Rusiya Kiyevdə hərbi sənaye obyektlərinə və raket anbarlarına zərbələr endirdiyini açıqlayıb
Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevdə hərbi sənaye müəssisələrini, raket və pilotsuz uçuş aparatlarının (PUA) anbarlarını vurduğunu bəyan edib.
1news.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Məlumata görə, Rusiya ordusu gecə saatlarında qurudan buraxılan yüksək dəqiqlikli silahlardan və zərbə PUA-larından istifadə etməklə Ukraynaya intensiv hücumlar həyata keçirib.
Açıqlamada Kiyevdə yerləşən “Data Group” məlumatların emalı mərkəzinin, eləcə də uzaqmənzilli PUA-ların hissələrinin və FP-5 “Flamingo” qanadlı raketlərinin mühərriklərinin istehsal və saxlanıldığı bildirilən “Fire Point” logistika mərkəzinin vurulduğu qeyd olunub.
Bundan başqa, orta və uzaqmənzilli PUA-ların döyüş başlıqları üçün komponentlərin istehsal edildiyi bildirilən “Himvolokno” sənaye müəssisəsinin, həmçinin FP-5 “Flamingo” qanadlı raketlərinin və FP-9 ballistik raketlərinin hissələrinin saxlanıldığı qeyd olunan Kiyev lokomotiv deposunun hədəf alındığı bildirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kiyev vilayətinin İrpin şəhərində hərbi sənaye üçün polimer materiallar istehsal edən “Planeta Plastik” zavoduna da zərbə endirilib.
Açıqlamada, həmçinin Odessa limanından 130 kilometr cənub-qərbdə hərəkətdə olan quru yük gəmisinin vurulduğu bildirilib. Rusiya tərəfi gəminin hərbi təyinatlı və ikili təyinatlı yüklər daşıdığını iddia edib.
Nazirliyin digər açıqlamasında isə Rusiya hava hücumundan müdafiə sistemlərinin gecə ərzində müxtəlif bölgələrdə Ukraynaya məxsus təyyarə tipli 149 PUA-nı vurduğu bildirilib.












