Sərdar Fərəcov: “Vahid geyim tərzinin tətbiqi vaxtında atılmış addımdır və hamımız bunu dəstəkləməliyik”
“Məktəbli forması yeni mövzu deyil, keyfiyyətli təhsilin olduğu yerlərdə bu məsələyə həmişə xüsusi önəm verilib”.
Bu fikirləri Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov 1news.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, XIX əsrdə Azərbaycanın ilk maarifçiləri, müxtəlif universitet və gimnaziyalarda təhsil alan gənclər də oxuduqları təhsil müəssisələrinə məxsus geyimlərdən istifadə ediblər.
“XIX əsrdə Azərbaycanın ilk maarifçilərinin, müxtəlif universitet və gimnaziyalarda təhsil alan gənclərin fotolarını görmüşük. Həmin şəkillərdə onların oxuduqları təhsil müəssisələrinin geyimlərini daşıdıqları aydın görünür. Bu, insanda xüsusi hörmət və maraq doğurur. Həmin geyimlərin özünəməxsus fərqləndirici xüsusiyyətləri də olub. Məsələn, texniki təhsil alanların bir, tibb təhsili alanların isə başqa fərqləndirici nişanları olub. Bütün bunlar cəmiyyət tərəfindən düşünülmüş və həyata keçirilmiş yanaşmalar idi”, – bəstəkar vurğulayıb.
Sərdar Fərəcovun fikrincə, vahid məktəbli formasının tətbiqinin müsbət tərəfləri daha çoxdur. O hesab edir ki, belə geyim təhsilin bütövlüyünü və əhəmiyyətini əks etdirməklə yanaşı, onun nüfuzuna inamı da gücləndirir.
“Bu baxımdan, Azərbaycanın bu gün yenidən həmin ideyaya qayıtmasına yalnız sevinmək lazımdır. Azərbaycan artıq dünyada öz mövqeyi olan dövlətdir. Narazılıq edən bəzi insanlar da bu məsələyə daha geniş prizmadan yanaşmalı, cəmiyyət və dövlət haqqında düşünməlidirlər. Məncə, bu, vaxtında atılmış ciddi addımdır. Məktəblilərin hər birinin fərqli geyimdə olduğu, vahidliyin qorunmadığı vəziyyət onların xeyrinə deyil”, – Xalq artisti bildirib.
O, vahid məktəbli formasının tətbiqinin cəmiyyət tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb. Sərdar Fərəcovun sözlərinə görə, eyni geyim uşaqlar arasında bərabər münasibətlərin formalaşmasına kömək edir.
“Uşaqlar bir-birlərini eyni geyimdə gördükdə, təbii ki, aralarındakı münasibətlər də daha normal olacaq. Biri bir rəngdə, digəri başqa rəngdə, özü də bahalı geyimdə olanda istər-istəməz fərqli münasibətlər ortaya çıxır. Vahid məktəbli forması isə uşaqlar arasında bərabərliyin qorunmasına xidmət edir”, – o qeyd edib.
Xalq artisti bəzi din xadimlərinin vahid məktəbli geyimi məsələsini hicaba qarşı yönəlmiş addım kimi təqdim etməyə çalışmasına da münasibət bildirib. Onun fikrincə, bu cür yanaşmalar cəmiyyətdə qarşıdurma və ayrı-seçkilik yaratmağa xidmət edir.
Sərdar Fərəcov hesab edir ki, dünyagörüşü hələ tam formalaşmamış və yetkinlik yaşına çatmamış uşaqların hicab taxmağa yönləndirilməsi düzgün yanaşma deyil.
“Əksinə, dünyagörüşü hələ tam formalaşmamış, yetkinlik yaşına çatmamış məktəblilərin hicab taxmağa cəlb edilməsi düzgün deyil. Çünki onların gələcəkdə hansı seçimə üstünlük verəcəkləri hələ məlum deyil. Heç kim dini inkar etmir. Lakin insanın dini inanclarının formalaşması üçün zamana, həyat təcrübəsinə və mənəvi yetkinliyə ehtiyacı var. Buna görə də uşaqların kiçik yaşlarından hicab taxmağa yönləndirilməsi müəyyən mənada istismar kimi qiymətləndirilə bilər”, – bəstəkar bildirib.










