Vətən müharibəsində zəfərin ayaq səsləri – Aprel döyüşləri şahidlərinin dilindən - FOTO
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ordumuzun ön xətt mövqeləri və yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə tutulmuş və nəticədə bölmələrimiz əks-həmlə əməliyyatı keçirərək düşmən təxribatının qarşısını almışdır.
5 aprel 2016-cı il tarixinə qədər davam edən bu 4 günlük döyüşlər Ermənistan silahlı qüvvələri barədə deyilənlərin miflərdən ibarət olduğunu göstərməklə yanaşı Azərbaycan Ordusunun gücünü, əzəmətini nümayiş etdirdi.
Ermənilərin keçilməz adlandırdığı “Ohanyan xətti”ni Azərbaycan Ordusu Aprel döyüşləri qısa müddətdə yarmaqla “Ohanyan xətti” ilə bağlı deyilənlərin mifdən ibarət olduğunu ortaya çıxardı.
Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Aprel döyüşlərində bəzi ərazilər azad edildi. Belə ki, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ Təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz (indiki Suqovuşan) kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
Döyüşlər zamanı Ermənistan ordusunun 320-dən çox canlı qüvvəsi məhv edildi, 500-dən çoxu yaralandı, çox sayda tanklar və digər zirehli texnika vuruldu.
Aprel döyüşləri zamanı qazandığımız qələbəni həm də Vətən müharibəsinə aparan qələbə adlandırmaq olar.
1news.az-ın əməkdaşları Aprel döyüşlərində iştirak edən hərbçilərlə həmsöhbət olub.
Həm Aprel döyüşləri, həm də Vətən müharibəsinin iştirakçısı olan Quru Qoşunlarının zabiti polkovnik-leytenant İlham Hüseynov deyib ki, Aprelin 1-dən 2-nə keçən gecə idi, düşmənin təxribatının qarşısını almaq üçün əks-hücum əməliyyatı başlandı.
“Əks-həmlə zamanı ermənilərin keçilməz sədd hesab etdiyi “Ohanyan səddi”ni bir neçə dəqiqə içərində yarıb keçdik və strateji yüksəklikləri düşməndən azad etdik. Strateji obyektləri düşməndən azad etməyimizin üstünlükləri ondan ibarətdir ki, təminat yolları, bölmələrimizin fəaliyyətini və yaşayış məntəqələrini düşmənin müşahidəsindən çıxardıq.
O deyib ki, Azərbaycan əsgərləri bu əməliyyatın keçirilməsini illərlə gözləyirdi.
“Bütün əsgər və zabit heyəti illərlə gözləyirdi ki, düşmən tapdağı altında olan torpaqlarımızı azad etsin. Əsgərlərimizin ruh yüksəkliyi, peşəkarlığı, təhsili, müasir texnikalardan istifadə bacağınının yüksək olması düşməni torpaqlarımızdan çıxarmağımıza gətirib çıxardı”.
Polkovnik-leytenant qeyd edib ki, Aprel döyüşləri Vətən müharibəsinin ayaq səsləri oldu.
“Aprel döyüşləri Vətən müharibəsi zəfərinin təməlini qoydu. Mən özüm həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində iştirak etmişəm. Aprel döyüşlərində azad etdiyimiz yüksəkliklər Vətən müharibəsində çox köməyimizə çatdı. Vətən müharibəsində sona kimi iştirak etmişəm, Laçına qədər gedib çıxa bilmişəm. Azərbaycan Ordusu o qədər güclüdür ki, Ermənistan ordusu ilə heç bir zaman müqayisə oluna bilməz. Bizim ordunun peşəkarlığı düşmən ordusunun peşəkarlığından dəfələrlə üstündür. Buna nümunə olaraq Aprel döyüşləri və Vətən müharibəsini göstərmək olar”.
Aprel döyüşləri və Vətən müharibəsində iştirak edən daha bir hərbi qulluqçu- Quru Qoşunlarının zabiti kapitan Tural Xəlilov bildirib ki, Aprel döyüşləri baş verən ərəfədə xidmətdə olub.
“ 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə təxminən gecə saat 2 radələrində baş verib. Aprel döyüşləri son dövrlərdə qazandığımız ard-arda uğurların bir başlanğıcı idi. 2016-cı ilin aprel ayında həyata keçirilən əks-hücum əməliyyatında Azərbaycan Ordusunun əsas hədəfi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın kəndlərdə yaşayan və qarşı tərəfin atəşinə məruz qalan vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün erməni hərbi birləşmələrinin atəş nöqtələrini zərərsizləşdirmək idi. Qısa bir zamanda düşmənin həmlə xəttini yardıq, döyüş mövqelərini məhv etdi, müdafiə mövqelərini darmadağın etdi. Azərbaycan Ordusu Aprel döyüşləri zamanı düşmən üçün vacib olan strateji yüksəklikləri ələ keçirdi. Talış kəndi bizim üçün əhəmiyyətli yerlərdən biri idi, Talış kəndini, Lələ Təpə yüksəkliyini ələ keçirməklə üstünlük qazandıq”.
Kapitan bildirib ki, hər bir Azərbaycan əsgəri öz xalqından aldığı ruhla döyüşürdü.
“Vətənpərvərlik ruhu hər birinin üzündə, gözündə əks olunurdu. Dünya azərbaycanlılarının həmrəyliyi, xalq-dövlət birliyi Aprel döyüşlərində qazandığımız qələbənin əsas amillərindən biri idi. Poliqon və təlim mərkəzlərində keçdiyimiz təlimlərlə biz bir daha sübut etdik ki, döyüşdə qalib olmaq üçün hazırlıqlı olmaq lazımdır. Məqsədimizə nail olduq, həmin milli ruhla da bu gün də xidmətimizi davam etdiririk”.
Tural Xəlilov deyib ki, o, həm də 44 günlük Vətən müharibəsində iştirak edib.
“Vətən müharibəsi zamanı Qubadlı-Laçın istiqamətlərində döyüşmüşəm. Özüm Şuşada doğulmuşam. Aprel döyüşləri zamanı əldə etdiyimiz yüksəkliklər Vətən müharibəsi zamanı bizim üçün böyük əhəmiyyət kəsb etdi. O yüksəkliklərdən istifadə edərək düşmən üzərində üstünlük əldə edirdik”.
O, bildirib ki, Ermənistan ordusu bu məğlubiyyətlərdən sonra dərs çıxarmalıdır:
“Anlamalıdırlar ki, onların qarşısında güclü Azərbaycan Ordusu var, bundan sonra da edəcəkləri həmlələr boşa çıxacaq. Azərbaycan Ordusunun hazırlığı qarşısında Ermənistan hər hansı bir müqavimət göstərə bilməz”.