Səfir: Özbəkistan və Azərbaycanı ortaq tarixi keçmiş və vahid gələcəyə doğru birgə səylər birləşdirir

"Özbəkistan və Azərbaycanı yalnız ortaq tarix deyil, həm də ümumi mənəvi dəyərlər, mədəni yaxınlıq və səmimi qardaşlıq hissi birləşdirir".
1news.az xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov "Özbəkistan və Azərbaycan: ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Səfir qeyd edib ki, əsrlər boyu yaşadıqları bölgələrdə fəaliyyət göstərən böyük mənəvi şəxsiyyətlər insanları bir araya gətirib, ortaq ideyaların və mədəni ənənələrin təcəssümünə xidmət ediblər.
Məhəmməd ibn Musa əl-Xarəzmi, Əbu Reyhan Biruni, İbn Sina, Mirzə Uluqbəy, Nizami Gəncəvi, İmam Tirmizi və Məhəmməd ibn Cürcani kimi şəxsiyyətlərin adlarını çəkən səfir bildirib ki, bu böyük alim və mütəfəkkirlərin adları dünya sivilizasiyasının əbədi xəzinəsinə həkk olunub.
"Bu gün bizim vəzifəmiz yalnız böyük əcdadlarımızla fəxr etmək deyil, həm də onların intellektual və mənəvi irsini davam etdirmək, elmi, incəsənəti və mədəni təcrübəni inkişaf etdirməkdir", – deyə Bəhram Əşrəfxanov vurğulayıb.











