Luvr bağlı, küçələrdə iğtişaşlar – Fransada turistlərin tətili kabusa çevrildi | 1news.az | Xəbərlər
Dünya

Luvr bağlı, küçələrdə iğtişaşlar – Fransada turistlərin tətili kabusa çevrildi

Qafar Ağayev16:39 - Bu gün
Luvr bağlı, küçələrdə iğtişaşlar – Fransada turistlərin tətili kabusa çevrildi

Fransada bir aya yaxındır davam edən etirazlar həftəsonu zorakılıq, yanğın və talanlarla müşayiət olunaraq daha da genişlənib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, ölkəyə səfər edən turistlərin istirahətini də korlayıb.

Daha yaxşı təhsil şəraiti tələb edən lisey şagirdlərinin aksiyalarına həyat bahalılığına etiraz edən “sarı jiletlilər”, yanacağın qiymətlərindən narazı fermerlər və iqlim fəalları da qoşulub. Nəticədə ölkənin bir sıra şəhərlərində vəziyyət gərginləşib, küçələrdə qarşıdurmalar baş verib.

Etirazlar zamanı tarixi binalar, polis avtomobilləri, minik maşınları və zibil konteynerləri yandırılıb. Lüks mağazalar, supermarketlər, yerli ticarət obyektləri, barlar və restoranlar isə talanların hədəfinə çevrilərək ciddi zərər görüb.

6 800-dən çox saxlanılan, mindən artıq yaralı

Həftəsonu 800 min nəfərin iştirak etdiyi nümayişlər zamanı talan edilən obyektlərin sayının 1 500-ü keçdiyi bildirilir. Hadisələr nəticəsində yüz milyonlarla avro dəyərində maddi ziyanın dəydiyi qeyd olunur.

Sentyabrın 17-də tələbə etirazlarının başlamasından bəri keçirilən aksiyalar zamanı mindən çox insan yaralanıb, 6 800-dən çox şəxs isə saxlanılıb.

Turistlərin böyük məyusluğu

Fransada tətbiq olunan qismən komendant saatı və digər təhlükəsizlik tədbirləri vəziyyəti müəyyən qədər sabitləşdirsə də, etirazların təsirindən turistlər də kənarda qalmayıb.

İllərlə Fransaya səfər etməyi arzulayan, biletlərini əvvəlcədən alan və bəzən aylar öncədən otel rezervasiyası edən turistlər Parisin tarixi küçələrində gəzmək, dünyaca məşhur muzeyləri ziyarət etmək əvəzinə gərginlik və qarşıdurmalarla üzləşiblər. Onların çoxu üçün səbirsizliklə gözlədikləri istirahət məyusluqla nəticələnib.

Paris döyüş meydanını xatırladırdı

Ölkənin bir çox şəhərində olduğu kimi, illik turizm gəliri 16 milyard dollar olan paytaxt Parisdə də vəziyyət son dərəcə gərginləşib.

Yanan binalardan, avtomobillərdən və zibil konteynerlərindən qalxan tüstü polisin gözyaşardıcı qazı ilə qarışıb. Zirehli texnikanın su şırnaqları ilə islanan küçələrdə nümayişçilərin atdığı daşlar, şüşələr və “Molotov kokteylləri” havada uçuşub. Şəhərin bir çox hissəsində yaranan mənzərə turistlərin gözlədiyi sakit və romantik Parisdən xeyli fərqlənib.

Luvr Muzeyinə gedən turistlər şok yaşayıb

Parisə gələn turistlərin əsas ziyarət məkanlarından biri olan Luvr Muzeyi də etirazlardan təsirlənib. Şagirdlərin muzeyin qarşısında aksiya keçirməsi səbəbindən ziyarətçilərin binaya girişinə icazə verilməyib.

Həmkarlar ittifaqının jiletlərini geyinən şəxslərin də iştirak etdiyi nümayişdə aksiyaçılar mühafizəçiləri keçərək muzeyin piramida formalı əsas girişinin qarşısına toplaşıblar.

Əllərindəki biletləri göstərən niderlandlı cütlük baş verənlərə etiraz edərək dəfələrlə “Bu, utancvericidir” deyib.

İtaliyadan gələn başqa bir cütlük isə tələbələrin narazılığını başa düşdüklərini bildirib. Onlar muzeyə səfərlərini çərşənbə gününə keçirməyi düşündüklərini söyləyiblər.

Qeyd edək ki, hər gün təxminən 30 min ziyarətçini qəbul edən Luvr Muzeyi ənənəvi olaraq çərşənbə axşamı günləri bağlı olur.

Avstraliyalı turistdən çağırış: “Evinizdə qalın”

“Elysée-ni maarifləndirmək üçün daha çox tarix müəllimi istəyirik” və “365 gün qənaət siyasəti” kimi şüarların yer aldığı plakatlar daşıyan nümayişçilər Fransa Prezidenti Emmanuel Makronu və polisi onlara qarşı mübarizə aparmaqda ittiham ediblər. Onlar ölkəni blokadaya almaqda qərarlı olduqlarını da bəyan ediblər.

AFP-nin məlumatına görə, Avstraliyadan Parisə 20 saatdan çox davam edən təyyarə səfərindən sonra gələn 73 yaşlı turist Enn Boland da yaşadığı məyusluğu gizlətməyib.

Uzun yol qət edərək gəldiyi Luvr Muzeyinin aksiya səbəbindən bağlı olduğunu görən Boland Fransaya səfər etməyi planlaşdıran digər turistlərə qısa, lakin birmənalı mesaj ünvanlayıb: “Evinizdə qalın”.

Turistlər muzeyin qarşısında selfi çəkməklə kifayətləniblər

Parisə səfər edən niderlandlı turist Peter də şəhərdə gördüklərinin onu heyrətləndirdiyini deyib. Onun sözlərinə görə, Parisin küçələrində gəzmək əvəzinə özünü sanki müharibə zonasına düşmüş kimi hiss edib.

“Dəhşətli idi. Hər yerdə yanğınlardan qalan dağıntılar, səkilərdə isə şüşə qırıqları vardı”, – deyə o bildirib.

Luvr Muzeyinə daxil ola bilməyən turistlər isə səfərlərini yalnız binanın qarşısında foto və selfi çəkməklə yadda saxlamağa çalışıblar. Dünyaca məşhur muzeyin kolleksiyalarını görmək ümidi ilə gələnlər onun qarşısından geri dönməli olublar.

Cəmi bir həftəlik vizası var idi: “Heç olmasa, bundan zövq alım”

Etirazların ortasında qalan turistlərin sosial şəbəkələrdə yayılan görüntüləri arasında diqqətçəkən məqamlar da olub.

Cəmi bir həftəlik viza ala bildiyini deyən rusiyalı turistin davranışı xüsusilə diqqət çəkib. O, “Heç olmasa, bundan zövq alım” deyərək ətrafda baş verənlərə baxmayaraq qəhvəsini içib.

Sosial şəbəkələrdə yayılan digər görüntülərdə isə çamadanları ilə qarşıdurmaların baş verdiyi ərazilərdən keçməyə çalışan turistləri və hadisələri kənardan videoya çəkən insanları görmək mümkündür.

Almaniyadan Fransaya səfərlə bağlı xəbərdarlıq

Fransada baş verənlər digər ölkələrin də diqqət mərkəzindədir. Almaniya hakimiyyəti kütləvi etirazlar və mümkün yeni zorakılıq halları ilə əlaqədar vətəndaşlarına səfər xəbərdarlığı edib.

Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasında oktyabrın 17-də keçirilən nümayişlər zamanı Fransanın müxtəlif bölgələrində zorakılıq hadisələrinin baş verdiyi bildirilib.

Yaxın günlərdə yeni aksiyaların keçirilə və zorakılıq hallarının təkrarlana biləcəyi vurğulanıb. Fransada olan Almaniya vətəndaşlarına ehtiyatlı davranmaq və mümkün qədər nümayişlərdən uzaq durmaq tövsiyə edilib.

Açıqlamada, həmçinin yerli təhlükəsizlik qüvvələrinin və hüquq-mühafizə orqanlarının göstərişlərinə əməl etməyin vacibliyi qeyd olunub. Bildirilib ki, yeni hüquqi tənzimləmələr çərçivəsində icazəsiz və zorakılıqla müşayiət olunan nümayişlərdən uzaq durmaq barədə göstərişlərə əməl etməyən şəxslər cərimələnə və ya dəymiş zərərə görə kompensasiya ödəməli ola bilərlər.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər