Bakı Dövlət Universitetinin yeni rektoru Məleykə Abbaszadə kimdir? -DOSYE | 1news.az | Xəbərlər
Mövqe

Bakı Dövlət Universitetinin yeni rektoru Məleykə Abbaszadə kimdir? -DOSYE

Qafar Ağayev10:20 - Bu gün
Bakı Dövlət Universitetinin yeni rektoru Məleykə Abbaszadə kimdir? -DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Bakı Dövlət Universitetinin rektoru təyin olunub.

1news.az Məleykə Abbaszadənin tərcümeyi-halını və əmək fəaliyyətini təqdim edir.

Məleykə Abbaszadə kimdir?

Məleykə Abbaszadə 1953-cü ildə Bakı şəhərində anadan olub.

1970-ci ildə orta məktəbi bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama Riyaziyyatı və Kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirərək Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlayıb.

1975–1977-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor kimi çalışıb. 1977–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində fəaliyyət göstərib.

1988-ci ildə Kiyevdə Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.

1987–1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatikanın tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində çalışıb. 1989-cu ildən Azərbaycan Neft-Kimya İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərib.

1990-cı ildə Azərbaycan "İstedad" Assosiasiyası sədrinin birinci müavini seçilib və 1994-cü ilin avqustunadək bu vəzifədə çalışıb.

Tələbə qəbulu və Dövlət İmtahan Mərkəzində fəaliyyəti

1994-cü ilin avqustunda Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini təyin edilib.

1995-ci ilin yanvar–iyun aylarında, eləcə də 1996-cı ilin iyunundan 2000-ci ilin oktyabrınadək TQDK sədrinin vəzifəsini müvəqqəti icra edib. 2000-ci ilin oktyabrında isə komissiyanın sədri vəzifəsinə təyin olunub.

Prezidentin müvafiq sərəncamı ilə 12 aprel 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri təyin edilib.

23 iyul 2024-cü ildə isə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Prezident İlham Əliyevin son sərəncamları ilə Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzindəki fəaliyyəti başa çatıb və o, Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə gətirilib.

Paylaş:
35

Son xəbərlər

Bütün xəbərlər