Milli Paralimpiya Komitəsinin prezidenti lisenziya qazanmış idmançıları qəbul edib - FOTO
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov parataekvando üzrə Avropa Təsnifat Turnirində iştirak edən paralimpiyaçıları qəbul edib. Görüşdə MPK-nın baş katibi Kamal Məmmədov, parataekvando üzrə milli komandanın baş məşqçisi Fərid Tağızadə komandanın digər üzvləri iştirak ediblər.
1news.az-ın xəbərinə görə, tədbiri açan MPK prezidenti İlqar Rəhimov yarışların uğurlu olduğunu və bu yarışlarda "Tokio 2020" Yay Paralimpiya Oyunlarına 4 lisenziya qazanıldığını qeyd edib. Bununla belə İlqar Rəhimov qeyd edib ki, parataekvando komandası daha da əzmlə çalışmalı və növbəti yarışlarda daha yaxşı nəticələr əldə etməlidir. “Qarşıdakı əsas hədəf "Tokio 2020" Paralimpiya Oyunlarıdır. Bu oyunlara cəmi 3 ay vaxt qalıb. Bu vaxt ərzində var qüvvənizlə məşq etməli və ümidləri doğrultmalısınız" - deyə o əlavə edib.
Komandanın baş məşqçisi Fərid Tağızadə yarışların gərgin mübarizə şəraitində keçdiyini, bununla belə, qarşıya qoyulan əsas hədəfə - "Tokio 2020"-yə lisenziyalar qazanmağa nail olunduğunu qeyd edib.