Nağı Səfərov yenidən Avropa Taekvondo Birliyinin İcraiyyə Komitəsinə üzv seçilib
Cənubi Koreyanın Muju şəhərində Dünya Taekvondo Federasiyasın növbəti Baş Assambleyası keçirilib.
1news.az-ın məlumatına görə, iclasda ötən dörd il ərzində müxtəlif ölkələrdə təşkil edilən yarışlar, tətbiq edilən yeni qaydalar və qarşıdan gələn yarışların hansı ölkələrdə keçirilməsi müzakirə olunub.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov va Niyaməddin Paşayevin də iştirak etdiyi toplantıda daha sonra qurumun müvafiq komitələrinə seçkilər keçirilib. Belə ki, 2005-ci ildən quruma rəhbərlik edən və bu vəzifəyə yeganə namizəd Çunq Von Ço yenidən DTF-nın prezident seçilib.
Seçki qaydalarına bir sıra dəyişikliklər edildiyinə görə Kontinental Taekvondo Birliklərinin seçilmiş prezidentləri birbaşa olaraq, DTF-nın vitse-prezidenti postunda yer alırlar. Digər iki vitse-prezident isə DTF-nın prezidenti tərəfindən yaxın günlərdə təyin ediləcək.
ATF-nın vitse-prezidenti Nağı Səfərova növbəti dəfə etimad göstərilib. N.Səfərov yenidən Avropa Taekvondo Birliyi (ATB) İcraiyyə Komitəsinə üzv seçilib. Seçkilər növbəti 4 il ərzində qüvvədə qalacaq.
1news.az