Kim Çen In beyin qanaması və ölümü ilə bağlı şayiələrdən sonra ictimaiyyət qarşısına çıxıb

Şimali Koreya lideri Kim Çen Inin beyin qanaması keçirdiyi, komaya düşdüyü və ya öldüyü barədə təsdiqlənməmiş iddiaların yayılmasından sonra onun geyim və ayaqqabı sərgisinə baş çəkərkən çəkilmiş yeni görüntüləri yayımlanıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA-nın çərşənbə axşamı yaydığı fotolarda Kim Çen Inın bazar ertəsi 2026-cı il Milli Geyim və Ayaqqabı Sərgisini ziyarət etdiyi əks olunub. O, sərgiyə qızı Kim Ju Ae və həyat yoldaşı Ri Sol Ju ilə birlikdə baş çəkib. Fotolarda Şimali Koreya liderinin sərgidə nümayiş etdirilən məhsullarla tanış olduğu və rəsmilərlə söhbət etdiyi görünür.
Kim Çen Inın ictimaiyyət qarşısına çıxması onun səhhəti ilə bağlı həftəsonu sosial şəbəkələrdə yayılan fərziyyələrdən sonraya təsadüf edib. Paylaşımlarda Şimali Koreya liderinin ağır beyin qanaması keçirdiyi, komaya düşdüyü və təcili tibbi yardım üçün Pekinə aparıldığı iddia olunurdu.
Bəzi paylaşımlarda Kim Çen Inın vəfat edəcəyi təqdirdə onu kimin əvəzləyəcəyi məsələsi də müzakirə olunub. Bu kontekstdə onun qızı Kim Ju Ae və nüfuzlu bacısı Kim Yo Jong mümkün varislər kimi göstərilib. Bununla belə, liderin səhhəti ilə bağlı iddiaları təsdiqləyən hər hansı yoxlanıla bilən sübut təqdim edilməyib.
Sözügedən iddialar X sosial şəbəkəsində və digər onlayn platformalarda geniş yayılıb. Bəzi hesablar Pxenyanda tibbi imkanların məhdud olduğunu əsas gətirərək Kim Çen Inın müalicə üçün Pekindəki xəstəxanalardan birinə aparıldığını irəli sürüblər.
Digər paylaşımlarda isə Şimali Koreyada mümkün hakimiyyət mübarizəsi ilə bağlı ehtimallar səsləndirilib. Lakin Kim Çen Inın öldüyünü və ya ölkədə hakimiyyətin təcili şəkildə başqa şəxsə ötürülməsi prosesinin başlandığını təsdiqləyən etibarlı açıq məlumat olmayıb.
KCNA-nın məlumatına görə, Kim Çen In sərgiyə səfəri zamanı Şimali Koreyada geyim və ayaqqabı sənayesinin inkişafını yüksək qiymətləndirib.
Dövlət xəbər agentliyinin məlumatında bildirilir ki, sərgidə 70 700-dən çox geyim nümunəsi və 170 000-dən artıq cüt ayaqqabı nümayiş etdirilib. Məhsullar ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən fabriklərdə istehsal olunub.
Bu istehsal Kim Çen Inın regional inkişaf siyasətinin bir hissəsidir. Həmin siyasət əsas şəhərlərdən kənarda istehsal imkanlarının genişləndirilməsini və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını hədəfləyir.
Qeyd edək ki, Kim Çen Inın səhhəti ilə bağlı şayiələr əvvəllər də bir neçə dəfə yayılıb. Şimali Koreyada məlumatların məxfi saxlanılması səbəbindən liderin qısa müddət ərzində ictimaiyyət qarşısında görünməməsi belə onun sağlamlığı və mümkün varisi ilə bağlı müxtəlif ehtimallara yol açır.
Xarici dövlətlər və kəşfiyyat qurumları Şimali Koreya liderinin vəziyyətini diqqətlə izləyirlər. Çünki ölkədə hakimiyyət dəyişikliyi regionda təhlükəsizlik vəziyyətinə təsir göstərə bilər.













