Əhmədinejad İrandakı etiraz aksiyalarını dəstəklədiyi üçün həbs edilib
İran hökuməti ölkənin sabiq prezidenti Mahmud Əhmədinejadı Şiraza səfəri çərçivəsində etiraz aksiyalarını dəstəklədiyi üçün həbs edib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, hadisə ilə bağlı ərəb nəşri Al-Quds Al-Arabi-nin Tehrandakı mənbəsi məlumat yayıb.
“Hökuməti İranın sabiq prezidenti Mahmud Əhmədinejadın Şiraza səfəri çərçivəsində etirazları dəstəklədiyi üçün həbs edib. Həbs ölkənin ali dini lideri Əli Xamneyinin razılığı əsasında həyata keçirilib”- deyə Londonda nəşr edilən ərəbdilli qəzet yazıb.
Mənbənin məlumatına görə, cümə axşamı günü Əhmədinejat Buşerin sakinləri qarşısında çıxış edərkən hazırki prezident Həsən Ruhani və onun hökumətinin ünvanına tənqidlər yağdırıb, onları xalqın problemlərindən kənar olmaqda, “pis idarəçilikdə” və “ictimai sərvəti inhisarçılıqda” ittiham edib.
Mühafizəkar Əhmədinejad 2 dövr ard-ardına 2005-ci ildəm 2013-cü illərədək ölkə prezidenti olub. 2009-cu ildə onun ikinci dəfə dövlət başçısı seçildikdən sonra ölkədə etirazlar baş verib.
Qeyd edək ki, İranın iri şəhərləri olan Tehran, Məşhəd, İsfahan və Rəştdə ötən ilin 28 dekabrından kütləvi etiraz aksiyaları keçirilir. Ölkə prezidenti Həsən Ruhani qeyd edib ki, etirazlar İrandakı problemlərlə, eləcə də digər ölkələrin təhriki ilə bağlıdır. KİV-in məlumatına görə, etirazlar zamanı 20 nəfər həlak olub, 450 nəfər isə həbs edilib.
Mövzu ilə əlaqədar oxuyun:
KİV: İranda keçirilən etiraz aksiyalarında 2 nəfər öldürülüb
S.Xankişiyeva