Hacı İsmayılov: “Onlarla mənim həyatım gözəl idi, indi ancaq xatirələrdə qalıb” - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Hacı İsmayılov: “Onlarla mənim həyatım gözəl idi, indi ancaq xatirələrdə qalıb” - FOTO - VİDEO

Ayşən İsmayılova11:25 - 14 / 10 / 2024
Hacı İsmayılov: “Onlarla mənim həyatım gözəl idi, indi ancaq xatirələrdə qalıb” - FOTO - VİDEO

“Teatr mənim həyatımdır, kino isə məhəbbətimdir”.

Bu sözləri 1news.az-a müsahibəsində Azərbaycanın Xalq artisti və Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri Hacı İsmayılov söyləyib.

Xüsusən, şəkili Mustafa müəllim obrazı ilə xatırlanan və sevilən sənətkarımız söhbət zamanı həm hazırkı fəaliyyətindən və gələcək planlarından söz açdı, həm də illərdir ki, könlünün qoynunda mürgüləyən xatirələrini bizimlə bölüşdü.

- Hacı İsmayılov deyəndə yada Şəki və Mustafa müəllim düşür. Hətta bu filmlərinizlə o qədər sevilmisiniz ki, insanlar şəkili olduğunuzu düşünürlər. Elə gəlin söhbətimizə buradan başlayaq. Əslində Hacı İsmayılov kimdir?

(Gülür-red.). Hacı İsmayılov adi bir insan və sənətkardır. Düzdür, çoxu məni filmlərdən şəkili kimi tanıyır. Bu da mənim üçün çox şərəflidir. Çünki Şəki bizim Azərbaycanımızın gözəl-göyçək yerlərindən biridir. Şirin söhbət istəyirsən, Şəkidə, şirin dil axtarırsan, o da Şəkidə. Amma mən Bakıda – İçərişəhərdə anadan olmuşam. Uşaqlığım orada keçib. Sonra başqa yerə köçmüşük. Amma Bakıda böyüyüb təhsil almışam. Hacı İsmayılov kimdir sualına elə Hacı İsmayılov deyə bilərəm (gülür -red.). Yəni öz sənəti ilə məşğul olan, məsuliyyətli, sənətini sevən... Hər kəsin borcudur ki, vətəndaş olsun. Vətəndaş olmaq üçün də 3 əsas şərt var: vətəni sevmək, dövlətinə qulluq etmək, millətinə xidmət etmək. Onda olursan əsl Azərbaycan vətəndaşı. Mən də Azərbaycan vətəndaşı olmağım ilə həmişə fəxr etmişəm, indi də fəxr edirəm və gələcəkdə də fəxr edəcəyəm.

- Teatr və kino sizin üçün nəyi ifadə edir?

Mən hələ məktəb illərindən dram dərnəyinə gedirdim və teatr aktyoru olmaq istəyirdim. Bu həvəslə Lütfi Məmmədbəyovun Xalq teatrına getdim. Universitetə girəndə də artıq arzum aktyor olmaq idi. Ona görə də dram və kino fakültəsinə qəbul oldum. Yaxşı müəllimlərim olub. O vaxt çox görkəmli rejissorlardan dərs almışam. Onlar mənə sənətin sirrlərin, xırdalıqlarını, texnikasını öyrədiblər. Yəni mənim müəllimlər barədə bəxti gətirmiş adamam. Bakının 190 nömrəli məktəbdə oxumuşam. O məktəb Bakıda, hətta Azərbaycanda çox tanınırdı. Məktəbin direktoru Sona xanım Tağıyeva idi. O məktəbi elə Sona xanımın adı ilə tanıyırdılar. Orada təhsil almışam. Mənim gözəl müəllimlərim olub. Ən çox yadımda qalan ədəbiyyat müəllimimdir. Çünki ədəbiyyat incəsənətə və mədəniyyətə yaxındır. Zərbəli Səmədov adında Sovet Sosialist Əməyi Qəhrəmanı idi. O, bizə təkcə dərs keçmirdi, eyni zamanda müxtəlif dramaturqların pyeslərindən tamaşalar oynayırdıq. Onlar hamısı birlikdə məni incəsənətə, aktyorluğa meyilli etdi. Və aktyor olmağımla da fəxr edirəm.

- Zahirən çox sakit, həlim birinə bənzəyirsiniz. Bəs Hacı İsmayılovu nə özündən çıxara bilər?

Məni özümdən çıxarmaq bir qədər çətin məsələdir (gülür -red.). Səbirli adamam. Bu da mənim dolça bürcü olmağımdan irəli gəlir. Yadıma gəlmir özümdən çox çıxmağım. Bilirəm ki, uşaq vaxtı dəcəl olmuşam. Məktəb illərində də sözə qulaq asmamışam. Necə uşaqlar, gənclər, mən də elə olmuşam. Amma çalışmışam hər şeyi səbirlə həll edim. Hətta sənət yoldaşlarım səbrimə hərdən həsəd aparırdılar. Deyirdilər, bunda səbir var. Bu, səbir edir-edir, axır bir şeyə nail olur. Görürsən, kinoya çəkildi, teatrda oynadı. Amma sizə deyim, teatrla kinonun fərqi çox böyükdür. Teatr mənim həyatımdır. Kino isə mənim sevgim, məhəbbətimdir. Yəni mən teatrda edə bilmədiklərimi kino vasitəsilə həyata keçirə bilmişəm. Hər ikisi mənim üçün vacibdir. Ümumiyyətlə aktyorun xoşbəxtliyi ondadır ki, həm teatrda işləsin, kinoya çəkilsin, həm televiziya tamaşalarına çəkilsin, radioda veriliş varsa, radioya getsin. Bunlar bütövlükdə aktyorun inkişafına çox kömək edir. Yəni birtərəfli olmur. Düzdür, elə sənətkarlarımız var ki, ancaq teatrla məşğuldurlar. Kinoya, televiziya tamaşasına çıxmırlar. Eləsi də var, sırf kino ilə məşğuldur, teatra o qədər də yaxın getmir. Bu da seçimdir. İnsan hiss edir ki, harada özünü yaxşı hiss edir, öz daxili aləmini, öz bacarığını büruzə verə bilər. Yəni meydança hansı meydançadır? Teatrmı, kinomu, televiziyamı, radiomu? Onu tapanda artıq özünü yaxşı hiss edir.

Mənim üçün kino teatrdan niyə fərqlidir? Teatr canlı sənətdir. Ümumiyyətlə, teatr çox möhtəşəm bir sənətdir. Dərin tarixi və kökləri var. Əl-ələ, göz-gözə, nəfəs-nəfəsə... Amma kino bir qədər vizualdır. Soyuq ekrandır və onu hiss etmirsən. Amma kinonun imkanları teatrdan çoxdur. Cürbəcür yerlərdə film çəkilə bilər. Çəkilən ağaclar, evlər, doğrudan da, olan şeylərdir. Teatrda isə butafor düzəldirlər. Amma hər ikisi də mənim üçün maraqlıdır. Hər ikisinə də vaxtımı sərf edəndə düşünürəm ki, çox mühüm, vacib işlə məşğulam. Həmişə nəzərə alıram ki, buna tamaşaçılar baxacaq və o məsuliyyəti həmişə özümdə hiss edirəm.

- Ad günü filminin bəzi hissələrinin çəkilişi sizin doğum gününüzə təsadüf edib. Filmlərinizin çəkilişi zamanı başqa hansı maraqlı məqamlar və təsadüflər yaşanıb?

Onu düz qeyd etdiniz. Mən 1944-cü il 22 yanvarda anadan olmuşam. “Ad günü” filmi də oktyabrda başlamışdı. Çəkilə-çəkilə yanvar ayına gəldik. Filmdə bir kadr var. Fəridə ilə yağışda evə gəlirlər. Fəridə soruşur ki, sənin neçə yaşın var? Deyirəm, 33. O da deyir, vaxtdır, evlənməlisən. Deyirəm, mən çox istəyirəm alınmır. Deyir, bir az cəsarətli olmaq lazımdır. Qızlar görəndə ki, oğlan əfəldir, başlayırlar oyun çıxarmağa. Həmin səhnə çəkildiyi gün, mənim, doğrudan da, 33 yaşım tamam olmuşdu.

- Teatr və kinomuzda hansı islahatlara ehtiyac var? Niyə sovet dövrü filmləri kimi filmlər ərsəyə gəlmir?

Müasir dövrdə kinolar çəkilir. Mən onlarla indiki filmləri müqayisə edəndə belə bir qənaətə gəlirəm ki, hər millət öz filmini çəkməlidir. Məsələn, Amerikalı hind filmi çəksə, o filmə heç kəs baxmaz. Yəni filmin kökündə millətin, xalqın mənəviyyatı, ruhu olmalıdır ki. Bir atalar sözü var: su gələn arxa bir də gələr. İnanıram ki, Azərbaycan kinosunun tarixi çox gözəldir və bünövrəsi var. Azərbaycanda çox gözəl filmlər çəkiləcək. Başqa yolu yoxdur. Mütləq çəkilməlidir.

- Hacı İsmayılovu hansı xatirələr kövrəldir?

Azərbaycan teatrının çox görkəmli sənətkarları olub. Çox təəssüf edirəm ki, onlardan bir çoxu vaxtından əvvəl dünyasını dəyişib. Bir neçəsi də mənim yaxın dostum olub. Onları bir-bir yadıma salanda deyirəm ki, bu adamlar niyə həyatdan belə tez getdilər? 40, 50, 60 yaşında. Axı onlar gərək yaşaya, yaradaydılar. Məni kövrəldən onlardır. Özümdə tənhalıq hiss edirəm. Onlarla mənim həyatım gözəl idi. Onlarla həyatım mənalı idi. İndi ancaq xatirələrdə qalıb. Heyifsilənirəm. Bu mənə təsir edir.

Daha ətraflı videomüsahibədə:

FOTO - VİDEO - Nadir İbrahimli

Paylaş:
3473

Son xəbərlər

Bütün xəbərlər