Elman Nəsirov: Azərbaycanda ictimai-siyasi sabitlik və xalq-hakimiyyət birliyi hökm sürür

Bu gün – oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Prezidentin çıxışında toxunduğu mühüm mövzulardan biri azərbaycançılıq ideologiyası, onun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi missiyası və bu ideologiyanın müasir Azərbaycan dövlətçiliyindəki roludur. Azərbaycanın tarixən müxtəlif etnik, dini və mədəni qrupların harmonik şəkildə yaşadığı məkan kimi formalaşması, eləcə də dövlətçilik tariximizin müxtəlif mərhələlərinin bu baxımdan əhəmiyyəti diqqət çəkən məsələlərdəndir.
Mövzu ilə bağlı 1news.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov Prezidentin çıxışından irəli gələn məqamları şərh edib.
Deputat Azərbaycanda ictimai-siyasi sabitlik və xalq-hakimiyyət birliyinin mövcudluğuna diqqət çəkib:
“Cənab Prezident ilk növbədə vurğuladı ki, bu günlərdə Azərbaycanda ictimai-siyasi həmrəylik, ictimai-siyasi sabitlik hökm sürür, xalqımız birdir və bu günlərdə xalq-hakimiyyət birliyi hökm sürür. Azərbaycanda səfərbər olunmuş cəmiyyət var, vətəndaş həmrəyliyi mövcuddur və bu, bizim bütün uğurlarımızın kökündə dayanan fundamental səbəbdir.
Eyni zamanda, cənab Prezident bu reallıq fonunda ölkəmizdə sabitliyin pozulmasına yönəlmiş beynəlxalq cəhdlərə də diqqət cəlb etdi və qeyd etdi ki, bunlar ölkə xaricindən baş verir və xüsusilə də ideoloji təzyiqlər şəklində özünü göstərir, ideoloji təhdidlər şəklində özünü göstərir. İdeoloji basqılar sərhəd tanımır, onlar cəmiyyətin içinə sızdırılır və çalışırlar ki, cəmiyyətimizdəki bu həmrəyliyi pozsunlar, vətəndaş itaətsizliyi yaratsınlar. Amma bu baş vermir, səbəb odur ki, Azərbaycanda ictimai-siyasi sabitlik var və xalq özü xalq-iqtidarını dəstəkləyir və müdafiə edir”.
Deputat Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı Prezidentin fikirlərini də diqqətə çatdırıb:
“Eyni zamanda, cənab Prezident Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələlərə diqqət cəlb etdi və qeyd etdi ki, sülh müqaviləsi paraflanıb və onun məntiqi sonluğuna çatdırılması istiqamətində də bir addım atırıq. Biz müharibə yolu ilə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmişik. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri 30 il ərzində icra olunmadı və Azərbaycan Qarabağla bağlı həmin qətnamələrin icrasını təmin etdi.
Sonra isə siyasi-diplomatik danışıqlar yolu ilə biz həllini gözləyən məsələləri tənzimləyirik və sülh müqaviləsinin imzalanmasında maraqlıyıq, bu istiqamətdə də addımlar atırıq”.
Elman Nəsirov Prezidentin çıxışında azərbaycançılıq ideologiyasının əhəmiyyətinə də toxunub:
“Eyni zamanda, cənab Prezidentin çıxışında azərbaycançılıq ideologiyasının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi missiyasına da diqqət cəlb edildi və bu ideologiyanın müasir Azərbaycan dövlətçilik konsepsiyasında roluna xüsusi əhəmiyyət verildi. Bildirildi ki, Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq ideologiyasını bir dövlət tərifi səviyyəsinə qaldırdı”.
Və söyləyəndə ki, “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, bu ifadə Azərbaycan cəmiyyətində birləşdirici rol oynayır. Azərbaycan cəmiyyəti çoxmillətli, çoxkonfessiyalı və çoxmədəniyyətlidir. Bu reallıq fonunda həmin ifadənin özü birləşdirici rol oynayır. Elə Konstitusiyamızda da dövlət dilinin məhz Azərbaycan dili şəklində ifadə olunması cəmiyyətimizdəki harmoniya və birliyə xidmət edir. Hər bir vətəndaşımız müxtəlif etnoslara mənsub olsa da, hər biri bilir ki, bir Vətənimiz var, o da Azərbaycandır, dilimiz Azərbaycan dilidir”.
Deputat azərbaycançılıq ideologiyasının Vətən müharibəsində təzahür etdiyini vurğulayıb:
“Bu ideologiyanın təntənəsini xüsusilə də İkinci Qarabağ müharibəsində gördük. Torpaqlarımızın işğaldan azad olunması prosesində Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri tarixi qəhrəmanlığa imza atırdılar. Doğrudan da, bu, möhtəşəm hadisədir və Ümummilli Lider Heydər Əliyevin dövlət tərifi səviyyəsinə qaldırdığı azərbaycançılıq ideologiyasının təntənəsi kimi də qiymətləndirilə bilər”.









