanı hotellərin enerji və su istehlakı, tullantıların idarə edilməsi, ekoloji menecment və digər dayanıqlılıq meyarları üzrə fəaliyyətini qiymətləndirir. Sertifikatın əldə olunması ilə yanaşı, onun mütəmadi auditlər vasitəsilə qorunması da vacibdir. Bu, dayanıqlılığın birdəfəlik təşəbbüs deyil, davamlı idarəetmə prosesi olduğunu göstərir.
"PAŞA Real Estate" COP31də bu mövzuları ayrıca müzakirə platformasına da çıxarıb. Şirkət tərəfindən təşkil olunan “Dayanıqlı hotelçilik və turizm” panelində hotelçilik və turizm sektorunun iqlim dəyişikliklərinə davamlılığın təmin edilməsində, məsuliyyətli inkişafın təşviqində və yaşıl standartların tətbiqində rolu müzakirə olunub.
"PAŞA Real Estate"in hotelçilk üzrə baş icraçı direktoru Matt Balcik tərəfindən moderatorluq edilən müzakirədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Rəşad Əliyev və Marriott International şirkətinin Yaxın Şərq, Qətər, Küveyt və Türkiyə üzrə lüks seqmentinin regional vitse-prezidenti Şafak Güvenç iştirak ediblər.
Paneldə hotelçilik sektorunda ekoloji standartların tətbiqi, turizm infrastrukturunun iqlim dəyişikliklərinə davamlılığı və məsuliyyətli turizm yanaşmalarının inkişafı diqqət mərkəzində olub.
Bu müzakirələr göstərir ki, yaşıl transformasiya tikinti mərhələsi ilə məhdudlaşmır. O, binaların və hotellərin bütün həyat dövrünü, onların gündəlik idarə edilməsini, resurslardan istifadəni və müştəri təcrübəsini əhatə edir. Beləliklə, dayanıqlılıq daşınmaz əmlak və hotelçilik sektorunda həm əməliyyat effektivliyinin, həm də uzunmüddətli rəqabət qabiliyyətinin mühüm amilinə çevrilir.
Özəl kapital yaşıl transformasiyanı necə sürətləndirə bilər?
İqlim hədəflərinin reallaşdırılması üçün dövlətlərin və beynəlxalq maliyyə institutlarının səyləri vacib olsa da, özəl kapitalın iştirakı olmadan bu transformasiyanı tələb olunan miqyasda həyata keçirmək mümkün deyil.
Enerji keçidi, dayanıqlı infrastruktur, sənayenin modernləşdirilməsi və iqlim dəyişikliklərinə uyğunlaşma böyük həcmdə uzunmüddətli investisiya tələb edir. Bu səbəbdən COP platformasında özəl kapitalın səfərbər edilməsi, investisiya risklərinin bölüşdürülməsi və layihələrin maliyyələşdirilə bilən biznes modellərinə çevrilməsi əsas müzakirə mövzularındandır.
Bu kontekstdə PAŞA Holding-in Sədrin müşaviri Teymur Hüseynov Boston Consulting Group (BCG), JPMorgan Chase, Moody’s və digər aparıcı beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən panel müzakirəsində iştirak edib. Özəl kapitalın yaşıl transformasiyanın maliyyələşdirilməsində roluna həsr olunmuş paneldə kapitalın effektiv istiqamətləndirilməsi, investisiya imkanları və yaşıl iqtisadiyyata keçidin maliyyə mexanizmləri müzakirə olunub.
Bu müzakirələrin əhəmiyyəti ondan ibarətdir ki, dayanıqlı inkişaf artıq yalnız korporativ sosial məsuliyyət və ya reputasiya məsələsi deyil. O, investisiya portfellərinin formalaşdırılması, yeni bazar imkanlarının müəyyənləşdirilməsi və uzunmüddətli biznes dəyərinin yaradılması ilə birbaşa əlaqəlidir.
COP PAŞA Holding üçün nə ifadə edir?
PAŞA Holding-in COP platformasında iştirakı müxtəlif biznes istiqamətləri üzrə qlobal təcrübənin öyrənilməsi, beynəlxalq tərəfdaşlarla dialoqun genişləndirilməsi və dayanıqlı inkişaf yanaşmalarının biznes strategiyasına inteqrasiyası baxımından əhəmiyyət daşıyır.
PAŞA Holding-in Qrup üzrə PR və Kommunikasiya direktoru Aytac Muxtarzadə bu yanaşmanı belə şərh edir:
“COP bizim üçün yalnız beynəlxalq tədbir deyil. İqlim dəyişikliyi və dayanıqlı inkişaf məsələləri fəaliyyətimizin müxtəlif istiqamətlərində daim diqqət mərkəzində saxladığımız mövzulardandır. Bizim üçün bu platformanın əsas dəyəri qlobal müzakirələri yaxından izləmək, müxtəlif ölkələrin və şirkətlərin bu sahədə həyata keçirdiyi təşəbbüsləri öyrənmək, təcrübə mübadiləsi aparmaq və özümüz üçün faydalı olan yanaşmaları fəaliyyətimizə uyğunlaşdırmaqdır. Eyni zamanda, beynəlxalq biznes ictimaiyyətinin bir hissəsi olaraq bu müzakirələrə öz təcrübəmizlə töhfə verməyi vacib hesab edirik. İqlim gündəliyində baş verən dəyişiklikləri düzgün anlamaq və bu dəyişikliklərə vaxtında hazırlaşmaq uzunmüddətli biznes dayanıqlılığımızın mühüm şərtlərindən biridir”.
PAŞA Holding üçün dayanıqlılıq müxtəlif biznes istiqamətlərini birləşdirən uzunmüddətli yanaşmadır. Bankçılıqdan tikintiyə və daşınmaz əmlaka, qonaqpərvərlikdən investisiya fəaliyyətinə qədər fərqli sektorlarda fəaliyyət göstərən Holding üçün iqlim gündəliyi həm risklərin düzgün qiymətləndirilməsi, həm yeni investisiya imkanlarının müəyyənləşdirilməsi, həm də gələcək nəsillər üçün daha dayanıqlı iqtisadi və sosial mühitin formalaşdırılması deməkdir.
Beləliklə, COP-da iştirakın əsas məqsədi yalnız qlobal iqlim müzakirələrinin izləyicisi olmaq deyil, bu dəyişikliklərin biznesə təsirini anlamaq, beynəlxalq təcrübəni mənimsəmək və dayanıqlı iqtisadi gələcəyin formalaşmasında fəal iştirak etməkdir.

















