UNESCO qərargahında Azərbaycanın İpək Yolu irsi təqdim olunur
Dövlət Turizm Agentliyi UNESCO-nun Parisdəki mənzil-qərargahında “İpək Yolu” proqramının 35-ci ildönümünə həsr olunmuş konfransda geniş ekspozisiya ilə iştirak edir.
Agentlikdən 1news.az-a bildirilib ki, Azərbaycan, Çin, Qazaxıstan, Monqolustan və Omanın UNESCO yanında daimi nümayəndəlikləri tərəfindən birgə təşkil olunan konfransda bu ölkələrin İpək Yolu irsi nümayiş etdirilir.
Azərbaycana dair ekspozisiya ölkəmizin İpək Yolu irsinə əsaslanan turizm potensialının inkişafı məqsədilə yeni “Find your own Silk Road in Azerbaijan” şüarı altında təqdim olunur.
Ekspozisiyada Azərbaycanın İpək Yolu üzərində yerləşən digər ölkələrin mədəni irs elementləri ilə oxşar və eyni tərəflərini vurğulayan nümunələr, bu oxşarlığı özündə əks etdirən çoxsaylı abidələr haqda məlumatlar, həmçinin sənətkarlıq, musiqi və mətbəx elementləri nümayiş etdirilir.
UNESCO-nun baş direktorunun müavini xanım Qabriela Ramos və digər rəsmi şəxslər Dövlət Turizm Agentliyinin təşkil etdiyi “Find your own silk road in Azerbaijan” ekspozisiyası ilə tanış olaraq ölkəmizin turizm potensialının genişləndirilməsində İpək Yolu irsinin böyük rolu olacağını vurğulayıblar. Tədbir çərçivəsində “İpək yolu - müxtəliflik, dialoq və sülh” adlı beynəlxalq forum, fotomüsabiqə və elmi simpozium keçirilib, sənədli film nümayiş etdirilib.
1988-ci ildə start verilən UNESCO “İpək yolu” proqramı şərq və qərb xalqları arasında qarşılıqlı mədəni əlaqələrin araşdırılması və inkişafı istiqamətində müxtəlif təşəbbüsləri əhatə edib. 2012-ci ildən etibarən proqramın ikinci mərhələsində isə artıq ölkələr arasında tərəfdaşlıq və şəbəkənin qurulması, birgə layihələrin reallaşdırılmasına diqqət artırılıb.
Dövlət Turizm Agentliyi yaxın perspektivdə Azərbaycanın İpək Yolu irsi üzərindən turizm potensialının gücləndirilməsi məqsədi ilə inkişaf planı hazırlayıb.
Sənədə əsasən, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycanın maddi və mədəni irs elementləri üzərindən İpək Yolu mövzusunda müxtəlif turizm məhsullarının hazırlanması, regional İpək Yolu mərkəzlərinin yaradılması, müxtəlif tədbir və festivalların həyata keçirilməsi planlaşdırılır