Paşinyan: Sülh sazişini 2027–2028-ci illərdə imzalamalıyıq

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalanmalı olduğunu düşündüyünü açıqlayıb.
1news.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan cümə axşamı jurnalistlərə açıqlamasında Azərbaycanın sülh sazişi ilə bağlı müəyyən qeydlərinin olduğunu və prosesin hazırda bu mərhələdə olduğunu etiraf edib.
“Bildirmişdim ki, Azərbaycanla sülh sazişi 2031-ci ilədək imzalana bilər. Daha dəqiq desəm, hesab edirəm ki, biz sazişi 2027–2028-ci illərdə imzalamalıyıq. Azərbaycanla işləməliyik”, – deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 15-də hökumətin iclasında çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalanmalı və ratifikasiya olunmalı olduğunu bildirmişdi.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətnini paraflayıblar. Həmin gün ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan birgə bəyannamə imzalayıblar.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməlidir. Bakı hesab edir ki, Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları yer alır.











