Rusiyanın xalq artisti “Cücələrim”i Azərbaycan dilində ifa edib – VİDEO
Rusiyanın xalq artisti Aleksandr Rozenbaum Birinci kanalda yayımlanan “Kim milyonçu olmaq istəyir” şousunun efirində “Cücələrim” mahnısından bir bəndi Azərbaycan dilində ifa edib.
Rozenbaum qeyd edib ki, “Cücələrim” onun ilk ifa etdiyi mahnıdır və indiyə qədər mahnının sözlərini xatırlayır.
“Cücələrim” – Azərbaycan dilində olan uşaq mahnısıdır. 1949-cu ildə yazılan mahnının bəstəkarı Qəmbər Hüseynli, sözləri isə Tofiq Mütəllibova məxsusdur.
Mahnı 1959-cu ildən sonra Azərbaycandan kənarda da məşhur olub. Belə ki, Moskvada Azərbaycan incəsənətinin onillikləri keçirilən zaman Suğra Bağırzadənin ifasında böyük rəğbət qazanıb.
Onun ifasında “Cücələrim” mahnısı “Dünyanın ən yaxşı uşaq səsləri” plastinkasına salınıb. Həmçinin “Cücələrim” “Düşərsən, əlimə! (Ну, погоди!) çizgi filmində də səsləndirilib. Ötən il isə müğənni Aygün Kazımovanın ifasında “Cücələrim” yeni versiyada səsləndirilib.
S.Xankişiyeva