Hikmət Hacıyev diplomatların Kəlbəcər səfəri ilə bağlı paylaşım edib
Bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri sentyabrın 18-də Kəlbəcərə səfər edib.
1news.az xəbər verir ki, səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Hikmət Hacıyev öz “X” hesabında səfərlə bağlı paylaşım edib. Paylaşımda deyilir:
“Biz diplomatik korpusla birlikdə Ermənistanın hərbi işğalının ön cəbhəsində olan Naftalandan Kəlbəcərə səfər edirik. Antiterror əməliyyatlarından sonra dağlarla əhatə olunmuş Kəlbəcərə giriş Ağdərə bölgəsi vasitəsilə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yolda Ermənistan tərəfindən uzun müddət hidroterrorizm və su məhrumiyyəti üçün istifadə olunan Sərsəng su anbarını, eləcə də yeni açılmış yaşayış binalarını, sənaye və mədəni-dini obyektləri və Prezident İlham Əliyevin son vaxtlar açılışını etdiyi digər obyektləri ziyarət edəcəyik.
Kəlbəcərin işğalı 1993-cü ildə Ermənistan ərazisindən başlayan hərbi hücum nəticəsində baş verib. Bu hərbi təcavüz aktı Ermənistanın işğalçı dövlət kimi dövlət məsuliyyətini müəyyən edib və BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbuluna səbəb olub. İşğaldan öncə Kəlbəcər və onun mülki əhalisi təxminən bir il blokadada qalıb. Yeganə çıxış yolu çox məhdud girişi olan dolama Ömər aşırımından idi.
Erməni terror təşkilatı ASALA-nın üzvü Monte Melkonyan Xocalı soyqırımına bənzər Kəlbəcər tunel yolunda dinc əhaliyə qarşı qırğınlar təşkil edib. İşğal zamanı, hətta Kəlbəcərdən çıxarılarkən Kəlbəcərdə mülki əmlak və mədəniyyət abidələri dağıdılıb, talan edilib. Sanki bu kifayət deyilmiş kimi, Ermənistan və onun Qərb institutlarındakı tərəfdarları, eləcə də pullu lobbiçilər utanmadan və ən kiçik günahkarlıq hissi duymadan Azərbaycana qarşı əsassız və absurd ittihamlar irəli sürməyə davam edirlər. Biz riyakar bir dünyada yaşayırıq! Amma “Həqiqət və ədalət əyilə bilər, lakin sınmaz."