Aqil Şirinov: Texnologiyaların inkişafı ailəvi və mənəvi dəyərlərin ötürülməsi qarşısında yeni çağırışlar yaradır | 1news.az | Xəbərlər
Cəmiyyət

Aqil Şirinov: Texnologiyaların inkişafı ailəvi və mənəvi dəyərlərin ötürülməsi qarşısında yeni çağırışlar yaradır

Qafar Ağayev12:50 - Bu gün
Aqil Şirinov: Texnologiyaların inkişafı ailəvi və mənəvi dəyərlərin ötürülməsi qarşısında yeni çağırışlar yaradır

"Dəyişən dünyanın şərtləri daxilində milli-mənəvi dəyərlərin gələcək nəsillərə düzgün çatdırılması müasir dövrün əsas vəzifələrindən biridir".

1news.az xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, dini təhsilin əsas vəzifələrindən biri mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsidir. Bu proses ailədə başlayır, məscidlərdə, mədrəsələrdə və digər təhsil müəssisələrində davam edir.

A.Şirinov bildirib ki, ailə cəmiyyətin təməli və onun kiçik modelidir. Dini baxımdan ailə sadəcə bioloji birlik deyil, həm də mənəvi vəhdətdir. İnsan mənəvi dəyərlərlə ilk dəfə ailədə tanış olur. Lakin bu dəyərlər haqqında danışmaq kifayət deyil, onları şəxsi nümunə ilə göstərmək də vacibdir. Uşaqlar üçün ilk davranış nümunəsi valideynləridir.

İnstitut rektoru Qurani-Kərimdəki “Ey iman gətirənlər! Nə üçün etmədiyiniz bir şeyi deyirsiniz?” ayəsini xatırladaraq mənəvi dəyərləri təbliğ etməklə yanaşı, onlara əməl etməyin də vacibliyini vurğulayıb.

O qeyd edib ki, müasir dövrdə ailə modeli də dəyişib. Əvvəllər nənə, baba və digər qohumların birgə yaşadığı böyük ailələrdə uşaqların tərbiyəsi ortaq məsuliyyət olduğu halda, bu gün valideynlər və uşaqlardan ibarət nüvə ailələri daha geniş yayılıb. Nəticədə uşaqların tərbiyəsində iştirak edən insanların dairəsi daralıb.

“İnsanın mahiyyəti və mənəvi ehtiyacları əslində dəyişmir, dəyişən yalnız zamandır. Qarşımızda mühüm bir sual dayanır: dəyişən dünyanın şərtləri daxilində dəyişməz dəyərləri insanlara necə çatdırmaq olar? Müasir ailəyə təsir edən əsas amillərdən biri texnoloji tərəqqidir. Bu gün biz rəqəmsal dünyada, süni intellekt dövründə yaşayırıq. Bu dəyişikliklərə müxtəlif cür yanaşmaq olar, lakin onlar artıq həyatımızın bir hissəsinə çevrilib və uşaqların dünyagörüşünə təsir göstərir. Buna görə də texnologiyaların inkişafı ailəvi və mənəvi dəyərlərin ötürülməsi qarşısında yeni çağırışlar yaradır”, - deyə A.Şirinov bildirib.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər