Azərbaycan Mərkəzi Bankı səhmdar cəmiyyətlərə xəbərdarlıq edib
Azərbaycan Mərkəzi Bankı (AMB) səhmdar cəmiyyətlərə xəbərdarlıq edib.
AMB-dan 1news.az-a bildirilib ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 75-ci maddəsinə görə səhmdar cəmiyyətin illik hesabatı hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanaraq onun səhmdarlarının ümumi yığıncağı tərəfindən təsdiq edilir və həmin tarixdən etibarən 10 gündən gec olmayaraq Mərkəzi Banka təqdim olunur. Mərkəzi Bank hesabatın açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, cəmiyyət təqdim etdiyi tarixdən etibarən 30 gün ərzində illik hesabatının öz internet səhifəsində (olduqda) və kütləvi informasiya vasitələrində açıqlanmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinə əsasən, emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır.
Səhmdar cəmiyyətlər cari il üzrə sahibkarlıq fəaliyyətini dayandırdığı halda bu barədə cəmiyyətin ümumi yığıncağının qərarı və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq Dövlət Vergi Xidmətinə təqdim edilmiş arayış əlavə olunmaqla Mərkəzi Banka məlumat verilməsi tövsiyə olunur. Emitentlərin nəzərinə çatdırılır ki, qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə səhmdar cəmiyyətlərinin illik hesabatının hazırlanması, Mərkəzi Banka təqdim edilməsi və açıqlanması təmin edilmədikdə bu, emitentlərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş qaydada inzibati məsuliyyətə cəlb olunmasına səbəb olur.