Rahatlıq, təhlükəsizlik və sürət: “Mobil Notariat” tətbiqi haqqında bilməli olduğunuz hər şey - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rahatlıq, təhlükəsizlik və sürət: “Mobil Notariat” tətbiqi haqqında bilməli olduğunuz hər şey - VİDEO

12:53 - 05 / 10 / 2022
Rahatlıq, təhlükəsizlik və sürət: “Mobil Notariat” tətbiqi haqqında bilməli olduğunuz hər şey - VİDEO

2020-ci ildə Azərbaycanın Ədliyyə Nazirliyi “Mobil Notariat” tətbiqini istifadəyə verdi. Ölkənin notarial fəaliyyətində “online” sıçrayış olan bu tətbiq bu gün dövlət orqanlarında istifadə edilən ən populyar mobil tətbiqlərdən biridir.

Müasir dünyanın əsas dəyərlərindən biri daim çatışmazlığından əziyyət çəkdiyimiz vaxtdır. Uşağın xaricə aparılması üçün icazənin rəsmiləşdirilməsi kimi hər hansı təcili işləri həll etməyə ehtiyac olduqda isə vaxt sanki daha sürətlə “axır”. Vaxt və pul itkisinə yol vermədən bu və digər vacib məsələləri həll etmək üçün “Mobil Notariat” tətbiqi köməyinizə çata bilər. Belə ki, tətbiq vasitəsilə əldə etdiyiniz elektron sənəd notariusda təsdiq olunmuş kağız daşıyıcıda olan sənədlə eyni hüquqi qüvvəyə malikdir.

Ölkədə notarial xidmətlərin göstərilməsi fəaliyyətində innovativ sıçrayış hesab olunan “Mobil Notariat” tətbiqi 24/7 rejimində aktivdir. Hansı ölkədə yaşamasından və hansı qitədə olmasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu tətbiqdən istifadə edə bilər. Bunun üçün şəxsiyyət vəsiqəsinə malik olmaq kifayətdir. Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsindəki məlumatları daxil edilməlidir.

Tətbiqdə notarial ofislərin siyahısı (360o-lik virtual vizuallaşdırma), onların iş saatları və əlaqə məlumatları öz əksini tapıb. İstifadəçinin bu və ya digər sorğusunu “Mobil Notariat” tətbiqi avtomatik olaraq qəbul edir və onu növbətçi notariusa göndərir. Tətbiqdə qeydiyyatdan keçdikdən sonra (qeydiyyat prosedurunun ətraflı əks olunduğu video-təlimatla aşağıda tanış ola bilərsiniz – red. qeydi) bütün notarial sənədləriniz və nə vaxtsa həyata keçirdiyiniz notarial fəaliyyətinizin iştirakçıları haqqında məlumatlara çıxış əldə edirsiniz.

“Mobil Notariat” sənədin statusunun (həqiqiliyinin) dəyişməsi haqqında istifadəçiyə bildiriş göndərir və sənədin elektron versiyasından istifadəni təmin edir. Bundan başqa, istifadəçiyə notarial xidmətlərə görə ödənişlərin məbləği, notarial fəaliyyətdə iştirak edən şəxslər və s. haqqında ətraflı məlumat təqdim olunur.

Məlumatların təhlükəsizliyi ilə bağlı xüsusilə vurğulanmalı olan daha bir məqam tətbiqin istifadəçi məlumatlarını toplayıb ötürməməsi ilə bağlıdır. Belə ki, heç bir şəxsi məlumatlar üçüncü şəxslərə ötürülmür.

“Mobil Notariat”ın köməyi ilə siz evi və ya ofisi tərk etmədən bir neçə dəqiqə ərzində müxtəlif növ etibarnamələri rəsmiləşdirə bilərsiniz:

- Müxtəlif qurumlarda təmsilçiliklə bağlı etibarnamə;

- Vəkilə verilən etibarnamə;

- Banklarda təmsilçilik məqsədilə verilən etibarnamə;

- Vərəsəlik işləri ilə bağlı etibarnamə;

- Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə

- Nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi;

- Sosial etibarnamənin elektron qaydada verilməsi.

Rəsmiləşdirmə və sənədin elektron versiyasının alınması cəmi bir neçə kliklə həyata keçirilir (vərəsəlik işləri ilə bağlı etibarnamənin rəsmiləşdirilməsi ilə bağlı ətraflı video-təlimatla aşağıdakı tanış ola bilərsiniz).

“Mobil Notariat” ilə aşağıda qeyd olunan ərizələrin elektron qaydada təsdiq edilməsi mümkündür:

- Yetkinlik yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun verilməsinə dair razılıq ərizəsi

- Yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq ərizələri

- Daşınmaz əmlaka sərəncam verilməsinə dair ərin-arvadın və həmin ünvanda qeydiyyatda olan şəxslərin razılıq ərizələri

- Yaşayış sahəsində qeydiyyata alınma ilə əlaqədar mülkiyyətçinin razılıq ərizəsi

- Etibarnamələrə xitam verilməsinə dair ərizələr

Əsas fərqləndirici xüsusiyyətləri müxtəlif rahatlıqlar, mütləq təhlükəsizlik və maksimum sürət olan “Mobil Notariat” tətbiqinin istifadəçiləri lazımi sənədləri yükləyə və yadda saxlaya, həmçinin onların elektron versiyalarından istifadə edə bilirlər. Hər şeydən əlavə mobil tətbiqdən istifadə təkcə vaxta və əsəblərinizə deyil, həm də büdcənizə qənaət etməyə imkan verir.

İndiyədək “Mobil Notariat” istifadəçilərinin sayı 400 minə çatır. Gündəlik olaraq tətbiqdən istifadə etməklə orta hesabla 1000 notarial əməliyyat həyata keçirilir.

”Mobil Notariat” tətbiqini “App Store və “Google Play platfomalarından pulsuz yükləyə bilərsiniz.

Tətbiq haqqında daha ətraflı məlumatı “Instagram, “Facebook, “Twitter sosial şəbəkələrindəki səhifələrdən əldə edə bilərsiniz. Bu və ya digər etibarnamənin təsdiq edilməsi üçün tətbiqdən necə istifadə edilməsi ilə bağlı ətraflı video-təlimatlarla “YouTube” kanalında tanış ola bilərsiniz.

Elektron poçt ünvanı - [email protected]

Rəsmi sayt - http://www.notariat.az/

Paylaş:
1892

Son xəbərlər

Bütün xəbərlər