Dini təhlükəsizlik istiqamətində medianın rolu - Jurnalistlər hansı məqamlara diqqət etməlidir? | 1news.az | Xəbərlər
Reportaj

Dini təhlükəsizlik istiqamətində medianın rolu - Jurnalistlər hansı məqamlara diqqət etməlidir?

Qafar Ağayev12:00 - 05 / 07 / 2023
Dini təhlükəsizlik istiqamətində medianın rolu - Jurnalistlər hansı məqamlara diqqət etməlidir?

Tarix boyu dünyanın müxtəlif ölkələrində din adı altında aparılan müharibələr bu gün də aktuallığını qorumaqda davam edir.

Keçmişə nəzər saldıqda, adını tarixə qanla yazan dini savaşlar arasında ən dəhşətlisinin Otuzillik müharibələr olduğuna şahidik edirik. Katolik və protestant dövlətlər arasında başlayan qarşıdurma sonradan bütün Avropaya hakim olmaq uğrunda mübarizəyə çevrildi. Almaniya bu savaşda əhalisinin 40%-ni itirdi. Din adı altında aparılan müharibələrdə ölənlərin sayının 20 milyona çatdığı təxmin edilir.

Bütün bu hadisələrin fonunda, informasiyaların dünya ictimaiyyətinə düzgün formada çatdırılması, ictimai fikrin formalaşdırılmasının təmin edilməsi və cəmiyyətə doğru məlumatların ötürülməsində ən önəmli rolu media oynayır.

Medianın insanların üzərində görünən və görünməyən təsirləri barədə aparılan araşdırmalarda məlum olub ki, insanlar gün ərzində aldıqları informasiyalardan əlavə, şüuraltılarına həkk olunan bilgilərlə də KİV-in gizli və sərrast təsirlərinə məruz qalırlar.

Din məsələsi isə olduqca aktual və həssas mövzudur. Nəzərə alsaq ki, tarixən və hazırda dünyanın bir qismini əsarəti altında saxlayan dini müharibələr milyonlarla insanın ölümünə səbəb olub, minlərlə insan dini-irqi ayrıseçkiliyin hədəfinə çevrilib, informasiya müharibələrində onlardan gizli məqsədlər üçün istifadə olunub, kifayət qədər sayda insan mövhumat və xürafatın qurbanına çevirilib, deməli, media maarifləndirmə işində daha diqqətli olmalı, təhrif və təşviqedici məlumatlara yer verməməli,dini informasiyaların dərc olunmasına xüsusi həssaslıqla yanaşmalıdır.

Azərbaycanda dövlət-din münasibətləri

Azərbaycan milli-mənəvi dəyərlərin qorunması, vicdan azadlığı, dini inanclara hörmət və ehtiramın təmin olunması baxımından ən tolerant ölkələrdən hesab olunur.

Bu gün Azərbaycanda dini zəmində münaqişələrin olmaması, ölkədə tolerantlıq şəraitinin hökm sürməsi ümummilli lider Heydər Əliyevin din sahəsində balanslaşdırılmış siyasət yürütməsinin və həmin siyasətin bu gün də prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilməsinin nəticəsidir.

Heydər Əliyev Fondu tərəfindən qabaqcıl və davamlı tədbirlərin həyata keçirilməsi, dini abidələrin bərpası və inkişafına ayrılan diqqət istər ölkədaxili, istərsə də ölkəxaricində özünü aydın şəkildə göstərməkdədir.

Azərbaycan mətbuatında dini mövzuların işıqlandırılması

Ceyhun Məmmədov

Məsələ ilə bağlı 1news.az-a danışan deputat, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif konfessiyaların nümayəndələrinin dinc, yanaşı yaşadıqlarını bildirib.

Ceyhun Məmmədov deyib ki, dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri mütləq bilməlidirlər:

“Dünyada və ölkədə dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq. Media mütəxəssisləri bu mövzuya çox həssas yanaşmalı, ölkəmizdə mövcud sabit mühitin mediada düzgün təbliğ olunmasına və işıqlandırılmasına çalışmalıdırlar. Din çox həssas sahədir. Bu səbəbdən, jurnalistlərin həm dini bilikləri, dinlərlə tanışlığı olmalı, həm də mövcud dini şəraiti, şərtləri bilməlidirlər”.

Sosial şəbəkələrdə din məsələləri

Ceyhun Məmmədovun fikrincə, bu gün sosial şəbəkələr də medianın tərkib hissəsindən biridir və əsla diqqətdən kənarda saxlanılmamalıdır:

“Bəzi radikal, ekstremist qruplar sosial şəbəkələr, internet vasitəsilə öz təbliğatlarını aktiv şəkildə aparırlar. Bəzən gerçək kimliklərini gizlədərək saxta profillərlə dini duruma mənfi təsir göstərə biləcək paylaşımlar edirlər; kimisi dini ekstremizmi təbliğ edir, kimisi dini təhqir edir. Xüsusilə sosial mediada bu iki tərəf arasındakı uçurum böyükdür. Media bu sahədə də qətiyyətli olmalı, mövqeyini göstərməlidir”.

TƏKLİF: “Dini jurnalistika adlı ixtisasın açılması məsələsinə baxıla bilər”.

“Jurnalistlərin dini biliklərinin artırılması üçün müxtəlif seminar və treninqlərə ehtiyac var. Hesab edirəm ki, magistratura səviyyəsi üzrə dini jurnalistika adlı ixtisasın açılması məsələsinə də baxıla bilər, bu, xarici ölkələrin təcrübəsində mövcuddur. Dünya ölkələrində mətbuat və din arasında əlaqəyə maraq artmaqdadır. Bu səbəbdən də media və din sahəsində fəaliyyət göstərən araşdırma mərkəzləri yaradılır, akademik jurnallar və tədqiqatlar aparılır, hesabatlar hazırlanır, simpoziumlar və konqreslər təşkil edilir. Ölkəmizdə də jurnalistlərin dini mövzuda maarifləndirilməsi istiqamətində bir çox işlər görülür”- deyə Ceyhun Məmmədov fikirlərini tamamlayıb.

İnternet təbliğat və təsiretmə mexanizmi kimi

Vüqar Zifəroğlu

Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, müasir dövrdə dini mövzularda mediadan, informasiya texnologiyalarından təbliğat və təsiretmə mexanizmi kimi geniş şəkildə istifadə edilir:

“İnformasiya texnologiyaları əsri, insan həyatının bütün sahələrinə sürətlə müdaxilə etməkdədir. Müxtəlif rəsmi və qeyri-rəsmi dini konfessiyaların yüzlərlə saytı, inanclı insanlar üçün forumlar, dini KİV-in eletkron versiyaları, mütəxəssis dinşünasların bloqosferası – bütün bunlar internetin bu gün din sahəsinə nə dərəcədə nüfuz etdiyinin göstəriciləridir. Artıq “internet-kilsə” (internet church), “kiberdindarlar”, “kiberdin”, ruh üçün interaktiv məkan (interactive soul space), “chat room”, “newsgroup”, “mailing list” kimi internet təchizatlarından dini təbliğat vasitəsi kimi istifadə edilməsi halları müasir günümüzün adi halına çevrilməkdədir”.

Media savadlığı və sağlam dini maariflənmənin təşkilinin əhəmiyyəti

Vüqar Zifəroğlunun sözlərinə görə, dini təbliğat aparmaqda maraqlı olan icmalar, müxtəlif cərəyanlar multimedia mədəniyyəti ilə böyümüş insanların diqqətini cəlb etmək üçün ilk növbədə, müasir kütləvi informasiya vasitələrinin özəlliklərinə diqqət yetirir, internetin imkanlarından yararlanırlar:

“Dinin internetə nə qədər nüfuz etdiyini anlamaq üçün, məşhur “Google” axtarış sistemində dini terminlərdən birini – Allah, God, İslam və ya Christ, Judaizm – yazmaqla axtarış vermək kifayət edər. Bir neçə saniyə içində axtarış sistemi, yarım milyarda yaxın müxtəlif onlayn internet mənbələrinin adlarını monitorda əks etdirir.

Mass-media üçün xarakterik olan “şüuraltına psixoloji təsir” imkanlarından da söz açmaq lazımdır. Təəssüf ki, bir çox hallarda din təbliğatı, tanıtımı pərdəsi altında fəaliyyət göstərən ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları məhz belə metodlardan istifadə edərək hədəfləri və maraqları doğrultusunda müxtəlif tapşırıqları yerinə yetirməyə hazır olan fanatiklər yetişdirirlər. Və ya dini mövzulara maraq və həssasiyyətin yüksək olduğunu bilən media özü, bu mövzularda müəyyən manipulyasiyalara yol verir, reytinq xətrinə əslində dinlə, inancla heç bir əlaqəsi olmayan mövhumat və qaragüruhun təbliğinə meydan vermiş olur.

Təəssüf ki, bu cür hallara bizim media məkanımızda da rast gəlmək olar. Bu mənada unutmaq olmaz ki, XXI əsrdə media manipulyasiya halları dini sahədə kifayət qədər yüksəkdir və bu öz acı nəticələrini göstərməkdədir. Bunun qarşısının alınmasının ən doğru yolları isə media savadlığı və sağlam dini maariflənmənin təşkil edilməsidir”.

Dini maarifləndirmənin yetərsizliyi

Qulu Məhərrəmli

Əməkdar jurnalist Qulu Məhərrəmlinin sözlərinə görə, Azərbaycan mətbuatında dini mövzuların işıqlandırılması birmənalı qarşılanmır: “Mediamızda dini maarifləndirmə ilə bağlı yazılar, dinlər haqqında silsilə proqramlar, maraqlı məqalələr o qədər də çox deyil. Bəzən televiziya efirlərində ancaq cümə axşamları din haqqında mövzulara yer verilirdi ki, bu da istər-istəməz dinin yalnız yas mərasimləri ilə bağlı olduğu təəssüratını yaradırdı. Halbuki mövzuya yanaşma daha dərin olmalıdır”.

BBC təcrübəsi

Qulu Məhərrəmli vurğulayıb ki, dini mövzuları işıqlandıra bilən ixtisaslaşmış jurnalistlər olmalı və yazacaqları materialla bağlı xüsusi biliklərə sahib olmalıdırlar.

“Dünyada qəbul olunmuş müəyyən standartlar var. Məsələn, BBC-də çalışan əməkdaşlar dinlə əlaqəli hər hansı yazı hazırlayırsa, seçdiyi ifadələrə, hətta sözlərə qədər hər şeyi dəqiq ölçüb-biçməlidir. İstənilən ehtiyatsızlıq insanlar arasında çaşqınlığa və ciddi narazılığa səbəb ola bilər”.

Jurnalist obyektivliyinin qorunması

Elvüsal Məmmədov

AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov hesab edir ki, istənilən formada gündəmə gələn dini məsələ mütləq mediaya daşınır:

“Bəzən mediada dini müzakirələrə qərəzli yanaşmanın şahidi oluruq. Bu da çox vaxt jurnalistin mövzuya baxışı ilə əlaqəli olur. Media nümayəndəsi daha çox öz fikrinə, düşüncə tərzinə yaxın olan ilahiyyatçı ilə əlaqə saxlayaraq yazıda yalnız onun fikirlərini işıqlandırmağa önəm verirsə, obyektiv yanaşmanı pozmuş olur. Dini mövzulara obyektiv yanaşmanın olmasını istəyiriksə, mövzu ilə bağlı müxtəlif düşüncələrdə olan şəxslərin mövqelərini ortaya qoymalı və onları müzakirəyə cəlb etməliyik.

Digər bir problem jurnalistin məqaləyə başlıq seçimi ilə bağlıdır. Bəzən yazıya elə başlıq seçilir ki, oxuyan zaman bunun bir neçə ilahiyyatçının ümumiləşdirilmiş fikri olduğu qənaətinə gəlirsən. Həqiqətdə isə, bu jurnalistin fərdi yanaşmasına daha çox uyğun gələn sərlövhə olur. Bəzən isə böyük və maraqlı bir müsahibənin içərisindən seçilən şou xarakterli başlıqlar təəssüf hissi doğurur. Bu cür populizm dini yazıların işıqlandırılmasında, mediada dini təhlükəsizliyin təmin edilməsində arzuedilməzdir”.

Beynəlxalq sənədlərdə insan hüquqları

Bütün dünyada müxtəlif təşkilatlar tərəfindən qəbul olunan bir çox beynəlxalq sənədlərdə insanların düşüncə, vicdan və dini azadlıqlarının olduğu bəyan edilir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul olunub. ÜİHB hər insanın eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biridir. Bəyənnamənin 18-ci maddəsində deyilir:

“Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir”.

BMT Baş Məclisinin 25 noyabr 1981-ci il tarixli qətnaməsi ilə qəbul edilən Dinə və etiqada əsaslanan dözümsüzlüyün və ayrı seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında bəyannamənin 2-ci maddəsində deyilir: “Heç kəs dinə, yaxud əqidəyə görə hər hansı bir dövlət, idarə, şəxslər qrupu, yaxud ayrı-ayrı şəxslər tərəfindən ayrı-seçkiliyə məruz qalmamalıdır”.

Bütün bunların fonunda, əgər hər bir jurnalist kifayət qədər dini bilgiyə sahib olarsa, məsələnin həssaslığı, bu mövzuların insanlara göstərə biləcəyi təsirlərdən xəbərdar olarsa, informasiyanın təhrif olunmadan və ən düzgün şəkildə cəmiyyətə çatdırılmasına xidmət edə, insanların hüquq keşikçisi ola və onlarda mediaya sarsılmaz inam yarada bilərlər.

Qeyd: Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Paylaş:
2833

Sizin üçün xəbərlər

Son xəbərlər

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!08 / 05 / 2024, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilib08 / 05 / 2024, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülüb08 / 05 / 2024, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB08 / 05 / 2024, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilib08 / 05 / 2024, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib08 / 05 / 2024, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq08 / 05 / 2024, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcək08 / 05 / 2024, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır08 / 05 / 2024, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandı08 / 05 / 2024, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 108 / 05 / 2024, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb08 / 05 / 2024, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq08 / 05 / 2024, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir08 / 05 / 2024, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİB08 / 05 / 2024, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ08 / 05 / 2024, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edib08 / 05 / 2024, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA08 / 05 / 2024, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 108 / 05 / 2024, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşüb08 / 05 / 2024, 15:48
Bütün xəbərlər