Mübariz Əhmədoğlu: Mosul əməliyyatı İranla Türkiyə arasında uzun müddət davam edəcək gərginliyin bünövrəsini qoya bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Mosul əməliyyatı İranla Türkiyə arasında uzun müddət davam edəcək gərginliyin bünövrəsini qoya bilər

12:48 - 02 / 11 / 2016
Mübariz Əhmədoğlu: Mosul əməliyyatı İranla Türkiyə arasında uzun müddət davam edəcək gərginliyin bünövrəsini qoya bilər

Suriya ətrafında baş verənlər fonunda ABŞ-Rusiya qarşıdurmasının yeni mərhələsi, Mosulun azad olunması, İran -Türkiyə münasibətlərində yeni gərgin mərhələ, “Normand dördlüyünün” yenidən fəaliyyətə “başlaması”, dünyada baş verən proseslərdə daha çox diqqət çəkir. Bunlar birbaşa və ya dolayısı yolla Azərbaycana təsir edə bilər.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq  Mübariz Əhmədoğlu Suriyada baş verənlər fonunda ABŞ-Rusiya qarşıdurmasının yeni mərhələsi, Mosulun azad olunması, İran-Türkiyə münasibətləri ilə bağlı xəbəri şərh edərkən deyib:

“Suriya ətrafında baş verənlər fonunda ABŞ-Rusiya qarşıdurmasının yeni mərhələsi: Rusiya silah plutoniumu məhdudlaşdırılması müqaviləsini denonsasiya etmək niyyətini açıqladı. RF bununla kifayətlənməyib xarici ölkələrdə hərbi bazalar yaradacağını bildirdi. Bütün bunların əsas səbəbi ABŞ-ın Suriya məsələsində Rusiya ilə əməkdaşlıqdan rəsmi qaydada imtina etməsidir. ABŞ Suriyada Rusiyanın mövqeyini cilovlaya bilmədi. Əməkdaşlığı dayandırmağı yeni təzyiq vasitəsinə çevirmək istədi. ABŞ Hələbdəki hadisələrə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirdi. Amma sanksiya tətbiq edə bilmir, ən azı Avropa İttifaqının son iclasında Rusiyaya sanksiya tətbiq etməklə bağlı heç bir fikir yer almayıb.

ABŞ əməkdaşlıqdan imtina etdikdən sonra Suriya ərazisində hərbi əməliyyatların keçirməsinin mümkünlüyü barədə məlumat yaydı. Rusiya dərhal Suriya ərazisinə “S-300”, “S-400” və “Buk M”-ləri yerləşdirdi. Tartusda hərbi bazanı yenidən işə saldı və işini xeyli gücləndirdi. Faktiki Rusiya həm siyasi, həm də hərbi baxımdan Suriya məsələsində indiki halda dominantlığı ələ keçirib. ABŞ məhz Hələbdə “Cəbhət ən-Nüsrə” ilə mülayim müxalifətin əməkdaşlığına görə Rusiyanın əsas tələbini- mülayim müxalifəti “Cəbhət ən-Nüsrə”dən ayırmaq istəmir.

RF Xİ naziri S.Lavrovun fikrincə, “Cəbhət ən -Nüsrə” terrorçu qruplaşmasının döyüşçüləri getdikdən sonra Suriyanın hökumət qüvvələri və silahlı müxalifət Hələbdə hüquq-mühafizə orqanları formalaşdıra bilərlər. Rusiyadan ilhamlanan Suriya ordusu Hələbi azad etmək uğrunda qətiyyətlidir.

Lozannada Suriya ilə əlaqəli konfrans nəticəsiz başa çatdı. Rusiya, Türkiyə Xarici İşlər Nazirləri və ABŞ Dövlət Katibi bu konfransın yekunları ilə bağlı fikirlərini açıqladılar. Qismən razılığın əldə olunduğunu bildirdilər. Lozanna konfransından əvvəl RF Xarici İşlər Naziri iki dəfə İranın Xarici İşlər Naziri ilə telefonla danışdı. Lozanna konfransı ABŞ-la Rusiya arasındakı Suriya mövzusunda qarşıdurmanın qalibini müəyyənləşdirməli idi. İran RF-ə lazım olan dəstəyi vermədi.

ABŞ Dövlət Katibi C.Kerri Hələbdə baş verənləri Rusiyanın hərbi cinayətləri adlandırdı. Bunu təhqiq etməyə çağırdı. RF Kerriyə xəbərdarlıq etdi.

Mosulun azad olunması əməliyyatının indiki vaxta düşməsi də ABŞ-ın Hələb şəhəri ilə bağlı planlarına uyğundur. Mosulun azad olunması əməliyyatlarının başlanması bildirilsə də Rusiya tərəfinin fikrincə, belə əməliyyat başlanmayıb. İŞİD terrorçuları Mosulu tərk edərək Suriyanın Hələb şəhərinə gedirlər. Belə görünür, Hələbdəki terrorçuları möhkəmləndirmək ABŞ-ın maraqları çərçivəsindədir.

V.Putin Mosuldakı terrorçuların Suriya ərazisinə daxil olmasına dərhal reaksiya verdi. İraqın baş naziri əl-Əbadi, Türkiyə və Suriya prezidentləri ilə dərhal bu məsələni müzakirə etdi.

Mosul əməliyyatı İranla Türkiyə arasında uzun müddət davam edəcək gərginliyin bünövrəsini qoya bilər. İranla Türkiyə son aylarda demək olar ki, normal münasibətlər qura bilmişdi. Hətta Rusiyanın Suriya və İraq siyasəti fonunda bu iki ölkə az qala müttəfiqə çevrilmişdi.  İraqın baş naziri əl-Əbadi Mosul əməliyyatına hazırlıq dövründə Türkiyədən öz qoşunlarını İraq ərazisindən çıxarmağı tələb etdi. Türkiyə isə qoşunlarını İraq ərazisinə İraq parlamentinin qərarı əsasında göndərdiyini bildirdi. ABŞ-ın təhriki ilə Türkiyə silahlı qüvvələri Mosulun azad olunması əməliyyatına buraxılmadı. Bunu neytrallaşdırmaq məqsədi ilə xalq qüvvələrinin də bir qisminin iştirakına icazə verilmədi. Türkiyə bunu İranın İraq hökumətinə təzyiqinin nəticəsi kimi qəbul etdi.

Beləliklə, Mosulun azad olunması əməliyyatı başlanmazdan xeyli əvvəl İraqın daxilində Türkiyə ilə İran arasında nüfuz savaşının yeni mərhələsi başladı. Türkiyənin Səudiyyə Ərəbistanı daxil olmaqla 6 ərəb dövləti ilə azad ticarət zonası yaratmaq sazişi də məhz antiİran mahiyyətlidir. İraq ərəbləri şiə olmasına baxmayaraq ərəb etniki faktorunu əsas götürərək ərəb dövlətlərinə yaxınlaşmalı, şiə İrandan uzaqlaşmalıdır. Türkiyə bu məsələdə İraqa yardım edəcəkdir. Antiİran ərəblər Türkiyənin bu niyyətini dəstəklədilər. Amma sonradan bəlli oldu ki, R.T.Ərdoğan Mosulu Türkiyənin şəhəri hesab edir. İranın belə vəziyyətə dözməsi mümkün deyil. Eləcə də proseslərin yaxın vaxtda başa çatması da mümkün deyil.

Yaranmış xaos Rusiyanın xeyrinədir. Türkiyə kürdlərlə normal münasibət qurmaq imkanından məhrumdur. ABŞ-ın müttəfiqi olan kürdlər Rusiya ilə həvəslə münasibətlər qurmağa meylidirlər. Beləliklə, Rusiyanın kürdlərlə əlaqələrinin genişlənməsi Rusiyanın bu regionda gücünü daha da artıracaq, Türkiyəni Rusiyadan asılı vəziyyətə salacaq. Türkiyənin ABŞ-ı kürdlərdən uzaqlaşdırması da yaxın illərin prosesi deyil.

“Normand dördlüyü” tam formatda çoxdan fəaliyyətini dayandırmışdır. Əsas səbəb Rusiya idi. RF-in fikrincə, Ukrayna “Minsk-2” prosesi çərçivəsində üzərinə düşən öhdəliyi yerinə yetirmir. Qərb Ukraynaya əsassız olaraq dəstək verir. Ukrayna prosesləri mütəmadi olaraq ABŞ-Rusiya müstəvisində müzakirə edilirdi. Eləcə də Fransa və Almaniyanın rəhbərləri də mütəmadi olaraq Rusiya diplomatları və rəhbərliyi ilə Ukrayna məsələsini müzakirə edirdilər. Normand formatının ən böyük yekunu Donbasa ATƏT-in silahlı polis qüvvəsinin yeridilməsinə razılığının alınmasıdır. Bu, Rusiyanın ziyanına ola bilər. Amma ATƏT-in MDB məkanında hansısa bir regiona xüsusilə Donbasa silahlı qüvvə yeritməsi Azərbaycan prizmasından təhlükə kimi dəyərləndirilməlidir. Çünki bu presedent ola bilər. Dağlıq Qarabağ münaqişəsi regionunda ATƏT-in monitorinq missiyasının yerləşdirilməsi mövzusu hal-hazırda ən aktual mövzulardan biridir. Hər halda Rusiyanın razılıq verməsinə baxmayaraq bu qərarın icrasına imkan verməyəcəyini daha çox ehtimal etmək olar.

Rusiya ABŞ-la münasibətləri SSRİ dövründə olduğundan da təhlükəli səviyyədə gərginləşdirdi.

Silah plutoniumu ilə bağlı müqavilənin fəaliyyətinin dayandırılması üçün Dövlət Dumasına təqdim olunması bunun göstəricisidir. Rusiyanın şərtləri bəllidir: ABŞ siyasi xəttini korreksiya etməlidir. Özünün günahı ucbatından dünyanın siyasi, hərbi və iqtisadi balansında neqativ dəyişikliklər yaratmış şəraiti tam aradan qaldırmalı, NATO ölkələrində ABŞ hərbi infrastrukturunu ixtisar etməli, Rusiyaya qarşı bütün sanksiyaları ləğv etməlidir.

RF xarici ölkələrdə hərbi bazalar yaradacağını bildirdi. Söhbət keçmiş SSRİ-nin Kuba və Vyetnamdakı bazalarından gedir. Misirdə baza yaratmaq məsələsi gündəliyə gətirildi.

SSRİ-nin sonuncu prezidenti M.S.Qorbaçov yaranmış vəziyyətdən narahatlığını bildirdi. Onun fikrincə, nüvəsiz dünyanın əldə olunması üçün siyasət və beynəlxalq münasibətlər demilitarizə olunmalıdır.

RF ABŞ-ın RƏMS sisteminin imkanları barədə bəzi məlumatları açıqladı. Rusiyanın qorxduğu hiss olunur. Eləcə də ABŞ Müdafiə Nazirliyi də Rusiya ordusunun bəzi üstünlüklərini lazımınca qiymətləndirmədiklərini etiraf etdi.

RF prezidenti V.Putinin fikrincə, ABŞ-ın siyasəti ucbatından ABŞ-Rusiya münasibətləri dağılır. O, ABŞ-dakı seçki qabağı kampaniyası bitdikdən sonra münasibətlərin normallaşacağına ümid etdiyini bildirdi.

Vigen Sərkisyanın müdafiə nazirliyi həm də Baş nazir K.Karapetyana tormoz mexanizmi olacaq.

Vigen Sərkisyanın müdafiə naziri təyin olunması sistem hadisəsidir və o, təkcə müdafiə nazirliyinin birbaşa vəzifələri ilə deyil, həm də müdafiə nazirliyinin ölkənin iqtisadi həyatında istiqamətverici fəaliyyəti ilə də məşğul olacaqdır. V.Sərkisyan Ermənistan Prezident Administrasiyasının rəhbəri idi. Ermənistan hakimiyyətində rusiyapərəst və qərbpərəstlərin prioritetlik uğrunda, mübarizəsində S.Sərkisyan V.Sərkisyanı qərbpərəst təmsilçi kimi Prezident Administrasiyasına təyin etdi. Az sonra administrasiya rəhbərinin müavini işləyən kürəkəni M.Minasyanla V.Sərkisyan arasında yaranmış narazılığı aradan qaldırmaq üçün kürəkənini müavinlikdən uzaqlaşdırdı, Vatikana səfir göndərdi. V.Sərkisyan uzun müddət ikiqat agent işləyib; Rusiyanın xeyrinə casusluqla məşğul olan V.Sərkisyanı Qərb xüsusi xidmət orqanları özlərinə casusluq etməyə məcbur edə bildilər. Bunu başa düşən Rusiya V.Sərkisyandan imtina etdi. Nəticədə o sırf qərbpərəst imici formalaşdırmağa başladı.

Xüsusi olaraq qeyd edək ki, V.Sərkisyan müdafiə naziri postuna təyin olunmasını təbrik edən yeganə dövlət İrandır. İranın müdafiə nazirinin müavini N.Kələntəri məxsusi bu niyyətlə Yerevana gəldi. Bu fikirlər V.Sərkisyanın müdafiə naziri postuna təyin olunmasının siyasi məsələ olduğunu göstərir.

Yeni və yeni tipli müdafiə naziri V.Sərkisyanın üzərinə prezident tərəfindən əlavə vəzifə qoyulub: V.Sərkisyan “ordu- millət” konsepsiyasını təqdim etdi. Bütün millət ordu ilə bağlı olmalı və ya ordu bütün millətə bağlanmalıdır. V.Sərkisyan ordunu ölkənin ən böyük strukturu elan etdi. Ermənistan ordusunun şəxsi heyətinin ümumi sayı 40 min nəfər hüdudlarındadır. Müqaviləli və keçmiş Qarabağ döyüşçülərini bura əlavə etməklə sayı 100 minə çatdırmaq olar. Bu doğrudan da Ermənistan miqyasında ən böyük strukturdur. Amma  V.Sərkisyanın bu bəyanatının əsl mahiyyəti yeni baş nazirə qarşı yönəlib; Ermənistanın indiki oliqarxik iqtisadiyyatı prezident S.Sərkisyanı qane edir. “İskəndər”ə verdiyi pulun və ya digər başqa şeyin hesabına baş nazir təyin olunmuş K.Karapetyan bu oliqarxik sistemin əleyhinə getməyəcəyinə vəd verib. İlkin addımları da bunu göstərir. Amma erməni, ermənidir. Ona görə, S.Sərkisyan baş nazirə inanmır. Ermənistan ordusunun təchizatı, satınalmaları konseptual olaraq dəyişdirilməyəcək. Başqa sözlə. orduya bu vaxtadək hansı oliqarx unu satırdısa, indi o satacaq. Ordunu şəkərlə kim təmin edirdisə, indi də o təmin edəcək və s. K.Karapetyan ölkənin daxili- iqtisadi həyatında yeni hərəkət yarada bilməyəcək. Onun təminatçısı V.Sərkisyanın rəhbərlik etdiyi ordudur.

Gürcüstanda seçkilərin əsas yekunu- antirusiyaçılıq permanent-radikal deyil, idarəolunan olmalıdır

Parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyası qalib gəldi. Bununla yanaşı daha iki partiya 5 faizlik baryeri aşmış hesab edirlər.. “Gürcü arzusu” partiyasının parlamentdə konstitusion üstünlüyü ələ alacağı ən çox ehtimal olunandır. ATƏT, Aİ, AŞPA, NATO PA və s. bütün beynəlxalq qurumlar seçkiyə müsbət rəy verdilər. Yalnız bəzi yerlərdə zorakılıq hallarının olduğunu və səslərin düzgün sayılmadığını qeyd etmişdilər. Parlament seçkilərində baş verənlər bir çox prizmalardan diqqəti çəkir:

Hakim “Gürcü Arzusu” koalisiyası parçalanmışdı, bu seçkiyə demək olar ki, tək getdi. “Respublikaçılar” və “Azad Demokratlar” bu seçkilərdə ayrıca iştirak etdilər. “Gürcü Arzusu” koalisiyasının parçalanması onun üçün ciddi siyasi itki idi.

Ölkənin sosial-iqtisadi həyatında heç bir uğur baş verməyib. Əksinə vəziyyət getdikcə çətinləşir. Gürcüstanın məcmu xarici borcu 15,1 milyard dollara yaxınlaşıb.

Bu seçkilərdə ermənilər heç bir partiyaya, o cümlədən “Gürcü Arzusu” koalisiyasına səs vermədilər. Gürcüstandakı azərbaycanlılar da daha çox öz maraqları uğrunda fəaliyyət göstərdilər.

M.Saakaşvili əhali tərəfindən qorxu faktoru kimi qəbul edilmirdi.

Ümumiləşdirmə aparsaq, iki vacib nəticə göz qabağındadır. Birinci nəticə-hakim “Gürcü Arzusu” partiyası hakimiyyət resurslarından geninə-boluna istifadə etdi və seçkinin taleyini bu resurs həll etdi. İkinci nəticə-Qərb Gürcüstanda kəskin antirusiyaçılıqda deyil, idarə olunan antirusiyaçılıqda maraqlıdır. Bu, prizmadan M.Saakaşvili idarə olunmaz antirusiyaçıdır. Onun partiyasının qələbə çalması Gürcüstanı tamamilə antiRusiya relsə qoyacaqdır. Rusiya buna reaksiya verə bilərdi.

Beləliklə, Rusiya Qərb qarşıdurması güclənə, hətta hərbi toqquşma baş verə bilərdi. Ona görə, Qərb B.İvanişvili-Q.Kvirikaşvili komandasını dəstəklədi. “Gürcü Patriotları Alyansı” rusiyapərəst qüvvədir. Onun  5 faizlik baryerini aşmasının taleyini 0,1 faiz həll edirdi. İqtidar istəsə idi bu, rusiyapərəst partiyanı parlamentə buraxmazdı. Amma parlamentdə rusiyapərəst qüvvələrin mövcudluğu Rusiyanı sakitləşdirmək, bəlkə də aldadıcı sakitləşdirmə prizmasından ABŞ-a lazım idi.

Seçkinin taleyini də M.Saakaşvilinin səsverməyə bir neçə saat qalmış “mən Gürcüstana gəlməyəcəyəm” bəyanatı həll etdi. O vaxtadək M.Saakaşvili elektoratı Gürcüstana gələcəyinə inandırmışdı. Gürcü hökuməti Ukraynaya müraciət etdi. Ehtimal ki, ABŞ-ın gizli rolu ilə P.Poroşenko administrasiyası Odessa vilayətinin qubernatoru işləyən M.Saakaşvilini sözünü dəyişməyə vadar etdilər.

Parlament seçkilərinin digər mühüm göstəricilərindən biri Gürcüstandakı azərbaycanlıların aktivliyinin artmasıdır. Gürcüstandakı hakimiyyətlər həmişə Gürcüstan vətəndaşı olan azərbaycanlıların səslərini özlərinki hesab ediblər. Amma bu seçkilərdə azərbaycanlı əhali maksimal deputat kürsüsünə malik olmaq istiqamətində səylərini artırdı. Rəsmi statistikaya görə, Gürcüstandakı azərbaycanlılar ümumi əhalinin 15 faizidir. Belə olan təqdirdə 150 yerlik parlamentdə 22-23 deputat kürsüsü azərbaycanlılara çatmalıdır. Gürcü iqtidarı yalnız təzyiq altında azərbaycanlıların 5 deputat yerinə sahiblənməsinə dözür, 6-cı yeri vermək istəmir.

Bu prizmadan “Gürcü Patriotları Alyansı”nın rəhbərinin antiAzərbaycan bəyanatı da təsadüfi hesab edilməməlidir. Guya Azərbaycan Gürcüstanın azərbaycanlılarla kompakt yaşayan Marneuli regionunu Gürcüstandan ayırmaq istəyir. Sonradan bu mövqe gürcü rəsmiləri, o cümlədən Gürcüstanın Bakıdakı səfirliyi tərəfindən təkzib olundu. “Gürcü Patriotları Alyansı”nın lideri David Tarxan-Mouravi Azərbaycan əleyhinə belə fikir səsləndirmədiyini bildirdi.

Gürcüstanın erməni vətəndaşları da aktivliyini artırıblar. Lakin azərbaycanlıların daha çox artan aktivliyi fonunda ermənilərin aktivliyi diqqət cəlb etmədi.

1news.az

Paylaş:
634

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər