Sevinc Fətəliyeva: Tarix boyu ermənilər dəfələrlə Azərbaycan xalqına qarşı amansız qətliamlar törədiblər
“Azərbaycan xalqı tarixdə dəfələrlə qanlı hadisələr, faciələrlə üzləşib. Tarix boyu ermənilər dəfələrlə Azərbaycan xalqına qarşı amansız qətliamlar törədiblər. Bu qətliamlar arasında 1918-ci il martın 31-də törədilmiş qırğınlar xüsusi amansızlığı ilə fərqlənib. Minlərlə insan yalnız azərbaycanlı olduqları üçün ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilib”.
Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, sovet dönəmində bu qanlı tarix təhrif edilsə də, əsl həqiqətləri gizlətmək mümkün olmayıb. Belə ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra soyqırımı həqiqətlərinin üzə çıxarılması istiqamətində sistemli tədbirlər görülməyə başlandı. Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdı. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdi.
Millət vəkilinin sözlərinə görə, həmin Fərmanın imzalanması məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətlərin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu əsərlər yazıldı və xarici dillərə tərcümə olundu. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
“2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verildi. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilib və 2013-cü il sentyabrın 18-də açılıb. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”.
Erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən digər bir addım isə Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalaması oldu. Azərbaycan xalqı olaraq bu məsələni hər zaman diqqətə saxlamalı, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərimizi daha da gücləndirməliyik. Bu prosesdə təkcə dövlət qurumları deyil, bütövlükdə cəmiyyətimiz, o cümlədən xaricdəki diaspor təşkilatlarımız hər zaman fəallıq göstərməlidir. Dünya xalqları ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğınlar haqqında məlumatlı olmalıdır. Bu amil ermənilərin saxta iddialarının ifşa olunmasında çox vacibdir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.