Bəhram Əşrəfxanov: Ölkələrimiz arasında arasında əlaqələrin inkişafında dövlət başçılarının əməkdaşlığı mühüm rol oynayır

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlər uğurla inkişaf edir.
1news.az xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov "Özbəkistan və Azərbaycan: ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.
Səfir bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında səmərəli əməkdaşlıq ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.
O qeyd edib ki, Daşkənddə yerləşən İslam Sivilizasiyası Mərkəzi Özbəkistanın tarixi irsini və dünya sivilizasiyasına verdiyi böyük töhfəni beynəlxalq ictimaiyyətə tanıtmaq baxımından mühüm elmi mərkəzdir.
Bəhram Əşrəfxanovun sözlərinə görə, Mərkəzin yaradılmasında dövlət başçılarının ardıcıl səyləri həlledici əhəmiyyət daşıyıb. Özbəkistan Prezidentinin 2017-ci ildə BMT Baş Assambleyasının 72-ci sessiyasında irəli sürdüyü təşəbbüs ölkənin tarixi köklərinə bağlılığını, milli irsin qlobal səviyyədə tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə verilən önəmi əks etdirir.
Səfir vurğulayıb ki, Mərkəzin əsas məqsədi zəngin tarixi keçmişi gələcək nəsillər üçün ilham mənbəyinə çevirmək, elmin və təhsilin inkişafına, milli dəyərlərin təşviqinə, eləcə də ictimai həmrəyliyin möhkəmlənməsinə töhfə verməkdir.
O, Azərbaycan və Özbəkistanın elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin, tarixi yaddaşın birgə tədqiqinin, gənc tədqiqatçılar üçün proqramların hazırlanmasının və ortaq layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.
"Ən əsası, bugünkü konfrans birbaşa bu məqsədə xidmət edir. Diplomatiyanın qapıları açıqdır, elmi sərgilər fəaliyyət göstərir, mədəni irs qalereyaları isə öz vaxtını gözləyir. İslam Sivilizasiyası Mərkəzinin dialoq üçün yeni və həqiqətən unikal platformaya çevriləcəyinə inanıram. Bakı ilə Daşkənd arasında elmi, mədəni və humanitar əlaqələr daha da möhkəmlənsin!", – deyə Bəhram Əşrəfxanov bildirib.











