MEDİA-nın şöbə müdiri: “Dəstək göstərilən media subyektlərinin bəzilərinə xəbərdarlıq edilib, bəzilərinə isə...” - Müsahibə | 1news.az | Xəbərlər
Müsahibə

MEDİA-nın şöbə müdiri: “Dəstək göstərilən media subyektlərinin bəzilərinə xəbərdarlıq edilib, bəzilərinə isə...” - Müsahibə

Qafar Ağayev09:17 - 18 / 08 / 2022
MEDİA-nın şöbə müdiri: “Dəstək göstərilən media subyektlərinin bəzilərinə xəbərdarlıq edilib, bəzilərinə isə...” - Müsahibə

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli Agentliyin fəaliyyəti, Media Reyestri, saytlara və qəzetlərə dəstək, həmçinin media gündəminin digər aktual məsələləri ilə bağlı 1news.az-a müsahibə verib.

1news.az müsahibəni təqdim edir:

- Natiq bəy, Media Reyestri ilə bağlı görülən işlər hansı mərhələdədir?

- Media Reyestrinin yaradılmasının hüquqi əsası “Media haqqında” Qanundur. Reyestrin baza prinsipləri müvafiq Qanunda öz əksini tapıb. Media Reyestrinin aparılması qaydalarının layihəsi, həmçinin jurnalist vəsiqəsi və Media Reyestri Şəhadətnaməsinin formasına dair təkliflər Agentlik tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

- Mətbuata maliyyə yardımı ilə bağlı danışmağınızı istərdik. Cəmiyyətə belə bir fikir formalaşıb ki, əgər dövlət tərəfindən mətbuata yardım olunursa, həmin media qurumu üçün müəyyən çərçivələr müəyyənləşir. Əslində necədir? Bu yardım söz azadlığını məhdudlaşdırırmı?

- Agentlik mediaya 2008-ci ildə qəbul edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi konsepsiyasına istinad edərək müsabiqə əsasında dəstək göstərir. Agentliyin göstərdiyi dəstək heç bir halda sponsor dəstəyi ilə eyniləşdirilə bilməz, biz müsabiqə elan edirik və müsabiqənin əsasında da qalib gələn çap və onlayn media subyektlərinə dəstək göstərilir. Bu, yalnız ictimai və dövlət marağından irəli gələn layihələrin həyata keçirilməsi üçündür. “Media haqqında” Qanunda dövlətin vəzifələri konkret göstərilib. Bu vəzifələr media mühitinin qorunması, media subyektləri arasında rəqabətin təmin edilməsi və medianın inkişafına dəstək göstərilməsindən ibarətdir. Bu baxımdan MEDİA Agentliyinin verdiyi dəstək sponsor yardımı deyil, Azərbaycanda söz azadlığı və plüralizmin inkişafına göstərilən bir dəstəkdir.

“Reket jurnalistika” ilə mübarizə

- İllərdir, müxtəlif üsullarla qarşısı alınmağa çalışılsa da, mediada hələ də “reket jurnalistika”nın izlərinə rast gəlmək mümkündür. “Reket jurnalistikası”nın mənfi təzahürləri ilə mübarizə hazırda hansı səviyyədədir?

- Bu, əslində, bütün dünyada olan tendensiyadır. Azərbaycan mediası da bundan kənarda deyil. Ötən əsrin 70-ci illərində Amerikada formalaşmış “qonzo-jurnalistika” cərəyanı heç bir əxlaq prinsiplərinə əsaslanmırdı. Xatırlayırsınızsa, biz 44 günlük Vətən müharibəsi ərzində “WarGonzo” kanalının və onun aparıcısı Peqovun iyrənc fəaliyyətinin şahidi olduq. Azərbaycana gəldikdə isə “reket media” adlandırılan təzahürlə mübarizə ona görə effekt vermir ki, onu yaradan səbəblər ictimai fikirdə qalmaqdadır. Əvvəla qeyd edim ki, MEDİA Agentliyi hər hansı kriminallaşmış reket elementləri ilə mübarizə aparan qurum deyil. Lakin, jurnalist peşəkarlığından çıxış edərək bu neqativin qarşısını almaq üçün üç əsas istiqaməti sadalaya bilərəm. Birincisi, plüralizmin sərhədlərini daha da genişləndirmək lazımdır. Cəmiyyəti düşündürən bütün məsələlər və bütün tərəflərin mövqeyi ciddi mediada əksini tapdıqca, plüralizmin meydanı genişləndikcə “reket media”nın informasiya qaynaqları bir o qədər məhdudlaşmış olacaq. İkincisi, media etikasına ciddi riayət olunmalıdır. “Qonzo jurnalistika”, “reket media” adlandırılan şəbəkələr etik dəyərləri heçə sayır və jurnalistika prinsipləri ilə hesablaşmır. Bizim ciddi medianın ən güclü tərəfi peşəkarlığa və əxlaqa istinad etməsidir. Biz bu prinsiplərdən geri çəkildikcə yerimizi qeyri-peşəkarlar, təsadüfü adamlar, səriştəsizlər və simasını itirmiş adamlar tutacaq. Üçüncü şərt isə Azərbaycan mediasının maliyyə qaynaqlarının şəffaf olması ilə bağlıdır. Bəzi jurnalistlərə, eyni zamanda qeyri-peşəkar media şəbəkəsinə qeyri-rəsmi ödənişlər edilməməlidir. Dərk etmək lazımdır ki, kiminsə mediaya verdiyi qeyri-rəsmi ödənişlərin hər qəpiyi Azərbaycanın dövlət və ictimai maraqlarının, jurnalistika prinsiplərinin əleyhinə işləyir. Bu baxımdan, “Media haqqında” Qanunda da göstərilib ki, jurnalist konkret olaraq hər hansı media subyektində ardıcıl və gəlir əldə etmək məqsədilə fəaliyyət göstərməlidir. Müsabiqələrdə qoyduğumuz vacib şərtlərdən biri odur ki, ayırdığımız vəsait təyinatı üzrə xərclənməli, jurnalistin əmək haqqı dəqiq göstərilməli və redaksiyalardakı əmək münasibətləri hüquq müstəvisində tənzimlənməlidir. Maliyyə qaynaqlarının şəffaf olması, eyni zamanda medianın özünün cəmiyyət qarşısında hesabatlılıq səviyyəsinin yüksəlməsi “reket media”ya ciddi zərbədir. Digər tərəfdən Media Reyestrinin yaranmasından sonra Azərbaycanın media mühitinin sağlamlaşması istiqamətində inqilabi dəyişikliyin olacağına inanırıq.

- Medianın İnkişafı Agentliyi olaraq gələcəkdə sosial şəbəkələrlə bağlı hər hansı nəzarət mexanizmlərinin yaradılması və ya maliyyə dəstəyinin ayrılması nəzərdə tutula bilərmi?

- “Media haqqında” Qanun yalnız media subyektlərinə şamil edilir. Media subyektləri isə özlüyündə dörd yerə bölünür: çap mediası - qəzetlər, onlayn media - saytlar, audiovizual media – televiziya və radiolar və informasiya agentlikləri. Bundan kənarda qanun heç bir sosial şəbəkəyə şamil edilmir. İfadə azadlığı isə kifayət qədər geniş miqyaslıdır. Vətəndaşlar öz fikirlərini sərbəst şəkildə sosial şəbəkələrdə ifadə edə bilərlər. Təbii ki, hər kəsin öz rəyində qalmaq hüququ var. Əslində sosial şəbəkələr jurnalistika üçün yeni imkanlar deməkdir. Məsələn, əgər kimsə ənənəvi şəkildə israrla öz yazı tərzini davam etdirirsə, o təbii ki konvergensiya prosesində uduzacaq və yazısını heç kim oxumayacaq. Sosial media jurnalistika məhsullarının daha geniş auditoriyaya çatdırılması üçün bir fürsətdir, onlar ciddi medianın rəqibi deyil. Cəmiyyəti məlumatlandırmaq öhdəliyi yalnız jurnalistikanın üzərindədir. Sosial media istifadəçisinin belə bir öhdəliyi və etik məsuliyyəti yoxdur. Yox, əgər söhbət jurnalistin sosial şəbəkədəki fəaliyyətinin necə qurulmasından gedirsə, mən beynəlxalq təcrübəyə istinad edərək bununla bağlı fikirlərimi bildirə bilərəm. Dünyanın bütün ciddi media qurumlarının hamısının daxili etik davranış qaydaları mövcuddur və istənilən media qurumunda işə başlayan jurnalist onunla tanış olaraq, yazılı şəkildə razılığını bildirir. Məsələn, “Wall Street Journal” müxbirlərini şəxsi fikirlərini sosial şəbəkələrdə ifadə etməməyi və ya qəzetdə hələ dərc edilməmiş mövzuları müzakirə çıxarmamağı tövsiyə edir. “Associated Press” agentliyinin xəbər xidməti müxbirlərinə “Twitter”də öz fikrini bildirməyi, başqalarının yazdıqlarını “retweet” etməyi yasaqlayıb. Onlar hesab edirlər ki, jurnalistin sosial şəbəkədə başqalarının yazdıqlarını paylaşmasını oxucular həmin fikri onun bəyənməsi kimi anlaya bilər. Yaxud başqa bir nümunə, CNN-in baş redaktoru və Yaxın Şərq üzrə məşhur ekspert Octavia Nasr 2010-cu ildə “Hizbullah” terrorçusunun ölümü haqqında yazdığı başsağlığı “tweet”inə görə 20 illik işindən azad edilmişdi.

Dünya mediasının etika kodeksləri əməkdaşlar üçün məcburidir və onların pozulması media subyektlərinin nüfuzunun itirilməsinə gətirib çıxardır. MEDİA Agentliyi tərəfindən bu ilin aprelində media subyektlərimizə tövsiyə olunmuş redaksiya siyasəti və etik davranış qaydaları ilə bağlı sənəddə yeddi prinsipdən biri jurnalistin sosial mediada davranışı ilə bağlıdır. Yəni, jurnalistin sosial şəbəkədə davranışını digər həvəskarlardan fərqləndirən amil də onun çalışdığı redaksiyanın ictimai reputasiyasını nəzərə alması ilə bağlıdır.

Qocalan media menecmenti

- Müşahidələrimizə əsasən, istər onlayn, istərsə də ənənəvi mediada çalışan yaşlı jurnalistlərin gəncləri peşəkar kimi görməkdə çətinlik çəkdiyini söyləyə bilərik. Sizcə həqiqətənmi, gənclər mediada lazımi səviyyədə peşəkarlıq nümayiş etdirə bilmirlər?

- Jurnalistika yaradıcı sahədir. Burada hər hansı yaş məhdudiyyətinin tətbiq edilməsi absurddur. Buna baxmayaraq əxlaqi nüansları da unutmaq doğru deyil. Yaxşı aktyor vaxtında səhnəni necə tərk edirsə, bu, özünə hörmət qoyan bütün yaradıcı şəxslərə də aiddir. Bir dəfə də demişəm, Azərbaycanda media menecmentinin qocaldığını söyləmək mümkündür. Bizim bir çox problemlərimiz də məhz bundan irəli gəlir. Poznerin 88 yaşı olsa da, o yenə də jurnalist fəaliyyəti ilə məşğul olur. Amma Pozner heç vaxt mediada inzibati işdə çalışmayıb. Uğur Dündar 78 yaşındadır, populyar köşə yazarıdır, ancaq “Sözçü” qəzetinin meneceri deyil. Zasurski 90 ildən çox yaşayıb, 40 il Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı olub. Lakin ömrünün sonlarına yaxın sadəcə müəllimlik edirdi. Yaxud da yaşı 90-nı haqlayan Lyosa yenə də yazır. İnsanın özünü ifadə etməsi yaşla əlaqədar olmasa da, menecer fəaliyyəti birbaşa yaşla bağlı məsələdir. Azərbaycanda media menecmentinin qocalması hiss olunur. Hazırda yeni düşüncəli gənc nəsil formalaşıb və formalaşmaqdadır. Bu gəncliyin qarşısında sipər olmaq lazım deyil, bu gəncliyin qocalmasını gözləmək də həmçinin.

Təlimlərin jurnalistlərin peşəkarlaşmasında rolu

- Agentliyin yaranması Azərbaycan mediasına necə təsir edib?

- Agentliyin yaranması ilk növbədə mediada ənənəvi stereotipləri aradan qaldırdı. Medianın inkişafı ilə bağlı təkliflər hazırlanır, dövlət orqanları ilə medianın əməkdaşlığına yönəlmiş təşəbbüslər irəli sürülür, jurnalist peşəkarlığının artırılması istiqamətində fəaliyyət göstərilir. Qısa müddətdə mediada ənənəvi stereotiplər aradan qaldırıldı, bunu bizim müsabiqələrin formatında və miqyasında da görmək olar. Ümumiyyətlə, media öz fəlsəfəsi etibarı ilə bir biznes subyektidir, dövlət hər hansı bir media subyektinin yaranması və formalaşması təşəbbüsünü irəli sürmür, mövcud informasiya mühitinin qorunması istiqamətində işlər görür. MEDİA Agentliyi də işini məhz bu istiqamətdə qurur.

- Jurnalistlərin peşəkarlaşmasından danışdınız. Təşkil edilən təlimlərin jurnalistlərin peşəkarlaşmasında nə qədər rolu var?

- Təlimlər Azərbaycan mediasının tələblərindən irəli gələrək keçirilir. Nəyə ehtiyac varsa, hansı istiqaməti inkişaf etdirmək lazımdırsa, təlimlər də o istiqamətlərdə qurulur. Biz Vətən müharibəsindən çıxmış bir ölkəyik, bizdə hərbi jurnalistikanın inkişafına diqqət ayrılmalıdır. Bu baxımdan hərbi jurnalistikanın inkişafı ilə bağlı təlimlər olur və yaxud media menecmentini daha da təkmilləşdirmək lazımdır, buna ehtiyac var, bu istiqamətdə yerli və xarici təcrübəni öyrənərək təlimlər keçiririk. Agentliyin keçirdiyi təlimlərin hər birinin praktik əhəmiyyəti var, bunu təlimlərdə iştirak edən jurnalistlər özləri də görürlər. Biz də bunu müşahidə edirik, ən azından MEDİA Agentliyinin dəstəklədiyi media subyektlərinin demək olar heç birində peşə etikasının pozulması müşahidə olunmur, demək olar hər birində əmək münasibətləri hüquq müstəvisində öz yoluna düşüb, bir sıra qəzetlərimizin tərtibatında yeniliklər var. Bütün bunlar təlimlərdə verilən bilik və bacarıqlardan irəli gələn məsələlərdir.

Mediada reklam

- Media subyektlərinin özünü reklam büdcəsi ilə təmin etməsi məsələsində fikirlərinizi bilmək istərdik. Dövlət dəstək verirsə, media subyektlərinin özünü reklamlarla təmin etməsi yetərli deyil. Nəyə görə reklamçılar qəzetlərə, saytlara maliyyə ayırmaq istəmirlər?

- Biz bu məsələ ilə bağlı ötən il müxtəlif media subyektləri arasında sorğular keçirmişik. Bu sorğuların nəticələri təhlil olunub və müvafiq qurumlara göndərilib. Reklam iqtisadi rəqabətlə əlaqəli faktordur. Bütövlükdə “mediada reklam zəifdir” demək tam reallığı ifadə etmir. Çap və onlayn media ilə müqayisədə reklamların böyük bir payı audiovizual medianın, xüsusən də televiziyaların payına düşür. Bu da reklam sifariş verən tərəfin tələbindən asılıdır. Yəni biz hər hansı formada inzibati yolla deyə bilmərik ki, oxunmayan qəzetə və yaxud kifayət qədər baxış sayı olmayan sayta reklam verilsin. Bu, sahibkarın öz təşəbbüsüdür, bizim məqsədimiz isə medianın iqtisadi müstəqilliyinin gücləndirilməsində bu imkanlardan istifadə etməkdən ibarətdir.

- “Media haqqında” Qanun layihəsi parlamentdə qəbul olunduqdan sonra müəyyən tənqidlərin hədəfinə çevrildi. Bu tənqidləri əsaslı hesab edirsinizmi?

- “Media haqqında” Azərbaycan Respublikasının Qanunu dövlətin mediaya olan münasibətinin hüquqi göstəricisidir. Belə bir qanuna ehtiyac var idi. Qanunun bütün ruhu Azərbaycanda azad medianın fəaliyyətinin gücləndirilməsinə, jurnalistin nüfuzunun və media mühitinin sağlamlaşdırılmasına yönəlib. Jurnalist, həmçinin media subyektləri yalnız qanunu deyil media etikasını da əsas götürərək fəaliyyət göstərməlidirlər. “Media haqqında” Qanuna da diqqətlə baxsaq, bütün prinsiplərin media etikasıyla üst-üstə düşdüyünü görərik. Bu baxımdan, kimsə ciddi media subyekti kimi fəaliyyət göstərmək istəyirsə, bu qanun onun fəaliyyətini dəstəkləyir.

İxtisaslaşmış media qurumlarına dəstək

- Cəmiyyətdə belə bir fikir formalaşıb ki, Medianın İnkişafı Agentliyi xüsusi istiqamətlərdə ixtisaslaşan saytlara maliyyə dəstəyi ayırmır. Bununla bağlı gələcəkdə ixtisaslaşmış media subyektlərinə maliyyə dəstəyinin göstərilməsi planlaşdırılırmı?

- Konkret idman mövzusuna gəldikdə, Azərbaycan mediasının ona ənənəvi münasibəti var idi. Xüsusən bizim qəzetlərdə idman 13 ya da 14-cü səhifənin materialı olub və ondan qabağa getməyib. İdman jurnalistikası ictimai-siyasi məzmunlu jurnalistikanın fonunda, demək olar ki, görünməz idi. Mediada onlayn seqmentin güclənməsi bu ənənəvi münasibəti aradan qaldırmış oldu. Medianın İnkişafı Agentliyi yarandıqdan sonra idman jurnalistləri ilə görüşlər keçirildi və qərara alındı ki, bu sahəyə də dəstək göstərilsin. Müsabiqədə yardım ayrılan 39 onlayn media subyektindən 33-cü ictimai-siyasi məzmunlu, 6-sı isə idman saytlarıdır. İdman jurnalistləri bizim fərdi müsabiqələrimizdə də fəallıq göstərirlər. Digər sahələrdə ixtisaslaşan mediaya gəldikdə isə keçirdiyimiz müsabiqənin özünəməxsus standartları var. Məsələn, müsabiqəyə ondan çox idman saytı müraciət edirsə, yarış onların arasında keçirilir. Lakin tutaq ki, kulinariya və ya əmlak məsələləri üzrə hər hansı saytın müsabiqədə iştirakının mənası qalmır, çünki o saytlarla yarışacaq digər media subyektləri ya yoxdur, ya da müsabiqəyə müraciət etmir. Müsabiqədə iştirak elə səviyyədə olmalıdır ki, burada rəqabətlilik prinsipi qorunsun.

- Qanunların hazırlanma mərhələsində işçi qrupları, adətən, müxtəlif ölkələrin təcrübələrindən yararlanır. Bəs “Media haqqında” Qanunda hansı ölkələrin təcrübəsindən istifadə olunub?

-“Media haqqında” Qanun hazırlanarkən konkret bir və ya iki ölkənin təcrübəsinə istinad olunmayıb. Bütün dünyada və beynəlxalq təcrübədə olan media qanunları öyrənilib, orada əks olunan prinsiplər “Media haqqında” Qanunda da öz əksini tapıb. Xüsusən də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalarda və Azərbaycanın yerli qanunvericiliyində olan prinspilər hamısı media qanununda da öz əksini tapıb.

- Azərbaycan 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vurub. Bəs informasiya müharibəsində necə, qalib tərəf hesab oluna bilərikmi?

- İnformasiya müharibəsi anlayışı kifayət qədər genişdir və jurnalistika onun tərkib hissəsini təşkil edən əsas elementlərdən biridir. Biz bu cəbhədə ciddi nailiyyət əldə etmək istəyiriksə, informasiyaya davranışımıza yenidən baxmalıyıq. İnformasiyaya münasibətdə nə qədər təşəbbüskar olsaq, bir o qədər uğur əldə edə bilərik. Jurnalistika informasiyanın daxil olduğu qlobal kommunikasiyanın tərkib hissəsidir. Cəmiyyətin məlumatlandırılması prosesində informasiya mənbəyi ilə jurnalistika arasında qarşılıqlı əlaqə olmalıdır, onlar vahid bir güc kimi çıxış etməlidirlər. Əks təqdirdə, hər hansı informasiya vakumu yarandıqda bunun məsuliyyətini hamımız daşıyırıq.

Jurnalistlərə ayrılan diqqət

- Artıq media işçilərinə də güzəştli ipotekanın verilməsi nəzərdə tutulub, bu barədə nə deyə bilərsiniz?

- “Media haqqında” Qanun təsdiq edildiyi gün güzəştli ipoteka kreditinin verilməsi qaydalarında da dəyişiklik edilməsi haqqında Prezidentin Fərmanı oldu. Jurnalistlərin cəmiyyətin seçilmiş təbəqələri sırasına daxil edilməsi media ictimaiyyətində ruh yüksəkliyi yaratdı. Bu, dövlət başçısının göstərdiyi böyük etimaddır. Jurnalistin üzərinə hər hansı öhdəlik qoymadan ona digər vətəndaşlar kimi sosial ipotekadan yararlanmaq fürsəti yaradılır. Bu da öz növbəsində bayaq qeyd etdiyim ki, redaksiyalarda əmək münasibətlərinin şəffaf olmasından asılıdır. O halda sosial ipotekadan yararlana bilərsiniz ki, gənc ailə kateqoriyasına daxilsiniz və əmək müqaviləsinə əsasən 5 il iş təcrübəniz var. Gənc ailə kateqoriyasına daxil deyilsinizsə, sizdən 15 il iş təcrübəsi tələb olunur. Artıq bu halda jurnalist özü fikirləşməlidir ki, onunla qeyri-rəsmi əmək münasibətləri olmasın. Eyni zamanda Qaydalara müvafiq olaraq jurnalistlərin Reyestrə daxil edilmiş olması tələblərdən biri kimi müəyyənləşdirilmişdir.

- Qeyd etdiniz ki, bəzi redaksiyalarda çalışan jurnalistlərin maaşlarında şəffaflıq prinsipləri lazımi səviyyədə qorunmur. Bununla bağlı MEDİA hər hansı monitorinq aparırmı?

- 39 onlayn media və 16 qəzet bizim dəstək proqramımızda iştirak edir. Siz onların hər birinin redaksiya şəraiti ilə tanış olsanız, görərsiniz ki, əmək münasibətləri hüquq müstəvisində tənzimlənir. Lakin bu, yalnız MEDİA ilə əməkdaşlıq edən qəzetlərdə, saytlarda olmalı deyil.

Agentliyin maliyyə yardımını dayandırdığı media qurumları

- Natiq bəy, maraqlıdır, dəstək göstərilən media subyektləri arasında qaydalara uyğun davranılmadığını aşkar etdiyiniz və bu səbəbdən maliyyə yardımını dayandırdığınız saytlar və ya qəzetlər olubmu?

- Keçən mövsümdə aparılan ciddi monitorinqlər indi də davam etməkdədir. Bəli, 39 onlayn media subyektinə göstərilən dəstək bəzilərində dayandırılıb, bəzilərinə ciddi xəbərdarlıq edilib, bəzilərinə isə maliyyə sanksiyaları tətbiq edilib. Lakin biz bununla bağlı ictimaiyyətə məlumat vermədik və həmin redaktorlarla söhbət etdik. Agentliyin rəhbərliyi düşündü ki, saytlara edilmiş xəbərdarlıqla bağlı cəmiyyətə məlumat verməyimiz onların reputasiyasına təsir göstərə bilər. Monitorinqin gedişi barəsində, yalnız bizdən dəstək alan media subyektlərinin özlərini məlumatlandırırıq. Keçən həftə agentliyin rəhbərliyi ilə ilin ikinci yarısı üçün maliyyə alan media subyektlərinin baş redaktorlarının görüşündə monitorinqlərin bundan sonra da ciddi formada davam etdiriləcəyini bildirildi.

- Bəs dəstək göstərdiyiniz media subyektlərində daha çox hansı qayda pozuntuları aşkarlanır?

- Biz medianın yaratdığı məzmuna və redaksiya siyasətinə qarışmır, əksinə hörmətlə yanaşırıq. Monitorinq əvvəlcədən elan edilmiş müsabiqə şərtlərindən irəli gələn qaydalara əməl olunmasının təhlilinə yönəlib. Məsələn, bəzən gündəlik 20 öz material tələbinin yerinə yetirilməsində müəyyən çatışmazlıqlar diqqətimizi çəkir. Eyni zamanda Azərbaycan ədəbi dilinin normalarının pozulması, bəzən materialların qeyri-peşəkar işlənməsinin şahidi oluruq. “Copy paste” halları və müəllif hüquqları ilə bağlı şikayətlər də daxil olur ki, onların araşdırılmasını zəruri hesab edirik. Öz növbəsində media nümayəndələri də bu istiqamətində səylərimizin artırılmasını dəstəkləyirlər.

Foto: Nadir İbrahimli

Müsahibəni rus dilində oxumaq üçün: Завотделом MEDİA: «Некоторым субъектам медиа, которым оказывается финподдержка, сделано предупреждение, а некоторых…»

Paylaş:
4333

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər