Avtomobillərin idxalına məhdudiyyət ikinci əl maşınların qiymətinə təsir edəcək? - Ekspert açıqladı
Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli qərarı ilə istismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırıldı.
Bəs görəsən bu qərar ölkədə ikinci əl avtomobil bazarına necə təsir edəcək?
Məsələ ilə bağlı 1news.az-a danışan avtomobil sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib ki, Nazirlər Kabinetinin yeni qərarı ölkədə avtomobil parkının yenilənməsinə və ekosistemin yaxşılaşmasına xidmət edəcək.
"Ölkəmizdə yaşı 10 ildən çox olan avtomobillərin sayı həddindən artıq çoxdur. Həmçinin qeyd etmək lazımdır ki, son illərdə Gürcüstandan da Azərbaycana yararsız, ömrünü başa vurmuş avtomobillər daşınırdı. Nazirlər Kabinetinin qərarı qərarı bunun qarşısını qismən alacaq. Bu qərarın qəbul edilməsi Azərbaycanda qarşıdan gələn yeni bir qərarı şərtləndirir, o da, ola bilər ki, bundan sonrakı qərar Azərbaycanın “Avro-5” ekoloji standartlara keçidlə bağlı olsun".
Ekspert bildirib ki, qərarın qüvvəyə minmə tarixi 30 gün sonradır.
"Hal-hazırda vətəndaşlarımızın xarici ölkələrdən aldığı minlərlə avtomobil var ki, onlar yoldadır. Həmin ölkələr uzaq ölkələrdir və avtomobillərin gətirilməsi minimum 2 ay çəkir. Bəzən iki aydan çox da olur.
Ona görə də düşünürəm ki, dövlət bunları nəzərə alaraq, həmçinin sosial yönümlü siyasəti nəzərə alaraq, bu 30 gün müddətini bəlkə 60 günə qədər uzatsa daha yaxşı olar. Hal-hazırda vətəndaşlarımızın sifariş etdiyi, hətta ödənişini etdiyi avtomobillər ölkəyə daxil ola bilsin. Əks halda həmin maşınlar Gürcüstan limanlarında qala bilər, bu da bizim vətəndaşlarımıza ziyan ola bilər.
“Bu qərardan sonra yay aylarında ikinci əl avtomobillərin qiymətinin 2 faiz ətrafında artacağını düşünürəm”. – deyə, E.Cəfərov əlavə edib.