Valideynlərə tələb, məktəblərə güzəşt? - “Rəqəmsal məktəb”dən narazılıqlar

Təhsil sistemində rəqəmsallaşmanın genişləndirilməsi son dövrlər əsas müzakirə mövzularından birinə çevrilib.
Şagirdlərin və valideynlərin elektron platformalara cəlb olunması, təhsil məlumatlarının rəqəmsal mühitə keçirilməsi bu istiqamətdə atılan addımlardandır. Lakin rəqəmsallaşma yalnız valideyn və şagirdlərin yeni sistemlərə qoşulması ilə məhdudlaşmamalıdır. Belə ki, mövcud “Rəqəmsal məktəb” platformasında şagirdlərin qiymətləri, ev tapşırıqları və digər məlumatların əks olunmaması ilə bağlı valideyn narazılıqları var. Onların sözlərinə görə, bir sıra məktəblərdə platforma lazımi səviyyədə işlədilmir, məlumatlar mütəmadi yenilənmir.
Bu vəziyyət valideynlərdə haqlı suallar yaradır: Məktəb övladımızın qiymətlərini və ev tapşırıqlarını platformaya daxil etmirsə, biz tədris prosesini necə izləməliyik? Valideynlərdən rəqəmsal sistemlərə qoşulmaq tələb olunduğu halda, məktəblərin özlərinin həmin platformalardan lazımi səviyyədə istifadə etməməsi nə dərəcədə doğrudur? Rəqəmsallaşma prosesi yalnız valideynlərin üzərinə düşən öhdəliklərdən ibarətdir, yoxsa məktəblərin də bu istiqamətdə məsuliyyəti var?
Məsələ ilə bağlı 1news.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Elmin Nuri hesab edir ki, bu məsələyə yalnız rəqəmsal platformaların işləkliyi baxımından deyil, valideyn-məktəb münasibətləri kontekstində də yanaşmaq lazımdır.
Ekspertin sözlərinə görə, təhsil üçbucağının əsas tərəflərindən biri olan valideyn-məktəb münasibətlərində ciddi boşluqlar mövcuddur. Valideynlərin təhsil prosesində fəallığı əsasən ibtidai siniflərlə məhdudlaşır. Xüsusilə I-IV siniflərdə valideyn uşağının təhsilinə ciddi nəzarət edir, müəllimlə sıx əməkdaşlıq qurur. Lakin ibtidai təhsil mərhələsindən sonra bu nəzarət və dəstək funksiyası əksər hallarda xeyli zəifləyir.
Elmin Nuri qeyd edib ki, valideynlərin təhsilə marağının azalması rəqəmsallaşma prosesində də özünü göstərir. Onun fikrincə, yuxarı siniflərdə valideyn nəzarətinin zəifləməsi elektron platformalardan istifadəyə münasibətdə də müşahidə olunur. Məktəblər tərəfindən tələb edilməsinə baxmayaraq, valideynlərin bu prosesə qoşulması hər zaman eyni səviyyədə olmur.
Ekspert məsələnin digər tərəfinə də diqqət çəkib. Bildirib ki, valideynlərdən rəqəmsallaşma tələb olunduğu halda, məktəblərin özlərinin bu prosesə nə dərəcədə qoşulduğu da araşdırılmalıdır. Onun sözlərinə görə, “Rəqəmsal məktəb” platformasının hansı imkanlar təqdim etdiyi, valideyn, müəllim və şagird üçün nəzərdə tutulan funksiyaların nə dərəcədə işlək olduğu ayrıca monitorinq edilməlidir.
Elmin Nuri hesab edir ki, qiymətlərin, ev tapşırıqlarının və digər məlumatların platformada mütəmadi əks olunmaması valideynlərin tədris prosesini izləməsinə mənfi təsir göstərir. Platforma ilk növbədə öz texniki və təşkilati boşluqlarını aradan qaldırmalı, məktəblə valideyn arasında əlaqəni gücləndirməlidir. Yalnız bundan sonra valideynlərdən daha fəal iştirak gözləmək mümkündür.
Ekspert vurğulayıb ki, yuxarı siniflərdə də valideyn nəzarətini gücləndirmək üçün rəqəmsal əlçatanlıq artırılmalı, müəllimlərin sistemə adaptasiyası və məktəblərin texniki imkanları qiymətləndirilməlidir. Eyni zamanda, müvafiq dövlət qurumları və tədqiqat mərkəzləri platformaların mövcud vəziyyəti, istifadəsi və effektivliyi barədə mütəmadi hesabatlar açıqlamalıdır.
Qeyd edək ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlamışıq. Qurumun sorğumuza cavabı əldə olunduqdan sonra materiala əlavə ediləcək”.
Xatırladaq ki, daha əvvəl də şagirdlərin “myGov” platformasında fərdi hesablarının yaradılması məsələsi müzakirələrə səbəb olmuş, valideynlər azyaşlıların şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə etmişdilər











