Ramzan Kadırov Goranboyda tapılan 104 yaşlı qadına köməklik edib
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Goranboyda tapılan 104 yaşlı çeçen qadına köməklik edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Çeçenistan vətəndaşı 104 yaşlı Mədinə Əliyeva Goranboyda donmuş halda tapılıb. İlkin yardım göstərildikdən sonra qadın Bakıdakı sığınacaqlardan birinə yerləşdirilib. M.Əliyeva Kərbəlaya ziyarət üçün gedirmiş. Lakin onu yolda aldadaraq Goranboyda atılıb. O, Çeçenistana qayıtmaq üçün köməklik istəyib. Onun bu istəyi mətbuatda dərc edildikdən sonra ölkə başçısı Ramzan Kadırov müvafiq qurumlara müraciət edərək kimsəsiz qadına köməklik göstərilməsini tapşırıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə R.Kadırov Mylistory səhifəsində yazıb:
“Son vaxtlar Rusiya və Azərbaycan KİV-də Çeçenistan sakini Mədinə Əliyevanın Goranboyda küçədə soyuqdan donmuş halda tapılması barədə xəbərlər yayılıb. Bütün məlumatlar bir mənbəyə istinadən yazılıb. Mən dərhal məsələnin dəqiqləşdirilməsi barədə göstəriş verdim.
Azərbaycan DİN əməkdaşları, qadının yerləşdirildiyi “Tereza Ana” sığınacağı və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyin rəhbərliyi, eləcə də M Əliyevanın özü ilə söhbətdən sonra məsələyə aydınlıq gətirildi. Xasavyurt rayonun Osmanyurt və Xasav-Yurt kəndlərində yaşadığını iddia edən qadın bildirir ki, onun heç bir qohumu yoxdu”.
Çeçenistan rəhbəri həmçinin qeyd edib ki, Osmanyurt kəndinin administrasiyasında qadın barədə heç bir məlumat yoxdur, lakin M.Əliyevanın bu kənddən olması barədə arayışı var.
“Çeçenistan Miqrasiya Xidmətinin məlumatına əsasən, 1914-cü il təvəllüdlü Mədinə Əliyeva Çeçenistanda heç bir sənəd almayıb və burada qeydiyyatda olmayıb. Ola bilsin ki, yaşının çox olması səbəbindən Mədinə Əliyeva harada yaşadığını dəqiq xatırlamır”, - Kadırov əlavə edib.
Ramzan Kadırov göstərişi ilə Çeçenistan nümayəndələri qadına baş çəkiblər, ona lazımi ərzaq veriblər:
“Bazar ertəsi Rusiya Səfirliyinin dəstəyi ilə Mədinə Əliyevanın Azərbaycandan Çeçenistana göndərilməsinə dair məsələ öz həllini tapacaq. Əsas odur ki, M.Əliyevaya hal-hazırda təcili kömək lazımdır. Bu kömək ona göstəriləcək. Onun haradan olması vacib deyil”.
S.Xankişiyeva