Məktəblərdə geyim formaları ilə bağlı monitorinqlər keçiriləcək
Dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli forması tələblərinə və müəllimlərin geyim qaydalarına əməl olunması ilə bağlı monitorinqlər təşkil ediləcək.
1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinə, eləcə də təhsilverənlərin pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarına əməl olunması vəziyyətinin yoxlanılması nəzərdə tutulur.
Qeyd edilib ki, təhsil müəssisələrində vahid geyim formaları ilə bağlı qaydaların icrasına nəzarət məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Geyim forması ilə bağlı müvafiq məsələlər isə Pedaqoji Şuralarda müzakirə olunaraq həll edilir.
Məlumatda vurğulanıb ki, şagirdlərin müəyyən edilmiş məktəbli formasında dərsə gəlməsini təmin etmək valideynlərin birbaşa məsuliyyətidir.
Qeyd olunub ki, vahid geyim forması tələblərinin tətbiqində əsas məqsəd təhsil müəssisələrində intizamlı, səliqəli və bərabər təhsil mühitinin formalaşdırılmasıdır.












