Formula 1 yarışlarında ikinci sərbəst yürüşün nəticələri məlum olub
Bakıda keçirilən Formula 1 yarışlarında ikinci sərbəst yürüş başa çatıb.
1news.az Trend-ə istinadən xəbər verir ki, bu mərhələni də “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen lider başa vurub.
Yürüşün son saniyələrində qəza törətməsinə baxmayaraq, o 1:43.362 dəqiqə nəticə göstərərək birinci yürüşdə göstərdiyi nəticəni daha da yaxşılaşdırıb.
İkinci nəticəni “Mercedes” pilotu Valtteri Bottas (1:43.462), üçüncü nəticəni digər “Red Bull” pilotu Daniel Rikkardo (1:43.473) göstərib.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.
Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxıb. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
1news.az