Elektron uçot gənc ailələr üçün hansı imkanlar yaradacaq? - Deputatdan ŞƏRH

Azərbaycanda gənclərin inkişafı, onların təhsil, məşğulluq və sosial təminat imkanlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Son illərdə gənclərin potensialının üzə çıxarılması, əmək bazarına inteqrasiyası, sahibkarlıq fəaliyyətinə təşviqi və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif proqram və layihələr həyata keçirilir. Gənclərin bilik və bacarıqlarının artırılması, onların ictimai həyatda iştirakının genişləndirilməsi və sosial problemlərinin həlli üçün yeni mexanizmlər tətbiq olunur.
Xüsusilə gənc ailələrin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi və mənzil məsələlərinin həlli diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin daha səmərəli təşkili və real ehtiyacların müəyyənləşdirilməsi üçün əhalinin sosial vəziyyəti barədə dəqiq məlumatların əldə olunması da vacibdir.
Bu baxımdan ev təsərrüfatlarının elektron uçotunun aparılması yeni imkanlar yarada bilər. Sistem vasitəsilə gənc ailələrin sosial vəziyyətini və ehtiyaclarını daha dəqiq müəyyənləşdirmək mümkün olacaq. Toplanan məlumatlar əsasında dövlət dəstəyi tədbirlərinin planlaşdırılması və sosial proqramların hədəf qruplarına uyğunlaşdırılması asanlaşacaq.
Bəs ev təsərrüfatlarının elektron uçotu gənclərə və gənc ailələrə dövlət dəstəyinin daha ünvanlı göstərilməsinə necə təsir edəcək? Bu sistem mənzil, məşğulluq və sosial təminat sahələrində mövcud ehtiyacların müəyyənləşdirilməsinə, eləcə də yeni dəstək proqramlarının hazırlanmasına hansı töhfəni verə bilər?
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, ev təsərrüfatı uçotu dövlət idarəçiliyinin təkmilləşdirilməsi, sosial-iqtisadi planlaşdırmanın daha dəqiq aparılması və əhalinin real yaşayış şəraitinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
O bildirib ki, ev təsərrüfatlarının uçotu ilk baxışda statistik məlumatların toplanılması prosesi kimi görünsə də, əslində dövlətin əhalinin ehtiyaclarını daha düzgün müəyyənləşdirməsinə imkan verən genişmiqyaslı idarəetmə mexanizmidir:
“Ev təsərrüfatı uçotunun aparılması dövlət idarəçiliyinin təkmilləşdirilməsi, sosial-iqtisadi planlaşdırmanın daha dəqiq qurulması və əhalinin real yaşayış şəraitinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses ilk baxışda statistik məlumatların toplanılması kimi görünsə də, əslində dövlətin əhalinin ehtiyaclarını daha düzgün müəyyən etməsinə imkan verən idarəetmə mexanizmidir. Bu, bütün əhali qruplarına, o cümlədən gənc ailələrə də şamil olunur”.
Deputat qeyd edib ki, ev təsərrüfatı uçotu ailələrin tərkibi, məşğulluq vəziyyəti, gəlir mənbələri, mənzil şəraiti və sosial ehtiyacları barədə daha dolğun məlumat əldə etməyə imkan yaradacaq:
“Gənc ailələrə dövlət dəstəyi müxtəlif istiqamətlərdə həyata keçirilir. Ev təsərrüfatlarının uçotu vasitəsilə daha dəqiq məlumatların toplanması və ehtiyacı olan şəxslərin müəyyən edilməsi bu baxımdan mühüm alət kimi qiymətləndirilə bilər. Uçotun aparılması əhalinin sosial-iqtisadi vəziyyətini daha dəqiq müəyyənləşdirməyə imkan verir. Bunun əsasında ailələrin tərkibi, məşğulluq vəziyyəti, gəlir mənbələri, mənzil şəraiti və sosial ehtiyacları barədə dolğun təsəvvür formalaşır”.
Onun sözlərinə görə, əldə edilən məlumatlar cəmiyyətdəki sosial-iqtisadi fərqlərin daha dəqiq müəyyənləşdirilməsinə, gənc, aztəminatlı və digər ailə kateqoriyalarına dəstəyin təkmilləşdirilməsinə şərait yaradacaq:
“Bu məlumatlar əsasında dövlət cəmiyyətdə mövcud olan sosial-iqtisadi fərqləri daha düzgün müəyyən edə bilər. Nəticədə gənc ailələr, aztəminatlı ailələr və digər kateqoriyalara aid şəxslərə dəstəyin daha təkmil şəkildə həyata keçirilməsi üçün geniş imkanlar yaranır. İlkin məlumatların toplanması və bu məlumatlar əsasında qərarların verilməsi sosial dəstəyin göstərilməsi baxımından olduqca önəmlidir. Sosial siyasətin daha ünvanlı həyata keçirilməsi məhz ev təsərrüfatı uçotunun aparılması ilə mümkün olacaq”.
Azər Allahverənov vurğulayıb ki, hazırda sosial yardım və digər dəstək mexanizmləri, əsasən, müraciətlər əsasında həyata keçirilir. Bu prosesdə gənc ailələr də müəyyən imkanlardan yararlana bilsələr də, dəstək mexanizmlərinin daha sistemli və ünvanlı qurulması üçün yeni uçot sistemi mühüm rol oynaya bilər:
“Bu gün ünvanlı sosial yardım və digər dəstək mexanizmləri ev təsərrüfatlarının uçotu aparılmadan, yaxud ayrı-ayrı müraciətlər əsasında həyata keçirilir. Belə olan halda, dəstək üçün müraciət edən şəxslərin təqdim etdiyi məlumatlar əsasında qərarlar qəbul olunur. Yeni sistem isə bu prosesin daha rahat və çevik həyata keçirilməsinə imkan verəcək. Xüsusilə sistemin elektronlaşdırılması və mygov platformasına inteqrasiyası real olaraq yeni imkanlar yaradır”.
Deputat əlavə edib ki, məlumatların mərkəzləşdirilmiş elektron sistemdə toplanması müxtəlif dövlət qurumlarının sosial dəstəklə bağlı qərarları daha obyektiv və real vəziyyətə uyğun qəbul etməsinə kömək edəcək.
“Əvvəl məlumatlar ayrı-ayrı daşıyıcılarda, konkret ünvanlar və müraciətlər üzrə toplanır, daha sonra sistemə işlənirdi. Bu isə müvafiq qurumun konkret müraciətlə bağlı qərar qəbul etməsi ilə nəticələnirdi. İndi isə məlumatların mərkəzləşdirilmiş şəkildə mygov platformasında işlənməsi digər dövlət qurumlarının da prosesə cəlb olunmasına və sosial dəstəklə bağlı qərarların real vəziyyətə uyğun qəbul edilməsinə imkan yaradacaq. Bu, xüsusilə sosial baxımdan daha həssas vəziyyətdə olan gənc ailələrin müəyyənləşdirilməsi üçün vacibdir”.
Milli Məclisin deputatı hesab edir ki, gənc ailələr haqqında təfərrüatlı məlumatların toplanması onların mənzil, məşğulluq, sosial təminat və gəlirləri ilə bağlı vəziyyətinin daha dolğun qiymətləndirilməsinə şərait yaradacaq. Bu da müvafiq qərarların qəbuluna müsbət təsir göstərə bilər.
“Ev təsərrüfatı uçotu çərçivəsində gənc ailələrin mənzil şəraiti, məşğulluğu, sosial təminatı, gəlirləri və digər məsələlərlə bağlı məlumatların sistemə dolğun şəkildə daxil edilməsi həmin məlumatların daha sürətli əldə olunmasına və emalına imkan verəcək. Beləliklə, konkret gənc ailənin vəziyyəti barədə daha ətraflı məlumat toplamaq mümkün olacaq. Bu isə dəstək mexanizmlərinin formalaşdırılması və müvafiq qərarların qəbul edilməsi baxımından əhəmiyyətlidir”.
O bildirib ki, elektron uçot sistemi dövlət qurumları arasında məlumat mübadiləsini asanlaşdırmaqla sosial dəstək proqramlarının proqnozlaşdırılmasına, perspektivlərinin müəyyən edilməsinə, dinamikanın öyrənilməsinə və daha çevik qərarların qəbuluna imkan verəcək:
“Bu prosesdə ayrı-ayrı dövlət qurumlarının iştirakının və onların vahid informasiya mərkəzinə çıxışının mygov platforması üzərindən təmin edilməsi mühüm yenilikdir. Bu imkanlar sosial dəstək proqramlarının proqnozlaşdırılması, gələcək perspektivlərinin müəyyən edilməsi, dinamikanın öyrənilməsi və daha çevik qərarvermə prosesinin həyata keçirilməsinə şərait yaradacaq. Ev təsərrüfatı uçotunun aparılması bu baxımdan yeni imkanlar formalaşdırır”.
Deputat hesab edir ki, yeni sistem sosial dəstəyə ehtiyacı olan gənc ailələrin imkanlardan daha çevik şəkildə yararlanmasına, eyni zamanda, bürokratik əngəllərin azaldılmasına kömək edəcək.
“Ümumilikdə, sosial dəstəyə ehtiyacı olan gənc ailələrin mövcud imkanlardan yararlanması ev təsərrüfatı uçotu əsasında daha çevik və dinamik qərarların qəbul edilməsi ilə mümkün olacaq. Bu, müəyyən bürokratik əngəllərin və digər çətinliklərin aradan qaldırılmasına da şərait yaradacaq”.
Azər Allahverənov məlumatların toplanılması və emalı prosesində müasir texnologiyalardan, o cümlədən süni intellekt imkanlarından istifadənin də əhəmiyyətini vurğulayıb:
“İnformasiyanın toplanılması və emalında müasir texnologiyalardan, o cümlədən süni intellekt komponentlərindən istifadəni də nəzərə alsaq, elektron xidmətlərin genişləndirilməsi və bir çox proseslərin rəqəmsallaşdırılması sosial dəstəklə bağlı qərarların daha sürətli qəbuluna imkan yarada bilər. Bu, indiki şəraitdə təqdirəlayiq və metodoloji baxımdan mütərəqqi addım kimi qiymətləndirilir”.










