Ceyhun Bayramov Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfər edən Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey ilə görüşüb.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüş zamanı tərəflər Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası (ÇXR) arasında siyasi, ticarət və iqtisadi, nəqliyyat əlaqələrinin yüksək inkişaf dinamikasını məmnunluqla qeyd edib, əməkdaşlığımızın qarşılıqlı maraq doğuran digər bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Ölkələrimiz arasında son illərdə həyata keçirilmiş yüksək səviyyəli rəsmi səfərlərdən məmnunluq ifadə olunub.
Tərəflər iki ölkənin regionları və şəhərləri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasının, inkişaf etdirilməsinin və qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini qeyd ediblər.
Görüş zamanı Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib.
C.Bayramov ölkələrimiz arasında nəqliyyat, tranzit və logistika sahəsində geniş əməkdaşlıq imkanları olduğunu, habelə Ələt Azad İqtisadi Zonasının və bu istiqamətdə sərmayələrin əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Tərəflər, ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlığın gələcək gündəliyini müzakirə edib, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
C.Bayramov həmkarına Ermənistanın 30 il müddətində ərazilərimizin işğalının fəsadları, 2020-ci ildən sonra bölgədə mövcud olan post-münaqişə vəziyyəti, sülh quruculuğu istiqamətində Azərbaycan tərəfindən atılan addımılar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, habelə mövcud mina təhdidləri barədə məlumatlandırıb.
Görüş zamanı, digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.