Məktəblilərin “myGov” qeydiyyatı narazılıq yaratdı - Qurumlardan və ekspertdən AÇIQLAMA

Son vaxtlar məktəblərdə şagirdlərin “myGov” platformasında qeydiyyatdan keçirilməsi ilə bağlı valideynlərin narazılığı və sualları gündəmə gəlib.
Bildirilir ki, azyaşlı uşaqlardan fərdi hesab yaratmaq, bunun üçün isə “SİMA” kimi rəqəmsal tətbiqlərdən istifadə etmək tələb olunur. Halbuki valideynlər uşaqların şəxsi məlumatlarının idarə olunmasının məhz onların məsuliyyətində olduğunu, bu məlumatların valideyn hesabları üzərindən əldə edilməsinin mümkünlüyünü düşünürlər. Digər tərəfdən, uşaqların rəqəmsal təhlükəsizlik və fərdi məlumatların qorunması ilə bağlı kifayət qədər məlumatlı olmaması da narahatlıq doğurur. Bəs məktəblilərin bu platformalarda fərdi hesablarının yaradılmasına hansı zərurət var və bu proses nə dərəcədə məcburidir? Rəqəmsallaşma adı altında uşaqlara əlavə məsuliyyət və səlahiyyət verilməsi, onların şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı risklər yarada bilərmi?
Məsələ ilə bağlı 1news.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Elmin Nuri ilk növbədə valideyn və müəllimlərin bu təşəbbüsə münasibətinə diqqət çəkib.
O bildirib ki, istər yaxın, istərsə də nisbətən uzaq çevrəsindəki valideyn və müəllimlər arasında bu məsələyə müsbət yanaşan heç kimlə qarşılaşmayıb. Ekspertin sözlərinə görə, bu da təşəbbüsün cəmiyyətdə birmənalı qarşılanmadığını və onunla bağlı ciddi sualların yarandığını göstərir.
"Əvvəlcə bir detalı qeyd etmək istəyirəm. Səsləndirilən məsələ ilə bağlı ətrafımda olan - istər yaxın, istərsə də o qədər də yaxın olmayan çevrəmdəki bütün valideyn (təkrar edirəm, bütün valideyn) və müəllimlərdən pozitiv yanaşma eşitmədim. Valideyn valideyn olaraq bundan narazıdır, müəllim müəllim olaraq narazıdır.
Təbii ki, “myGov”, SİMA kimi tətbiqlər, yəni bu gün elektron hökumət bizim əsas prioritetlərimizdən biridir, çox vacibdir. Bir çox istiqamətlərdə işlərin sadələşdirilməsi, operativliyin artırılması və sürətləndirilməsi baxımından çox əhəmiyyətlidir. Düşünürəm ki, hazırda məktəblərdə çox iş var. Müəllim bilmir dərsini keçsin, sənədləşmə ilə məşğul olsun, rəqəmsal formata uyğunlaşsın, yoxsa neyləsin".
Müəllimlərin iş yükünün artmasına və təhlükəsizlik risklərinə diqqət çəkən ekspert sözlərinə belə davam edib:
"Və belə olan təqdirdə məktəblərdə bu, ən azı müəllimlərə çox əlavə bir yük olacaq. Mən artıq bir neçə valideyndən bununla bağlı müəyyən narazılığın olduğunu eşitmişəm. Müsbət tərəfləri varmı? Bəli, müsbət cəhətləri var və bir çox prosedurlarda yardımçı olacaq. İşlərin sadələşdirilməsi funksiyası indi olmasa da, gələcəkdə, məsələn, gələn il həmin şagirdlərin işinə çox yarayacaq. Amma bir məsələ də var: bu iş valideynlərin üzərində həyata keçirildikdə bəzi valideynlər narahat olurlar. Doğrusu, təhlükəsizlik parametrlərindən narahatdırlar.
Məsələn, mən bir valideyndən eşitdim: "Xeyir ola, mənim azyaşlı övladımın “mygov” və SİMA kimi tətbiqlərdəki şifrələri, giriş kodları məktəbdə, müəllimdə olmalıdır?" Bir tərəfdən haqlıdır. Təbii ki, biz hər hansı bir məktəbi, təhsil müəssisəsini və ya müəllimi şəxsi məlumatlara girişdə suçlaya bilmərik. Amma o da öz prizmasından haqlıdır. Yəni burada ortaq nöqtə nədir? Şəxsən mən də onu deməyə bir növ çətinlik çəkirəm".
Elmin Nuri problemin həlli üçün yaş həddi ilə bağlı öz təklifini də irəli sürüb:
"Düşünürəm ki, bu, ən azı ibtidai siniflərdə deyil, ondan yuxarı siniflərdə tətbiq olunsaydı, daha yaxşı olardı. Məsələn, yeddinci sinifdən yuxarı artıq daha yetkin uşaqlar var. Onlar SİMA kimi tətbiqlərdən müstəqil istifadə edə, daxil ola bilirlər, artıq telefonları da var. İbtidai sinifdəki azyaşlılar üçün isə bu, biraz çətinlik yaradacaq. Hətta adam tanıyıram ki, uşağı altıncı sinifdə oxusa da, yenə narahatlığını bildirir. Düşünürəm ki, bununla bağlı ortaq bir həll yolu tapıla biləcək".
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə rəqəmsal xidmətlərdən istifadənin əhatəliliyinin artırılması və təhsil sahəsində rəqəmsal imkanların inkişaf etdirilməsi çərçivəsində ümumi təhsil müəssisələrində şagirdlərin “mygov” platformasında fərdi hesablarının yaradılması ilə bağlı məlumatlandırma aparılır.
Qeyd olunub ki, təşəbbüsün əsas məqsədi hər bir şagirdin rəqəmsal mühitdə fərdi hesabının formalaşdırılması, təhsillə bağlı məlumatlarına və müvafiq təhsil sənədlərinə daha rahat çıxış imkanının təmin edilməsidir. Fərdi hesabların yaradılması bu xidmətlərdən daha operativ, rahat və əlçatan şəkildə istifadə olunmasına imkan verəcək.
“Bu istiqamətdə valideynlərə mobil telefonlarına “mygov” tətbiqini yükləmək və aktiv istifadə etmək tövsiyə edilir. Yaşı 7 və daha yuxarı olan şagirdlər üçün ayrıca hesabın yaradılması nəzərdə tutulur. Bu istiqamətdə çətinlik yaşayan valideynlərə ümumi təhsil müəssisələrində müvafiq məlumatlar verilir.
Qeyd edək ki, texniki baxımdan bir mobil telefonda bir neçə şagird üçün ayrıca “mygov” hesabı yaratmaq mümkündür”, - deyə qurumdan bildirilib.
Mövzu ilə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən də 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, platformadan istifadə vətəndaşlara dövlət xidmətlərinə rəqəmsal formada çıxış, fərdi məlumatlarının paylaşılmasına nəzarət və dövlət qurumları ilə rəqəmsal kommunikasiya imkanları yaradır.
Qeyd olunub ki, bu istiqamətdə görülən işlər “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində həyata keçirilir. Fəaliyyət Planına uyğun olaraq, rəqəmsal dövlət xidmətlərinin təşviqi və vətəndaşların bu xidmətlərdən istifadə imkanları barədə məlumatlandırılması istiqamətində tədbirlər görülür.
Agentlikdən bildirilib ki, 7 yaşdan yuxarı uşaqlar da “mygov” platformasında fərdi hesab yarada bilərlər. Bunun üçün uşağın ayrıca mobil telefona sahib olması zəruri deyil. Hesaba valideynin mobil telefonu və ya fərdi kompüter vasitəsilə də daxil olmaq mümkündür.
Bir cihazdan bir neçə ailə üzvünün hesabından istifadə etmək üçün əvvəlcə platformada açıq olan hesabdan çıxış etmək, daha sonra digər şəxsin hesabına daxil olmaq kifayətdir. Beləliklə, eyni cihazdan növbə ilə bir neçə istifadəçinin “mygov” hesabına daxil olmaq mümkündür.
Şəxsi mobil telefondan istifadə imkanı olan yuxarı sinif şagirdlərinə isə “mygov” mobil tətbiqini öz cihazlarına yükləyərək fərdi hesablarından istifadə etmələri tövsiyə olunur.
Beləliklə, təhsil sistemində rəqəmsal transformasiyanın genişlənməsi dövlət xidmətlərinə çıxışı sadələşdirməyə yönəlsə də, azyaşlıların fərdi məlumatlarının idarə olunması qaydaları müəyyən müzakirələrə yol açır. Rəsmi qurumlar texniki üstünlükləri və təhlükəsizlik alətlərini ön plana çəkdiyi halda, cəmiyyətdə istifadə rahatlığı və yaş həddinə uyğunluq məsələsi diqqətdə qalmaqdadır.












